Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-829/2022 01.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bərdə rayon Saatlı kəndində anadan olmuş, Bərdə rayon Gərənə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, Müəyyən etdi: Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə danışaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X6 izahatında bildirdi ki, Şəxs polis şöbəsinin giriş qapısında mühafizə üzrə xidmət aparan polis serjantı X3 ilə birlikdə TİQ-nin baş inspektoru X4 xidməti otağına gəlmişdir. Asiman Kamranzadə xidməti otağa daxil olan kimi özünü vətən müharibəsi qazisi, döyüşçü kimi təqdim edərək uca səslə heç bir səbəb göstərmədən təcili dövlət yol polisi əməkdaşlarının çağrılmasını və ondan üzr istəmələrini tələb etmişdir. Polis serjantı Səxavət Həsənov və TİQ-nin baş inspektoru X7 onu sakitləşdirməyə çalışmış və ondan etik qaydaları gözləməsini xahiş etmişlər. Həmin vaxt Asiman onlara əsəbi halda xidməti otaqdan inzibati binanın dəhlizinə çıxaraq ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Asiman polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq qısa müddətə polis şöbəsinin iş rejimini pozan hərəkətlər etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, idarə etdiyi nəqliyyat vasitəsi ilə Bərdə şəhər H.Aslanov küçəsində yerləşən işıqforda olarkən Elsəvər və Səbuhi adlı yol patrul xidmətinin əməkdaşları idarə etdiyi avtomobillə qırmızı işıqda qarşısına keçərək, qarşıdan keçən avtomobili saxlatmış və onun üçün qəzalı şərait yaratmışlar. O əməliyyat keçirdiyi üçün səhətində problemlər var. Buna görə yol patrul xidmətinin əməkdaşının yanına gedərək niyə belə etdiyini soruşduqda “yaxşı eləmişik” dedikləri üçün Bərdə Rayon Polis Şöbəsinə gedərək rəhbərliklə görüşmək istədiyini bildirmişdir. Bu zaman polis əməkdaşı Rəsul Məmmədov ona polisə yaraşmayan tərzdə onun nalayiq ifadə ilə təhqir etmişdir. O da səs tonunu qaldırmış, öz narazılığını bildirmiş, lakin söyüş söyməmişdir. Bundan sonra yol patrul əməkdaşları həmin otağa gəlmiş, etdikləri hərəkətlərin qanuni olduğunu ona bildirmişlər. Yenə həmin vaxt aralarında narazılıq yaranmış, lakin həmin vaxt onlarla heç bir təhqir və söyüş işlətməmiş, uca tonla danışmamışdır. Ona qarşı Bərdə rayon Polis şöbəsində yaranmış mənfi münasibətləri görərək yaranmış vəziyyətdən çıxış üçün özünü qazi kimi təqdim etmişdir. Əslində isə o səhhəti ilə bağlı ağır əməliyyat keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis serjantı X3 bildirdi ki, o polis şöbəsinin giriş qapısında mühafizə üzrə xidmət aparan zaman adını sonradan bildiryi Asiman adlı şəxsin əsəbi halda giriş qapısına yaxınlaşdığını və qazi olduğunu bildirərək təcili surətdə rəhbər şəxslərdən biri ilə görüşmək istədiyini bildirdi. Növbəçi hissəyə məruzə edəndən sonra TİQ-nin baş inspektoru Rəsul Məmmədovun xidməti otağına onu apardı. Şəxs otağa daxil olan kimi təcili olaraq yol patrul əməkdaşlarının ora gəlməsini və ondan üzr istəməsini bildirdi. Biz onu sakitləşdirməyə və etik qaydalara uyğun davranmasını xahiş etdik. Həmin vaxt Asiman ünvansız söyüşlər söyməyə başladı. O, Asimanı sakitləşdirməyə başlasa da onun qanuni tələblərinə tabe olmamış və qısa müddətə polis şöbəsinin iş rejimini pozmuşdur. Sonradan araşdırma zamanı bəlli olmuşdur ki, Şəxs qazi deyil. Məhkəmə qeyd edir ki, hazırkı protokol İXM-nin 510-cu və 535.1-ci maddəsi ilə tərtib olunmuşdur. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunsa da, onun əməlində həmin maddələr üzrə inzibati xətanın tərkib əlamətləri yoxdur. Məhkəmə bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin faktiki halı ondan ibarətdir ki, Şəxs qanun pozuntusuna yol vermədən nəqliyyat vasitəsini idarə edərkən başqa bir sürücunun idarə etdiyi nəqliyyat vasitəsinin arxa şüşələri örtüklə örtüldüyündən yol patrul xidmətinin əməkdaşları həmin şəxsin idarə etdiyi nəqliyyat vasitəsini saxlamışlar. Şəxs bildirdiyinə görə bu zaman onun üçün yol patrul xidmətinin əməkdaşları qəzalı şərait yaratmışlar. O səhəti ilə bağlı əməliyyat olunduğundan və özünü həyacanlı hiss etdiyindən yol patrul xidmətinin əməkdaşlarına yaxınlaşmış, bu hərəkətə öz iradını bildirmişdir. Lakin həmin vaxt yenə də Şəxs bildirdiyinə görə yol patrul xidmətinin əməkdaşları ona “yaxşı etmişik deyə” öz iradlarını bildirmişlər. Həmin vaxt tərəflər arasında hər hansı hüquq pozuntusu olmamışdır. Bu pozuntunun olmamasını Şəxs dedi və protokol tərtib edən şəxs də təsdiq etdi. Bundan sonra Şəxs öz şikayətini bildirmək üçün Bərdə rayon Polis şöbəsinə getmiş, TİQ-nin baş inspektoru Rəsul Məmmədovun xidməti otağına qəbula girmişdir. Məhkəmə təqdim olunmuş sənədlərin arasında qanun pozuntusunun törədilməsi barədə polis şöbəsi tərəfindən hər hansı bir aktın tərtib olunmadığını müəyyən etdi. X5 və Rəsul Məmmədovun iş materialına əlavə olunmuş yazılı izahatında -Asiman xidməti otağdan dəhlizə çıxdı və ünvansız küçə söyüşləri söydü – qeyd olunan ifadənin video görüntüsü məhkəmə tərəfindən tələb edilsə də məhkəməyə təqdim edilmədi. Halbuki, Bərdə rayon polis Şöbəsinin dəhlizlərində video kameraların olmamasını nə Səxavət Həsənov, nə də ki, protokol tərtib edən şəxs Pərvin Rüstəmov bunu inkar etməmişlər. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə olunmuş TİQ-nin baş inspektoru Rəsul Məmmədov həmin hal ilə əlaqədar Bərdə rayon polis şöbəsinin rəisinə yazılı izahat vermişdir. Həmin yazılı izahatdan görünür ki, izahatın yazıldığı yer Bərdə şəhəri yox, Ağcabədi şəhəri qeyd olunmuşdur. Bu hal məhkəmə üçün qeyri-müəyyən qalmış və izahatın doğruluğunu şübhə altına alır. Belə ki, həqiqətən də həmin hal ilə bağlı Bərdə rayon polis şöbəsinin rəisinə yazılı izahatın təqdim edilib-edilməməsi məhkəmədə şübhə yaradır. Məhkəmə həmçinin qeyd edir ki, hadisəyə bilavasitə şahid olan şəxs TİQ-nin baş inspektoru Rəsul Məmmədov olmasına baxmayaraq şahid qismində məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onu da qeyd edir ki, tərtib olunmuş protokol qanunvericiliyin tələblərinə uyğun olmayaraq tərtib olunmuşdur. Belə ki, İXM-nin 100.1.6-cı maddəsinə əsasən, olduğu halda şahidlərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı protokolda əks olunmalıdır. Lakin hazırkı iş üzrə şahidlərin olmasına baxmayaraq qeyd olunanlar protokola yazılmamışdır. Həmçinin İXM-nin 100.3-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin protokoldan görünür ki, onun surəti Şəxs verilməmişdir. Belə ki, protokol bir nüxsədə olmuş və onu inzibati xəta aparılan şəxsə verilməsini təsdiq edən imza yoxdur. Bu hal şəxsin protokolu imza etməkdən imtina etməsi halı ilə qarışdırmaq olmaz. Hər biri ayrı hərəkətlərdə ifadə olunmaqla ayrı hüquqi nəticələr yaradır. Göründüyü kimi inzibati protokol İXM-nin yuxarıda qeyd olunan normaların tələblərinə riayət edilmədən tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağı nəzərdə tutur. Hazırkı işin halları isə həmin maddənin dispozisiyası ilə üst-üstə düşmür. Belə ki, əməl düzgün tövsif edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, xuliqanlıq inzibati xətasının obyekti - ictimai qaydadır. Bu inzibati xətanın bilavasitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. İXM-nin 8.1-ci maddəsinə əsasn, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Bu maddələrdə ifadə olunan müddəalar və onların mahiyyətini təşkil edən əsas prinsiplər milli qanunvericiliyimizdə də geniş təsbit olunmuşdur. Ümumiyyətlə, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin mövqelərinin qorunması ilə bağlı prosessual təminatların mövcudluğu baxımından işin mahiyyəti üzrə prosessual hüquq bərabərliyinin təmin olunması yolu ilə ittiham və müdafiə tərəfinin hər birinin bütün dəlillərinin məhkəmə prosesində baxılıb qiymətləndirilməsi təqsirsizlik prezumpsiyası prinsipinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-829/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-829/2022
01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver