Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-742/2023 05.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas kаtibliyi, Bərdə RPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə anadan olmuş, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 04 aprel 2023-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 04 aprel 2023-cü il tarixdə saat 16:07 radələrində Bərdə şəhərində yol hərəkəti qaydalarını pozmaqla avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan müxtəlif qərəzli hərəkətlərə yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə saxlanmışdır. Barəsində İXM-in 511.3-cü maddəsilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X4 bildirdi ki, Şəxs 04 aprel 2023-cü il tarixdə saat 16:07 radələrində sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edərkən avtoxuliqanlıq hərəkətlərinə yol verdiyindən saxlanılmış və barəsində İXM-in 511.3-cü maddəsi də daxil olmaqla digər maddələrlə də barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Şəxs məhkəməyə gətirilmişdir. Protokolu müdafiə edir və Şəxs barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ yoxdur. 04 aprel 2023-cü il tarixdə saat 16:07 radələrində Bərdə şəhəri Bakı küçəsi ilə ** GD *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ictima qaydanın pozulmasına səbəb olacaq hərəkətlər yol vermişdir. Hazırda əməlindən peşmandır. Bu cür hərəkətlərə yol verməyəcəkdir. Vətən müharibəsi iştirakçısı olması və müharibədə qəlpə yarası alaraq zədələndiyi və bu səbəbdən əlil olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsindən 511.1-ci maddəsinə tövsüf olunmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı və iş üzrə toplanmış sübutlarla Şəxs İXM-nin 511.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İşdə olan 04 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 aprel 2023-cü il tarixdə saat 16:07 radələrində ** GD *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ictima qaydanın pozulmasına səbəb olacaq avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs Bərdə rayon Polis Şöbəsinə barəsində tərtib edilmiş raportla bağlı verdiyi izahatında törətdiyi inzibati xəta hadisəsini etiraf etməsi və əməlindən peşman olması və bir daha belə hallara yol verməyəcəyinə söz verir. İnzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə Rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli, 149 nömrəli məlumatın surətindən müəyyən edilir ki, Şəxs diaqnozu: Partlayış travması keçirilmiş qapalı k/beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə olunmuş emosional-labil pozuntu retrograd amneziya. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışın surətindən və AR.ƏMSMN DTSERA Tibbi Sosial Ekspert Komissiyasının Qərarının surətindən görünür ki, Şəxs müharibədə aldığı zədələr nəticəsində müvafiq qeyd edilmiş müxtəlif ruhi əsəb xəstəlikləri keçirmiş və aparılmış müayinə nəticəsində ona üçüncü dərəcəli əllilik təyin edilmişdir. Beləliklə, iş materiallarından və tərəflərin izahatlarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs avtoxuliqanlıq hərəkətlərinə yol verdiyi sübut edilsə də həmin hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsi sübut edilmir. Belə ki, bununla bağlı iş materiallarında hər hansı digər mötəbər sübutlar (şahidlərin izahatları, ekspert və ya mütəxəssisin rəyi) mövcud deyil. Qeyd edilənləri nəzərə alaraq, həmçinin İXM-in 511.3-cü maddəsinin sanskiyasının 511.1-ci maddəsinin sanksiyasından daha ağır cəza növləri nəzərdə tutduğundan və tövsif məsələsinin İXM-də nəzərdə tutulmadığını əsas tutaraq məhkəmə qanunun anologiyasından istifadə etməklə cinayət prosessual məcəllənin tələblərinə istinad etməklə məhkəmənin törədilmiş əməli qanunun daha ağır cəza nəzərdə tutan maddəsindən daha yüngül cəza nəzərdə tutan maddəsinə tövsif etmək səlahiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs əməli İXM-in 511.3-cü maddəsindən İXM-in 511.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarına əsasən inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, Vətən müharibəsində döyüşərək əlil (qazi) olmasını və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müxtəlif medallarla təltif edilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsindən həmin məcəllənin 511.1-ci mаddəsinə tövsif edilsin və Şəxs İXM-in 511.1-ci maddəsi ilə təqsirli bilinib bаrəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Аpellyаsiyа Məhkəməsinin Cinayət Kollegiyasına аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-742/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-742/2023
05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver