Məhkəmə qərarları › İş №3(021)-844/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-844/2022

14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-844/2022 14.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Həsənqaya kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 14 iyul 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 14 iyul 2022-ci il tarixdə saat 11:40 radələrində polisin qanuni tələblərinə tabe olmamış, küçə söyüşləri söyərək təhqir etmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X4 bildirdi ki, Şəxs 14 iyul 2022-ci il tarixdə saat 11:40 radələrində VAZ 21074 markalı ** FT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Bakı küçəsində hərəkətdə olarkən avtomobilinin konstruksiyasında dəyişiklik etdiyi üçün xidmətdə olan polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, küçə söyüşləri söyərək təhqir etmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, idarə etdyi avtomobilə yük yığdığı üçün avtomobilin arxası enmiş, ön hissəsi isə qalxmışdır. Polis əməkdaşları onu saxladaraq avtomobili duracağa aparacaqlarını bildirdilər. O, polis şöbəsinə gedərkən avtomobili özü idarə etmiş, avtomobili yolda saxlamış və onlara “bəlkə aprmayasınız” demişdir. Bu zaman polis əməkdaşı onun yaxasından tutub dartmışdır. O, polis əməkdaşlarını söyüş söyməmiş oları təhqir etməmişdir. Məhkəmə iclasında X3 iş üzrə şahid qismində ifadə verərək bildirdi ki, Bərdə RPŞnin PPXB-nün polis nəfəri işləyir. O, xidmətdə olarkən Şəxs 14 iyul 2022-ci il tarixdə saat 11:40 radələrində VAZ 21074 markalı ** FT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Bakı küçəsində hərəkətdə olarkən avtomobilinin konstruksiyasında dəyişiklik etdiyi üçün tərəflərindən saxlanılarkən onların qanuni tələblərinə tabe olmamış, küçə söyüşləri söyərək təhqir etmişdir. Yol boyu 4-5 dəfə avtomobili saxlamış, şöbəyə getməkdən imtina etmişdir. Məcbur olub zorla onu şöbəyə aparmışlar. İşdə olan 14 iyul 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 iyul 2022-ci il tarixdə saat 11:40 radələrində polisin qanuni tələblərinə tabe olmamış, küçə söyüşləri söyərək təhqir etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəyə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla, şahid ifadəsi ilə təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 200 (iki yüz) manat inzibati tənbeh- cərimə tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, zərəçəkmiş şəxsə və Bərdə rayon Polis Şöbəsinə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar