Məhkəmə qərarları › İş №3(021)-801/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-801/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-801/2024 15.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 və Bərdə rayon Soğanverdilər Bələdiyyəsinin sədri Şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Soğanverdilər kəndində qeydiyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Bərdə rayon Soğanverdilər Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 253-1.1.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 30 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 bildirdi ki, “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli 217 nömrəli Qərarının 2.5-ci bəndinə əsaən uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Bu barədə Bərdə rayon Soğanverdilər Bələdiyyəsinin sədri Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq həmin məlumatları təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bərdə rayon Soğanverdilər Bələdiyyəsinin sədri Şəxs bildirdi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ona dekabrda məktub göndərilmişdir. Lakin ağacların uzunluqlarını ölçmək üçün onlara yay fəslinə kimi vaxt lazım idi. Çünki işçiləri hər zaman tapıb işə cəlb edə bilmirlər. Vaxt məhdudluğuna görə məlumatları təqdim edə bilməmişdir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Bərdə rayon Soğanverdilər Bələdiyyəsinin sədri Şəxs İXM-in 253-1.1.3-cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.1961-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon Soğanverdilər kəndində qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli Bildirişdən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Bərdə rayon Bələdiyyəsinin sədri Şəxs yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar üzrə hazırlanmış cədvəl formasının doldurulması yaşıllıqların mühafizəsi, istifadəsi və bərpası üzrə tədbirlər planının tərtib edilərək razılaşdırılması üçün həm elektron (Elektron ünvan ünvanına), həm də rəsmi qaydada 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməsi, əks təqdirdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3, 253-1.4-cü maddələrinə əsasən inzibati məsuliyyət nəzərdə tutulması barədə xəbərdarlıq edilmişdir və xəbərnamədən görünür ki, Şəxs həmin bildirişi xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X3 inzibati xəta haqqında MN № ******* saylı, 30 iyul 2024-cü tarixli protokolun surətindən görünür ki, Bərdə rayon Bələdiyyəsinin sədri Şəxs 2023-cü il üçün nəzərdə tutulmuş yaşıllıqların uçotu və monitorinqin haqqında məlumatları idarəyə təqdim etmədiyinə görə İXM-nin 253-1.1.3-cü maddəsi ilə barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 02 may tarixli 957-İVQ nömrəli Qanununun 12.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların uçotunun, kadastrının və monitorinqin aparılması" Qaydasının 2.5 bəndinə uyğun olaraq Bərdə rayon Soğanverdilər bələdiyyəsinin sədri Şəxs tərəfindən 2023-cü il üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir. "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 02 may tarixli 957-İVQ nömrəli Qanununun 12.3-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir. “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli 217 nömrəli Qərarının 2.5-ci bəndinə əsaən uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. İXM-in 253-1.3-cü maddəsinə əsasən, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda, Şəxs İXM-in 253-1.1.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1000 (min) manat cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-in 253-1.1.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1000 (min) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, zərərçəkmiş şəxsə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar