Məhkəmə qərarları › İş №3(021)-754/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-754/2021

11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-754/2021 11.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 və vəkili X4, X1 iştirakları ilə, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair qərardan şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ X9 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, onun əməlində inzibati xəta hadisəsi olmadığından və onun cəriməni ödəməyə imkanı olmadığından Bərdə Rayon Polis Şöbəsinin 17 avqust 2019-cu il MN0321637 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Polis Şöbəsinin 17 avqust 2019-cu il MN0321637nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İnizbati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 300 manat cərimə olunmuşdur. Həmin qərarın və eyni tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun sürətini 29 aprel 2021-ci il tarixdə Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona təqdim edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar ədalətli və adekvat deyil. Cəriməni ödəməyə imkanı yoxdur. Bərdə Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 3(021)-548/2021 saylı qərarı ilə şikayət təmin edilməmiş, vəzifəli şəxsin 17 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayət verərək Bərdə Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 3(021)-548/2021 saylı və vəzifəli şəxsin 17 avqust 2019-cu il tarixli qərarlarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)279/2021 sayylı 01 iyul 2021-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 3(021)-548/2021 qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 bildirdi ki, onun barəsində inzibati xəta haqqında qərar 17.08.2019-cu il tarixdə çıxsa da bu qərarın mövcudluğundan məlumatı olmamış, qərarın surəti ona təqdim edilməmişdir. Yalnız 2 ilə yaxın vaxt keçdikdən sonra 29 aprel 2021-ci il tarixdə həmin qərarın surəti Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən ona təqdim edilmiş və qərarın mövcudluğundan xəbəri olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 vəkili X7 şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, qeyd olunan izahatları dinləyərək hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Polis Şöbəsinin 17 avqust 2019-cu il MN0321637 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında material yenidən baxılması üçün Bərdə Rayon Polis Şöbəsinə göndərilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Bərdə Rayon Polis Şöbəsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İXM-in 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta hesab edilir. İXM-in 43-cü maddəsi həmin məcəllənin 157-ci maddəsinə görə tənbehin verilməsi səlahiyyəti rayon mhkəmələrinə həvalə edilmişdir. Lakin polis şöbəsi həmin maddənin tələblərini pozaraq işi rayon məhkəməsinə göndərmək əvəzinə X9 barəsində qərar qəbul edərək onu cərimələmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Ərəb Respublikasının vətəndaşıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Ərəb Respublikasının vətəndaşıdır və Azərbaycan Respublikasında icazə vəsiqəsi əsasında yaşayır. Buna görə təbii olaraq azərbaycan dilində yazıb-oxuya bilmir. Bu cür mühüm faktı nəzərdən qaçıran vəzifəli şəxs (Bərdə rayon Polis Şöbəsinin əməkdaşı X8) inzibati xəta haqqında protokolu tərtib edərkən tərcüməçinin və müdafiəçinin iştirakını təmin etməmişdir. Belə ki, İXM-nin 61.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır: İnzibati xətalar qanunvericiyilinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarını nəzərdə tutan müddəasına dair normasında birbaşa olaraq göstərilir ki, əgər şəxs ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququna malikdir. Lakin hazırki işdə əcnəbi olan və ana dili ərəb dili olmaqla, inzibati xəta barədə araşdırmanın aparıldığı dili bilməyən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mahmud Hassana vəzifəli şəxs tərəfindən tərcüməçi təqdim edilməmiş, bununla M.Hassan qanunvericiliklə müəyyən edilmiş hansı hüquqlara malik olmasından xəbərsiz olmuşdur. Məhkəmə qeyd edir ki, bütün qeyd edilən bu hallar, eləcə də yenidən araşdırma zamanı meydana çıxan hallar tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra Mahmud Hassanın əməlinə hüquqi qiymət verilməlidir. Yalnız bütün məqamlar araşdırıldıqdan sonra Mahmud Hassanın İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş əməli həqiqətən törədibtörətmədiyi, onun hansı dərəcədə təqsirli olması müəyyən edilə bilər. Beləliklə, yuxarıda göstərilən halların araşdırılması məqsədi ilə məhkəmə Bərdə Rayon Polis Şöbəsinin 17 avqust 2019-cu il MN0321637 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün Bərdə Rayon Polis Şöbəsinə qaytarılmasını məqsədə müvafiq hesab edir. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulması; Odur ki, məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Polis Şöbəsinin 17 avqust 2019-cu il MN0321637 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bərdə Rayon Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlar əsasən və İXM-in 133, 134, 135 və 136 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X6 şikayəti təmin edilsin. Bərdə Rayon Polis Şöbəsinin 17 avqust 2019-cu il MN0321637 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bərdə Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar