Məhkəmə qərarları › İş №3(021)-9/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-9/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-9/2024 08.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1977-ci il tarixdə Bərdə rayonu Yenidaşkənd kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Yenidaşkənd kəndində qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 25 sentyabr 2023cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 3(021)-1428/2023 saylı 09 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, Bərdə rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(021)-2983/2021 saylı icra sənədinə əsasən Şəxs 5600 (beş min altı yüz) manat alınaraq X7 və X3 xeyrinə ödənilməlidir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra hərəkətləri edilmişdir. Borcluya borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu heç bir üzürlü səbəb olmadan icra sənədini tam icra etmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Hazırda 5160 manat borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, maddi imkansızlıqdan borcunu ödəyə bilməmişdir. Hazırda da ödəniş etməyə imkanı yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(021)-2983/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs 5600 (beş min altı yüz) manat alınaraq X6 və X3 xeyrinə ödənilməlidir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bərdə rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(021)-2983/2021 saylı icra vərəqəsi üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bərdə rayon Məhkəməsinin 13 oktyabr 2021ci il tarixli 2(021)-2983/2021 saylı icra sənədi üzrə Şəxs barəsində axtarış elan edilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon Məhkəməsinin 8(021)-521/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bərdə rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(021)-2983/2021 saylı icra sənədi üzrə Şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 25 sentyabr 2023-cü il tarixli MN №1745203 nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədlərini icra etməmişdir. Hazırda 5160 manat borcu vardır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs Bərdə rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(021)-2983/2021 saylı icra sənədi üzrə borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Göründüyü kimi, borclu kifayət qədər müddət keçməsinə baxmayaraq, borc ödənməmişdir. Bu da onun icra sənədinin icrasından qəsdən yayındığını sübut edir. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarı) Belə olan halda, İXM-in 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs qızı İXMin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin 3(021)-1428/2023 saylı 09 oktyabr 2023-cü il tarixli axtarış qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 07 aprel 2024-cü il tarixdən, saat 16:00–da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 07 aprel 2024-cü il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və İXM-in 112, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 07 aprel 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar