Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-833/2025 07.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi,məhkəmə iclasının katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, Şəxs nümayəndəsi (müəssisənin qanuni təmsilçisi) Nümayəndə1 iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 215.1-ci və 215.4-cü maddələri ilə inzibati xəta törətməsinə dair, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Tibbi Nəzarət Şöbəsi tərəfindən 04 sentyabr 2025-ci il tarixli MN №2406883 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi (direktoru) Nümayəndə1 izahatında göstərmişdir ki, Şəxs 2010-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Tibbi Nəzarət Şöbəsi tərəfindən 04 sentyabr 2025-ci il tarixdə MMC-də yoxlama aparılmış, aktda göstərilən nöqsanlar aşkar edilmişdir. Həmin nöqsanları yaxın vaxtlarda aradan qaldıracaqlar. Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 215.1-cü və 215.4-ci mаddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibati işin materiallarına istinad: İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Tibbi Nəzarət Şöbəsi mütəxəssisi Nümayəndə2 tərəfindən tərtib olunmuş 04 sentyabr 2025-ci il tarixli, MN2406883 nömrəli inzibati xəta haqqında prptokoldan görünür ki, 04 sentyabr 2025-ci il tarixdə saat 16:00-da ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus klinikada keçirilən planlı yoxlama zamanı, lisenziyadan kənar cərrahi, stamatolojii, rentgenoloji, fəaliyyət və sertifikatsız, özəl praktiki tibbi fəaliyyətlə məşğul olma faktı aşkar edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “ X1 baş direktoru X2 22 avqust 2025-ci il tarixli 3-28-1/3-2-959/2025 nömrəli qərarından görünür ki, ekspertiza mərkəzi tərəfindən ünvan 3 ünvanında yerləşən özəl tibb təşkilatı Şəxs MMC-nin fəaliyyətinin yoxlanması məqsədi ilə xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Tibbi Nəzarət Şöbəsi tərəfindən Şəxs MMC_yə ünvanlanmış 22 avqust 2025-ci il tarixli, 3- 28-1/2-27233/2025 nömrəli bildirişdən görünür ki, Şəxs MMC-nin fəaliyyət ünvanı Bərdə şəhəri, A.Əhmədov küçşəsində yerləşən obyektdə 01.09. 2025-xx.xx.2025-ci il tarixlərində plan üzrə (növbəti) yoxlama keçirəcəyi barədə bildiriş göndərilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə1 xx.xx.1969-cu ildə anadan olmuşdur. İnzibati iş materiallarına əlavə edilmiş 30 iyun 1992-ci il tarixli, 834410 nömrəli diplomun surətindən görünür ki, Nümayəndə1 1987-ci ildə N.Nərimanov adına Tibb İnsitutuna daxil olmuş 1992-ci ildə stomatologiya ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 11 avqust 2017-ci il tarixli lisenziyanın surətindən görünür ki, Şəxsnə özəl tibbi fəaliyyətlə məşğul olmaq barədə lisenziya verilmişdir. Həmin Lisenziyanın əlavəsindən görünür ki, müəssisənin özəl tibb fəaliyyətinin ambulator tibb xidməti üzrə üzrə görülməsi icazə verilən işlərin siyahısına Stomotologiya: terapevtik stomatoloji və ortopedik stomatoloji xidmətlər daxildir. İş materiallarına əlavə edilmiş Nümayəndə1 və X3 izahatlarından görünür ki, onlar qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmadan stomatoloji fəaliyyətlə məşğul olurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə- vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Tibbi Nəzarət Şöbəsi tərəfindən 04 sentyabr 2025-ci il tarixli MN №2406883 saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-cü və 215.4-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 4 sentyabr 2025-ci il tarixli T-318 nömrəli planlı (növbəti) yoxlama aktı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi ünvanı ünvan 7 ünvanda yerləşən «Bərdə VİP Medical” MMC-yə məxsus kilinikada planlı yoxlama zamanı lisenziyada göstərilən işlərdən və xidmətlərtdən kənar – rentgenoloji və cərrahi stomotoloji işlərlə məşğul olunması, habelə müəssisədə çalışan X3 və Nümayəndə1 qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmadan praktiki tibb fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş tibbi müayinə çıxarışlarından və izahatlarından məlum olur ki, müəssisə tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1-ci və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXMnin 215.4-cü maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 464-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1ci və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 215.4-cü maddəsinə əsasən 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-833/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-833/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver