Məhkəmə qərarları › İş №3(021)-884/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-884/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-884/2021 15.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X2 iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X3 iştirаkı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 22.02.2021-ci il tarixli, MN № ******* saylı qərarından şikayətçi X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 22.02.2021-ci il tarixli, MN № ******* saylı qərarı ilə X4 İXM-in 541-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X4 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 22.02.2021-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, 22.02.2021-ci tarixli qərarı qanuna ziddir. Belə ki, Tərtər, Qarasu və Kür çaylarının nasoslar vasitəsilə su götürülməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası Dövlət X1 müraciət edilmiş, həmin müraciətə baxılaraq Bərdə rayonu inzibati ərazisindəyerləşən Qara su anbarının, Kür və Tərtər çaylarının hissələrində 10 məntəqəüzrə X6 idarəsinə 3 il müddətinə icazə verilmişdir. Bundan başqa Kür çayından su götürülməsinə icazə verilmiş su həcmləri barədə cədvəl şəklində məlumat tərtib edilərək idarəyə təqdim edilmişdir. Hesab edir ki, şikayətinin əsaslandırdığı hallara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisinin onun barəsində tərtib etdiyi MN № ******* saylı, 22.02.2021-ci tarixli qərar ədalətsiz, qərəzli və qeyri obyektiv olduğu üçün onun icraatına xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək çıxışında əlavə olaraq bildirmişdir ki, Tərtər, Qarasu və Kür çaylarının nasoslar vasitəsilə su götürülməsinə dair icazənin verilməsi barədə 2020-ci ilin dekabr ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə müraciət etsədə icazə ala bilməmişdir. 21.01.2021-ci il tarixdə onun barəsində İXM-nin 541-ci maddəsi ilə inzibati xəta haqqında № ******* nömrəli protokol, 22.02.2021ci il tarixdə isə həmin protokolun əsasında MN № ******* saylı tənbeh vermə haqqında qərar qəbul edilərək 3000 manat məbləğində cərimə edilmişdir. 29 aprel 2021-ci il tarixdə isə müraciətinə əsasən müvafiq icazə barədə sənədləri almışdır. İcazə olmadan sudan istifadəsinə səbəb isə sulanacaq əkin sahələrində dövlət praqramı əsasında əkilmiş pambıq məhsulunun susuzluqdan yanmaması olmuşdur. Hesab edir ki, icazə almadan sudan şəxsi maraq yox, dövlət proqramı əsasında əkilmiş məhsulun məhv edilməməsi və 29.04.2021-ci il tarixli müvafiq icazənin mövcudluğunu nəzərə alıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi əvəzi Elnur Cəlilov tərəfindən barəsində qəbul edilmiş 22.02.2021-ci il tarixli, MN № ******* saylı inzibati qərarı ləğv edilməlidir. Odur ki, məhkəmədən yuxarıda göstərdiyi qərarın ləğv edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətçini dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 22.02.2021-ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA2897582 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 01.06.1971-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi əvəzi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 22.02.2021-ci tarixli qərarın surətindən görünür ki, X4 21.01.2021-ci il tarixli, MN № ******* saylı protokolla “idarə tərəfindən verilmiş 13 avqust 2020-ci il tarixli 96 saylı “Məcburi göstəriş”in tələblərini icra etmədiyi üçün İXM-nin 541-ci maddəsi ilə 3000 manat məbləğində inzibati qaydada cərimə tənbehi edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Agentliyi tərəfindən 29.04.2021-ci il tarixli “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazədən” görünür ki, Qarasu su anbarın, Kür və Tərtər çaylarının Bərdə rayonu ərazisindən keçən hisslərində 10 məntəqə üzrə X6 İdarəsinə 3 (üç) il müddətinə icazə verilmişdir. İşin materiallarından müəyyən edilir ki, X4 2020-ci ilin dekabr ayında “Sudan xüsusi məqsədlər istifadə etmək üçün” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə müraiət etmiş, daha sonra 21.01.2021-ci il tarixdə X3 barəsində İXM-nin 541-ci maddəsi ilə № ******* nömrəli protokol, həmin protokolun əsasında da MN № ******* nömrəli, 22.02.2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək X4 3000 manat cərimə edilmişdir. İXM-in 541-ci maddəsinə əsasən, ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə-fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman artıq müvafiq icazənin alınması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə müraiət etmişdir. Bundan başqa, sudan xüsusi məqsədlər üçün istifadə qaydaları ilə bağlı icazə almanın forma və qaydası müəyyən edilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında 21.01.2021-ci il tarixli, ******* saylı protokolu əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi əvəzi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 22.02.2021-ci tarixli qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Məhkəmə xüsusilə qeyd edir ki, X4 inzibati məsuliyyətə cəlb edilən zaman icazənin alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Agentliyi tərəfindən 29.04.2021-ci il tarixli “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazədən” görünür ki, Qarasu su anbarın, Kür və Tərtər çaylarının Bərdə rayonu ərazisindən keçən hisslərində 10 məntəqə üzrə X6 İdarəsinə 3 (üç) il müddətinə icazə verilmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, X3 icazə olmadan sudan istifadəsinə səbəb sulanacaq əkin sahələrində dövlət praqramı əsasında əkilmiş pambıq məhsulunun susuzluqdan yanmaması - olmuşdur. Göründüyü kimi, suvarma işlərinin aparılması üçün X4 tərəfindən hal-hazırda uzun müddətli müvafiq icazələr alınmışdır. Bu hal da öz növbəsində onu göstərir ki, hal-hazırda həmin əməlin ictimai təhlükəliliyi tam olaraq aradan qalxmışdır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Göründüyü kimi, X3 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda X3 təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında 22.02.2021-ci tarixli, MN № ******* saylı X3 3000 manat məbləğində cərimə edilməsi barədə qərarı ləğv edilməli, X3 barəsində İXM-in 541-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi əvəzi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında 22.02.2021-ci tarixli, MN № ******* saylı qərarı ləğv edilsin. X3 barəsində İXM-in 541-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar