Məhkəmə qərarları › İş №3(021)-839/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-839/2022

08.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-839/2022 08.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bərdə rayonu, İmamqulubəyli kəndində anadan olmuş, Bərdə rayonu İmamqulubəyli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində (bundan sonra Bərdə RPŞ) 08 iyul 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, 17 iyun 2022-ci il tarixdə saat Şəxs aralarında baş vermiş mübahisə zamanı anası Zərərçəkmiş şəxs döymüşdür. Protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, 17 iyun 2022-ci il tarixdə saat 20 radələrində yaşadıqları evdə Şəxs aralarında baş vermiş mübahisə zamanı anası Zərərçəkmiş şəxs döymüş və onun sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində protokol tərtib etmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, Zərərçəkmiş şəxs anasıdır. Anası Təzəgülün yaşadığı Bərdə rayonu, İmamqulubəyli kəndində yerləşən evdə yaşayırlar. Anası onu həmin evdən çıxarmış, bununla əlaqədar məhkəməyə müraciət etmiş, məhkəmənin qərarına əsasən həmin evə köçürülmüşdür. 17 iyun 2022-ci il tarixdə saat 20 radələrində yaşadıqları evə gəlmiş, anası Zərərçəkmiş şəxs onu evə buraxmamışdır. Bununla əlaqədar aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı anası Təzəgülü vurmamışdır, itələmişdir. Anası Təzəgül evdə yaşamasına hər cür maneəçilik yaradaraq onu şərləyir. Hazırda barışmamışlar. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəxs oğludur. 17 may 2022-ci il tarixdə saat 20 radələrində yaşadıqları Bərdə rayonu, İmamqulubəyli kəndində yerləşən evdə olduqları vaxt Şəxs ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı oğlu Əkrəm onu vurmuşdur. Hazırda barışmamışlar. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokolda göstərilmişdir ki, Zərərçəkmiş şəxs 17 iyun 2022-ci il tarixdə Şəxs tərəfindən döyülmüşdür. Bərdə RPŞ TB-nin təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş 06 iyun 2022-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs oğlu Əkrəm tərəfindən döyülməsi barəsində müraciətində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd olunmuş, Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin həmin qərardan görünür ki, Məhkəmə tibbi-ekspertizasının 02 iyun 2022-ci il tarixli 311 saylı Rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol gözyuva altı nahiyyəsinin qançırı, sağ diz oynağı nahiyyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 17 may 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 17 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından sübutlar qiymətləndirilərək barəsində 08 iyul 2022-ci il tarixə Bərdə RPŞ-də İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, zərərçəkmiş şəxsə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar