Məhkəmə qərarları › İş №3(021)-760/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-760/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-760/2023 25.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, 14 avqust 1989-cu ildə Bərdə rayonu Lək kəndində anadan olmuş, Bərdə rayonu Lək kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 552-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, 06 aprel 2023-cü il tarixdə saat 1146da Bərdə rayonu H.Əliyev prospektində keçirilən reyd zamanı Şəxs idarə etdiyi “Ford” markalı **-CE-*** dövlət nömrə nişanlı yük maşını ilə qeyri-qanuni fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən orqana işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İXM-nin 61.3-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq, haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Sədrlik edən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib edən orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi və əlaməti olmadığından barəsində olan inzibati xəta haqqında haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin gerçək hallarından görünür ki, Şəxs barəsində tərtib edilmiş 06 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda onun idarə etdiyi “Ford” markalı **-CE-*** dövlət nömrə nişanlı yük maşını ilə qeyri-qanuni fəaliyyət göstərdiyi qeyd edilmişdir. Lakin onun hansı qeyri-qanuni hərəkətlə məşğul olduğu açıqlanmadan barəsində İXM-nin 552-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsinin dispozisiyasına görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə inzibati məsuliyyət yaranır. Göründüyü kimi, İXM-nin 552-ci maddəsinin tərkibinin yaranması üçün avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (hazırda baxılan işdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olunması, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi halı baş verməlidir. Lakin hazırda baxılan material üzrə Şəxs əməlində Qarabağ Regional İdarəsinin əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olunması, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi halının olması müəyyən edilməmiş və protokolda həmin halların baş verməsi təsbit edilməmişdir. Şəxs barəsində İXM-nin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, “Ford” markalı yük maşını ilə qeyri-qanuni fəaliyyət göstərmişdir. Lakin yuxarıda şərh edildiyi kimi avtomobil ilə qeyri-qanuni fəaliyyətin göstərilməsi İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibini yaratmır, İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün yuxarıda qeyd edilən hallar baş verməlidir ki, baxılan inzibati xəta materialında da həmin halların mövcud olması inkar olunur. Azərbaycan Respublikasının İXM-nin: 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanmış 3(021)-760/2023 saylı inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar