Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-775/2023 27.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, xx.xx.1985-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə şəh, Səməd Vurğun küç., m.5-də yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 12000/03707 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 məhkəməyə şikayət verərək, hazırkı iş üzrə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X4 tərəfindən tərtib edilmiş 07 aprel 2023-cü il tarixli, 12000/03707 nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X4 tərəfindən qəbul edilmiş qərara əsasən AR İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının tələblərinə uyğun olaraq həmin maddənin Qeyd hissəsinin tələbləri nəzərə alınmaqla iyirmi min manat 50 faiz həddində, yəni 10000 (on min) manat məbləğində inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Sözügedən qərara əsasən elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 42 bəyannamə üzrə ümumilikdə 185952, 30 ABŞ dolları (316118,91 manat) məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, hazırkı iş üzrə cavabdeh - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X4 tərəfindən tərtib edilmiş 07 aprel 2023-cü il tarixli, 12000/03707 nömrəli qərar ilə 10 000 (on min ) manat cərimə edilməsi, bununla da hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab etməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, sözügedən məhsulu xarici ölkələrə ixrac etsə də, məhsulun dəyərini Pandemiya və sərhədlərin bağlanması səbəbindən, həmçinin Rusiya və Ukraniya müharibəsi davam etdiyindən göndərdiyi məhsulların dəyərini geri ala bilməmişdir. Ona külli miqdarda ziyan dəymiş və iflasa uğramışdır. Artıq sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Məhkəmə iclası barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsə məlumat verilməsinə baxmayaraq həmin şəxsin özü və ya nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclası barədə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqana məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sübutlarla əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 07 aprel 2023-cü il tarixli, 12000/03707 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərardan və 28 mart 2023-cü il tarixli 12000-03219/23 saylı inzibati xəta haqqında protokoldan görünür ki, vəzifəli şəxs X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının tələblərinə uyğun olaraq həmin maddənin Qeyd hissəsinin tələbləri nəzərə alınmaqla iyirmi min manat 50 faiz həddində, yəni 10000 (on min) manat məbləğində inzibati cərimənin tətbiq edilməsi qərara alınmışdır. İnzibati tənbehvermə haqqında 07 aprel 2023-cü il tarixli, 12000/03707 nömrəli qərardan görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, belə fəaliyyəti həyata keçirməklə X1 fəaliyyəti ilə əlaqədar İraq Respublikasında fəaliyyət göstərən “Baragull” şirkəti ilə xx.xx.2021-ci il tarixli 23/08-21 nömrəli, “Armanı Mıranı” ilə xx.xx.2021-ci il tarixli, 07/09-21H nömrəli “X8” ilə xx.xx.2021-ci il tarixli, 17092021/1 nömrəli, “X13” şirkəti ilə xx.xx.2021-ci il tarixli, 11/08-21H nömrəli, “X12” ilə xx.xx.2021-ci il tarixli, 15122021/16 nömrəli, “Nosinge Chenari” şirkəti ilə xx.xx.2021-ci il tarixli, 28122021/21 nömrəli, Küveyt Dövlətində fəaliyyət göstərən “X10 Trading Co” şirkəti ilə xx.xx.2021-ci il tarixli 101121/12 nömrəli, Qazaxıstan Respublikasında fəaliyyət göstərən “PPP Advisory” şirkəti ilə xx.xx.2021-ci il tarixli, 01 nömrəli, Ukrayna Respublikasında fəaliyyət göstərən “Merkurıy Holding” şirkəti ilə xx.xx.2021-ci il tarixli 23/04 nömrəli, “Proviziya Kom” şirkəti ilə xx.xx.2021-ci il tarixli 0xx/xx-2021 nömrəli, “Stritand” şirkəti ilə xx.xx.2021-ci il tarixli, 16 S nömrəli, Rusiya Federasiyasında fəaliyyət göstərən “Kvantum” şirkəti ilə xx.xx.2018-ci il tarixli, AZ-04 nömrəli “Miks-Frut” şirkəti ilə xx.xx.2020-ci il 1906 nömrəli, BƏƏ-də fəaliyyət göstərən “X11 Trading LLC” şirkəti ilə xx.xx.2018-ci il tarixli, 001/18 nömrəli müqavilələr bağlayıb malların dəyəri sonradan ödənilmək şərti ilə müqavilələr üzrə ümumilikdə 185952,30 (bir yüz səksən beş min doqquz yüz əlli iki ABŞ dolları otuz sent) ABŞ doloları qiymətinə sataraq Cənub Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirməklə Gömrük bəyannamələrinin 20-ci qrafasında malların “002-malın dəyəri mal ixrac edildikdən sonra ödənilmək yolu ilə” və “003-konsiqnasiya yolu ilə mal ixracı zamanı malın dəyəri onun xaricdə satışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənildikdə” keçirilmə xüsusiyyətlərində bəyan edərək Azərbaycan Respublikasından Rusiya Federasiyasına , Ukrayna Respublikasına, Küveyt Dövlətinə, İraq Respublikasına, BƏƏ və Qazaxıstan Respublikasına ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının tələblərinə riayət etməklə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 (bir yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, sözügedən bəyannamələr üzrə götürdüyü öhdəlik üzrə malların dəyərini tamamilə müvəkkil bank hesabına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 12000/03707 nömrəli qərarla X3 İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10000 manat məbləğində inzibati cərimə olunmuşdur. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 məhkəməyə şikayət verərək, qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 12000/03707 nömrəli qərarın ləğvinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. AR.İXM-in 483-cü maddəsində qeyd edilir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsinin, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.3 və 3-cü maddələrinin tələblərinə müvafiq olaraq xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində fiziki şəxs tərəfindən əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cinayət məsuliyyəti müəyyən edilmədiyindən, şəxs həmin Məcəllənin 208-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki şəxs tərəfindən xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə təxirəsalınmadan cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunması qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208ci maddəsinə müvafiq dəyişikliklər edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü Maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xəta haqqında protokol və qərardan müəyyən edilir ki, X3 xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməli olan Azərbaycan manatına ekvivalentdə 316118,91 manat məbləğində valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə İXM-in 483-cü maddəsi ilə inzibati xətanı törətmiş və Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli qərarına əsasən qaytarılmalı olan vəsaitin məbləğindən dəfələrlə az olan 20000 manatın 50% məbləğində,yəni 10000 (on min) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Göründüyü kimi işlər üzrə inzibati məsuliyyətə cəlbetmə müddəti ötürülməmiş və qərardan şikayət verən şəxs məbləğin xaricdən qaytarılmamasını ümumi dünyadakı problemlərlə izah etsə də konkret bununla bağlı dəlil və sübut gətirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X2 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmişdir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, X3 barəsində tərtib edilmiş 07 aprel 2023-cü il tarixli, 12000/03707 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, iş materialları araşdırılarkən barəsində şikayət verilən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün İXM-in 135.1-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədi. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq məhkəmə qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X4 tərəfindən X3 barəsində İXM-in 483-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 12000/03707 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-775/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-775/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver