Məhkəmə qərarları › İş №3(021)-729/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-729/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-729/2024 09.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X14 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 nümayəndəsi X5, şikayətçi X6 iştirakları ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 inzibati xəta haqqında 05 iyun 2024-cü il tarixli MN ******* nömrəli qərarından X6 (bundan sonra şikayətçi və Məzahir Əliyev) vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 05 iyun 2024-cü il tarixli MN ******* nömrəli qərarına əsasən X10 Azərbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. Məzahir Əliyev məhkəməyə şikayət verərək inzibati xəta hadisəsi olmadığından Azərbaycan Respublikası Qida X3-X11 tərəfindən tərtib edilmiş 05 iyun 2024-cü il tarixli, MN 135918 saylı qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məzahir Əliyev şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qida X3-X11 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3cü maddəsinə əsasən 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, hazırki iş üzrə cavabdeh- Azərbaycan Respublikası Qida X3-X11 tərəfindən tərtib edilmiş 05 iyun 2024-cü il tarixli, MN №135918 saylı qərarı ilə 1.500 (bir min beş yüz) manat cərimə ləğv edilməlidir. Kənd təsərrüfatı mallarının alqı-satqısı ilə məşğuldur. Yerlərdə müxtəlif adda məhsulları alıb, satışını həyata keçirir. Hamıya məlumdur ki, kartof məhsulu Cəlilabadda istehsal olunur. Oradan kartof məhsullarını alıb hazırki iş üzrə cavabdeh təşkilatın karantin postundan keçirərkən kartofdan götürülmüş analizlərin nəticəsinə görə inzibati cərimə olunmuşam. Cərimənin hesablanması qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, kəndlidən kartofu alarkən haradan bilə bilər ki, kartof məhslu standartlara cavab vermir. Qida Təhlükəsizliyi əməkdaşları 100 hektarla ərazidə monitorinq keçirib analiz nümunəsi götürsə, onun kimi sahibkarlar da əvvəlcədən bilər ki, həmin ərazidən kənd təsərrüfatrı məhsulunu almaq olar, ya olmaz. Nəzərə alsaq ki, kartofun çıxarılmasına, kisələr alınmasına və kisələrə yığılmasına külli miqdarda xərc çəkərək zərərə düşmüşdür, üstəlik 1.500 manat cərimə edilməsi bir sahibkar kimi onun maddi vəziyyətinə çox mənfi təsir edir. Hansı ki, Dövlət Başçısı cənab İlham Əliyev sahibkarların fəaiyyətinə yaradılmış süni əngəllərin aradan qaldırılması üçün mütəmadi qərarlar verir və bu barədə tapşırıqlar verir. Hesab edir ki, cavabdeh-Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 qərarı qüvvəyə minəcəyi halda, bu həm məhsulun bahalaşmasına, həm də onun kimi onlarla sahibkarın iflasa uğramasına səbəb olacaq. Hesab edir ki, barəsində qəbul edilmiş 05 iyun 2024-cü il tarixli, MN №135918 saylı qarara xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi Məzahir Əliyev şikayətdə göstərdiklərini bir daha təsdiq edərək Azərbaycan Respublikası Qida X3-X11 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddəsi ilə qəbul edilmiş 05 iyun 2024-cü il tarixli MN 135918 saylı qərarının ləğv edilməsi və barəsində İXM-nin 447.0.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 nümayəndəsi X8 göstərdi ki, tərəflərində mütəmadi olaraq istehsal sahələrinin manitorinqi keçirilir. Məzahir Əliyevin apardığı kartof məhsulundan nümunələr götürülmüş və standartlara cavab vermədiyi müəyyən olunmuşdur. Sonuncuya kartof sahəsini təqdim etməsi təklif olunmuş, Məzahir Əliyev əkinlə məşğul olmadığını bildirmiş və sahəni təqdim etməkdən imtina etmişdir. Məhsul standartlara cavab vermədiyindən Məzahir Əliyevlə telefon əlaqəsi saxlanılmış və yükü təqdim etməsi tələb edilmiş, lakin sonuncu yükü təqdim etməmişdir. Bu səbəbdən də Məzahir Əliyev barəsində Azərbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İstehsalçı onlara lazımdır, çünki əgər istehsalçı zay və ya xəstə kartof əkərsə həmin sahədə 5 il kartof məhsulu əkə bilməz. Onların müraciətlərinə şikayətçi yanlış məlumat verdiyindən və məhsulu təqdim etmədiyindən bu qanun pozuntusu kimi qiymətləndirilmişdir. Nümunələr maşında olan yükdən götürülür və yoxlanılır. Məzahir Əliyev barəsində qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edildiyindən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamədən görünür ki, X10 11 saylı Ərazi vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. X6 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 verdiyi 21 may 2024cü il tarixli izahatından görünür ki, X10 xx.xx.2024 tarixdə X2 20000 kq kartof məhsulunun ixracı ilə əlaqədar İXİ********** saylı müraciət etmişdir. Müraciətdə qeyd olunan kartof məhsulunun yük partiyası Cəlilabad rayonu Maşlıq kəndinin, müxtəlif kənd sakinlərindən tədarük olunmuşdur. Həmin yük partiyasından labaratoriya nümunəsi götürülmüş, analizin nəticəsi uzun çəkdiyindən yükün tədarükçüsü ilə aralarında yaranmış narazılığa görə həmin məhsulun ixracından imtina etmişdir. Bir müddətdən sonra labaratoriyanın uyğunsuz nəticə çıxdığı məlum olmuşdur. Buna görə də həmin yük partiyası və istehsalçı barədə məlumatı olmadığından istehsalçının adını təqdim edə bilmir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 23 may 2024-cü il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolundan görünür ki, sahibkar X10 tərəfindən İX ********** nömrəli müraciət əsasında regional bölmə ərazisindən ixracı nəzərdə tutulan 20,8 ton kartof məhsulunun labarator analiz nəticəsi uyğunsuz çıxmış, sözügedən yük partiyası fitosanitar tədbirlər üçün təqdim edilmədiyinə görə X6 barəsində Azərbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 05 iyul 2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X10 Azərbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1500 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 “İnzibati tənbeh vermə haqqında” 05 iyul 2024-cü il tarixli MN ******* nömrəli qərarı qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmişdir. X13 İX********** nömrəli müraciəti əsasında ixracı nəzərdə tutulan 20,8 ton kartof məhsulunun sınaq analiz nəticəsi uğursuz çıxmış, Məzahir Əliyevə sözügedən yük partiyasının fitosanitar tədbirlər üçün təqdim edilməsi üçün təqdim olunması tələb olunsa da təqdim etməmişdir. İXM-nin: 447.0.3-cü maddəsinə görə standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi Məzahir Əliyevun hərəkətlərində Azərbaycan Respublikasının İXMnin 447.0.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xəta tərkibi mövcuddur, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikasının İXM-nin 135-ci maddəsində nəzərdə tutulmuş hallardan heç biri mövcud deyildir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 Məzahir Əliyevin barəsində tərtib etdiyi 05 iyun 2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi üçün əsaslar olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-137-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə r a r a a l d ı: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 inzibati xəta haqqında 05 iyun 2024-cü il tarixli MN ******* nömrəli qərarından X6 vermiş olduğu şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar