Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-790/2023 27.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, xx.xx.1966-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işləyən, Bərdə rayonu, Mirzəxan kəndində yaşayan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 05 aprel 2023-cü il tarixli, EQ 13817836 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin (bundan sonra BDYPİ) 05 aprel 2023-cü il tarixli, EQ 13817836 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş xx.xx.2023-cü il tarixdə Gəncə şəhərinə gedərkən idarə etdiyi ** BD *** nömrəli avtomobillə Bakı Qazax yolunun 344-cü km.də sürət həddini 20-40 km. aşmağa görə İXM-in 328.2 maddəsinə əsasən elektron protokol tərtib edilmişdir. Xətanın qeydə alınma yeri kimi e-protokolda M 2, E 60, AH 5 olması göstərilir. Xəta patrul avtomobili ilə qeydə alınıb- EQ ********. O, bu protokolla razı deyil, hesab edir ki, protokol əsassızdır. Belə ki, Gəncə şəhərinin girişində "Zazalı" postu kimi tanınan stasionar posta təqribən 150 - 200 metr qalmış yolda surət həddinin 60 km. saat olmasını göstərən yol nişanı var. Həmin postu keçəndən sonra yol ayrıcı var (Bu yol Gəncə şəhərinə girmədən Göygöl rayonundan keçməklə Şəmkir - Qazax - Gürcüstan Resp. istiqamətinə gedir). Həmin yol ayrıcından (yol şaxələnməsindən) sonra hərəkət sürətini tənzimləyən, yol ayrıcı, yol qovuşması və s göstərən heç bir yol nişanı yoxdur. Ümumiyyətlə heç bir yol nişanı yoxdur. Növbəti sürət tənzimləmə nişanı isə yol ayrıcları (Samux rayonuna olan ayrıcdan sonra) bitəndən təqribən 200-300 metr sonra sürət həddinin 90 km.olması barədə yol nişanı var. Qanunvericilyin tələbinə görə yol ayrıcında Zazalı stasionar postunun qarşısında olan sürət tənzimləmə nişanının təsir dairəsi, Göygöl istiqamətinə yol ayrıcında (yolun şaxələnməsindən sonra) qüvvəsini itirir. Bu səbəbdən də hesab edir ki, ona əsassız protokol yazılıb. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)-790/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13817836 nömrəli inzibati xəta haqqında protokoldan X4 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlərin X2 geri qaytarılması qərara alınmışdır. 17 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsindən sorğu daxil olaraq Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)-790/2023 nömrəli qərardadından X4 tərəfindən apellyasiya şikayətinin daxil olması bildirilmişdir. Bunun əsasında inzibati iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-310/2023 nömrəli qərardadı ilə şikayətin təmin olunması, Bərdə Rayon Məhkəməsinin 8 may 2023-cü il tarixli, 3(021)-790/2023 nömrəli qərardadının ləğv edilməsi, X4 tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətin icraata qəbul edilməsi və mahiyyəti üzrə baxılması məsələsinin həll edilməsi məqsədilə inzibati xəta haqqında işin Bərdə Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəməyə X4 tərəfindən elektron daxil olmuş məlumatdan görünür ki, barəsində tərtib edilmiş EQ13817836 saylı elektron Protokoldan (qərardan) verdiyi şikayətə baxılması xx.xx.2023-cü il tarixə saat 15.00 təyin edilib. Şikayətin məzmununda şikayət verilmiş EQ13817836 saylı protokol statusu qərarlı olduğu üçün "protokol" sözü həm də "qərar" olaraq qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinə əsasən elektron tərtib edilmiş protokol elektron sistemə yerləşdirildiyi andan qərar statusu daşıyır. Nəzərə alınmasını xahiş etmişdir. Şikayətini müdafiə edir və onun iştirakı olmadan baxılmasını, şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AZE seriyalı, 15133328 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1966-cı il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə rayonu, Mirzəxan kəndində yaşayır. İş materiallarında olan BC257820 nömrəli, BC kateqoriyalı Azərbaycan Respublikasının sürücülük vəsiqəsi X2 məxsusdur. İş materiallarında olan SMS məlumatlarından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 09:33-də 99BD129 nömrəli avtomobil 50 azn və 2 bal cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən yol ayrıcları və avtomobil yollarının olması və həmin şəkillərdən birində 60 km-saat sürət məhdudiyyətinə dair yol nişanının olması görünür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, BDYPİ tərəfindən qəbul edilmiş 05 aprel 2023-cü il tarixli, EQ 13817836 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 barəsində İXM-in 328.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 məhkəməyə şikayət verərək, BDYPİnin 05 aprel 2023-cü il tarixli, EQ 13817836 nömrəli qərarın ləğv olunması və onun 50 manat cərimə ödəməkdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, BDYPİ tərəfindən qəbul edilmiş 05 aprel 2023-cü il tarixli, EQ 13817836 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 oğlu barəsində İXM-in 328.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində və 2 bal cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət əsassızdır, belə ki, fotoşəkillərdən də göründüyü kimi sürət məhdudiyyətinin aşıldığı yer Gəncə şəhərinin girişində yerləşir və yol ayrıcında yüksək sürətlə bağlı məhdudiyyət nişanının olmaması hələ orada 90 km/saat sürətə icazə verilməsi anlamına gəlmir və fotoşəkillərdən birində də göründüyü kimi şəhərə girişdə 60 km/saat sürət məhdudiyyət nişanı yol kənarında quraşdırılmışdır. Məhkəmə hesab edir ki, bu nişan Gəncə şəhərinə giriş və çıxış yollarını və orada yerləşən yol ayrıcını da əhatə etdiyindən şəhərin girişindəki yol ayrıcına yüksək sürətlə daxil olma qəza şəraitinin yaranmasına səbəb olar və məhkəmə onu da nəzərə alır ki, həmin ərazidə Zazalı DYP postu yerləşir. Həmin ərazidə postdan dərhal sonra yüksək sürətin olmasına yol verilmir, belə ki, həmin ərazi şəhərə giriş və çıxış yollarını əhatə edir. Yol polisi stasionar postlarının yerləşdiyi yerdə yollarda hərəkət sürəti də əsasən 60 km/saat həddində müəyyən edildiyindən X1 şikayətini məhkəmə əsassız hesab edir. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək və qiymətləndirib hesab edir ki şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən X4 barəsində inzibati tənbeh vermə haqqında 05 aprel 2023-cü il tarixli, EQ 13817836 nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1- ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən X4 barəsində İXM-in 328.2-ci maddəsi ilə tərtib edilmiş 05 aprel 2023-cü il tarixli, EQ 13817836 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya bilavasitə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-790/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-790/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver