Məhkəmə qərarları › İş №3(021)-961/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-961/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-961/2023 06.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 16 fevral 1988-ci il tarixdə Bərdə şəhərində doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Bərdə rayon X20 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X18 izahatında göstərdi ki, məlumat əsasında keçrilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şəxs 25 yanvar 2023-cü il tarixdə, saat 23:30 radələrində Bərdə şəhəri Nüşabə küçəsində yaşadığı evinin qarşısında saxlanılaraq yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Şəxs yaşadığı Bərdə şəhəri Nüşabə küçəsi ev 3-də yerləşən evinindəki şifonerdən 16 ədəd Said Nursinin müəllifi olduğu 01 ədəd üzərində «Tarihçei Hayatı», 01 ədəd üzərində «Mektublar», 01 ədəd üzərində «Lemalar», 01 ədəd üzərində «Asayi Musa», 01 ədəd içərisində ərəb və ya fars əlifbası ilə yazılar olan kitab, 01 ədəd üzərində «Xanımlar rəhbəri», 01 ədəd üzərində «Ayetül-Kübra», 01 ədəd üzərində «Meyve Risalesi», 02 ədəd üzərində «Rahmet ve Şevkat İlaçları», 01 ədəd üzərində «Münacat», 01 ədəd üzərində «Namaz Tesbihatı ve Türkçe açıklaması», 01 ədəd üzərində «Küçük Sözler», 01 ədəd üzərində «Uxuvvət Risaləsi», 02 ədəd üzərində və içərisində ərəb və ya fars əlifbası ilə sözlər yazılmış kiçik kitablar aşkar edilərək götürülmüşdür. Baxış videoçəkilişlə aparılmış və həmin videogörüntü 01 ədəd DVD diskə köçürülməklə, materiala əlavə edilmiş və bu barədə protokol tərtib edilmiş, Şəxs və digər iştirakçılar protokola imza etmişlər. Məhkəmədən Şəxs qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X15 izahatında göstərmişdir ki, X33 sahəsində nəzarətçi vəzifəsində işləyir. Təxminən 1998-ci ildən dinlə, Allaha ibadətlə məşğul olur, dini kitablara marağı olub, həmin vaxtdan dini kitablar oxuyaraq İslam dini haqqında məlumatlar toplayır. 1998-ci ildən müxtəlif yerlərdən dini ədəbiyyatlar əldə etmişdir. Kitabxanasında müəllifi Said Nursi olan "Bediüzzaman" ləqəbli dini alimin müəllifi olduğu kitablar çoxluq təşkil etsədə, bundan başqa Yusuf Tavaslı, Ahmet Şahin, Nurettin Boyacılar, Osman Nuri Topbaş, Arif Həşimov, Yasemin Gülecyüz və Ramazan Topdemirin müəllifi olduğu ədəbiyyatları var. Bunlardan ən çox istifadə etdiyi ədəbiyyatlar, Said Nursinin müəllifi olduğu "Sözlər", "Məktubat", "Ləmalar", Tarixçeyi Həyat", "Şüalar", "Emirdağ Lahikası", "Kastaminu Laikası", "Asayi Musa", "Mesnevi Nuriyye", "İmam ve Küfür Müvazinəsi" ədəbiyyatlarıdır. Bəzi hallarda tanışları X3, Şəxs, qohumu X19 və tanışları olan adlarını bilmədiyi 2-3 nəfər şəxs yaşadığı özünə məxsus olan Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evinə qonaq qismində gəlirlər və onlarla orada dini söhbətlər edirlər. X6 verilmiş suallara cavab olaraq bildirmişdir ki, dini məzhəbi hənəfi məzhəbidir, heç bir dini quruplaşmaya üzv deyildir. Hər hansı şəxs üzərində dini təbliğat aparmır və dini dərslər keçmir. Bərdə rayonu ərazisində Şiə məzhəbində olan şəxəslər çoxluq təşkil etdiyindən, onun və onlar kimi Hənəfi məzhəbində olan şəxslər Şiə məzhəbinə məxsus olan məsciddə namaz qılarkən aralarında narazılıq yaşanmaması üçün rayonun Lənbəran kəndində yerləşən kənd məscidinə və Yevlax rayonunda yerləşən məscidlərə bəzi hallarda gedir. Orada isə Tərlan Salamov və Şəxslə tanış olmuşdur. Yığıncaqları ona məxsus olan ünvan 2 ünvanında, həmçinin mərhum qardaşı Anar Quliyevə məxsus olan Tərlan Salamova müvəqqəti yaşaması üçün verdiyi ünvan 3 ünvanında təşkil edirlər. Görüşlərində İslam dininin möcüzələrindən və din alimlərinin kitablarından söhbətlər edirlər. Hər hansı təşkilat tərəfindən maliyyələşdirilmirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, təxminən 1993-cü ildən dinlə, Allaha ibadətlə məşğul olmuş, dini kitablara marağı olmuş, həmin vaxtdan dini kitablar oxuyaraq din barədə daha çox məlumatlar toplamağa calışmış, 1993-cü ildən əvvəllər onunla Bərdə şəhəri 1 nömrəli tam orta məktəbdə oxumuş, dostluq etdiyi X25 ilə birlikdə dinlə maraqlanmışdır, 1994-cü ildən başlayaraq Anar Quliyev ona oxumaq üçün dini kitablar verməyə başlamış, həmin vaxt, yəni 1994-cü ildə Anar Quliyev ona müəllifi X7 «Mektubat» kitabını vermiş, həmin kitabda «Quran» ayələrinin təsviri və Peyğəmbərlərin həyat və möcüzələrindən bəhs olunmuşdur, bundan başqa, həmin vaxtdan 2010-cu ilədək Anar Quliyev ona müəllifi X7 başqa kitablar da vermişdir, bunlardan «Lemalar» kitabı «Quran» ayələrinin şərhi və müxtəlif Peyğəmbərlərin həyatından bəhs edir, «Asayi Musa» kitabı Musa Peyğəmbərin həyatından və möcüzələrindən bəhs edir, «Tarihçei Hayatı» müəllifin öz həyat və yaradıcılığından bəhs edir, «Quran» kitabından surələr və ayələr, bundan başqa həmin müəllifin «Xanımlar rəhbəri», «Ayetül-Kübra», «Meyve Risalesi», «Rahmet ve Şevkat İlaçları» kitabı, «Uxuvvət Risaləsi», «Küçük Sözler», «Münacat», «Namaz Tesbihatı ve Türkçe açıklaması» kitablarını həmin vaxtdan oxumaq üçün özündə saxlamış, bunlardan başqa, bir neçsə il əvvəl dini kitablar və dini mallar satışı olan mağazadan 2 ədəd kiçik ölçülü «Quran»dan surələr kitabları da almışdır. 25 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində Bərdə şəhəri Nüşabə küçəsində yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq yaşadığı evdə qanunsuz olaraq dini kitabların olub-olmamasını soruşmuşlar, o, yaşadığı evdə ozünün oxuduğu dini kitablar oldduğunu demiş, polis əməkdaşları yaşadığı evə baxış keçiriləcəyini bildirmiş, o, ərizə verərək baxış keçirilməsinə etiraz etmədiyimi bildirmiş, bundan sonra videoçəkilişlə yaşadığı evə baxış keçirilmiş, o, yaşadığı evin giriş otağında şifonerin yuxarı gözündə saxladığı həmin dini kitabları polis əməkdaşlarına təqdim etmiş, həmin kitablara polis əməkdaşları tərəfindən baxış keçirilərək götürülmüşdür. Daha sonra verilmiş suallara cavab olaraq Şəxs bildirmişdir ki, o, həmin kitabları əvvəllər bir sinifdə oxuduğu, dostu X8 almışdır, belə ki, o və dostu Anar Quliyev hələ gənc yaşlarından İslam dininə maraq göstərmişlər, dini ibadətlə məşğul olmuşlar və marağı olduğuna görə Türkiyə Respublikasında yaşamış və vəfat etmiş X26 adlı din xadiminin yuxarıda qeyd olunmuş kitablarını Anar Quliyevdən alıb oxumuş və özündə saxlamışdır, o, heç bir dini təşkilatın üzvü deyil, ancaq onun iştirak etdiyi dini yığıncağın üzvlərinə «Nurçular» deyirlər, o, 2022-ci il ərzində Bərdə rayonu İsmət Qayıbov küçəsində yaşayan Tərlan adlı şəxsin evində «Nurçular»ın yığıncaqlarında iştirak etmişdir, həmin yığıncaqlarda ondan başqa 4-5 nəfər iştirak etmişdir, Həmin şəxslər Etibar, Tərlan və xatırlamadığı digər şəxslər olmuşdur, onlar həmin yığıncaqlarda «Qədr gecələri» barədə söhbətlər etmiş, dualar etmişlər və X16 kitablarında yazdıqlarını müzakirə etmişlər, o, həmin yığıncaqlarda hər hansı pul vəsaitinin yığılması barədə heç nə bilmir, bu barədə heç bir məlumatı yoxdur, o, «Nurçuluq»la bağlı heç kimlə təbliğat söhbətləri aparmamışdır, onu X16 kitabları ilə dostu X25 tanış etmişdir və həmin kitabları ona Anar Quliyev vermişdir, lakin Anar Quliyev 2010-cu ildə yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Onlar heç bit dini təriqətin üzvləti deyildir. Sadəcə arada bir evlərində dini söhbətlər edirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X18 tərəfindən tərtib edilmiş protokol əsassızdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis polis kapitanı X18 tərəfindən tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması inzibati xətasını törətmişdir. Bərdə rayon X20 Təhlükəsizlilk Bölməsinin təhqiqatçısı polis mayoru X4 tərəfindən qəbul edilmiş 28 mart 2023-cü il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Bərdə şəhəri, Nüşabə küçəsi ev 3-də yaşayan Şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman aşkar edilmiş ədəbiyyat nümunələri və materiallarda Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmamış, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud olmamış, kütləvi iğtişaşların təşkil edilməsinə və belə iğtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaq kimi hallar olmamışdır. Şəxs əməlində cinаyət tərkibi оlmаdığından inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon X20 Təhlükəsizlilk Bölməsinə göndərilmişdir. Bundan başqa Bərdə Bərdə rayon X20 Təhlükəsizlilk Bölməsinin təhqiqatçısı polis mayoru X4 tərəfindən qəbul edilmiş 28 mart 2023-cü il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 16 ədəd kitabda Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatların olub-olmamasını və digər xüsusatları müəyyən etmək üçün xüsusi bilik tələb olunduğuna görə məhkəmə linqivistikdinşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-linqvistik və dinşunaslıq ekspertizasının 03 mart 2023-cü il tarixli, 4/156 nömrəli rəyindən görünür ki; 1). Təqdim edilmiş ədəbiyyat nümunələri və materiallarda Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmamışdır. 2). Təqdim edilmiş ədəbiyyat nümunələri və materiallarda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud deyildir. 3). Təqdim edilmiş ədəbiyyat nümunələri və materiallarda kütləvi ixtişaşların təşkil edilməsinə və belə ixtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan çağırışlar, eləcə də belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır. 4). Təqdim edilmiş ədəbiyyat nümunələri və materiallarda dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərəyanın və ya dini cərəyanın yayılması və təbliği halları əks olunmamışdır. 5). Təqdim edilmiş ədəbiyyat nümunələri və materiallarda aşkar surətdə milli, irqi, sosialvə ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilməmişdir. 6). Təqdim edilmiş kitablar dini təyinatlı ədəbiyyatlara aiddir. Şəxs məxsus 12 ədəd Səid Nursinin müəllifi olduğu «Risale-i Nur» külliyatına daxil olan kitablarla bağlı bildiririk ki, «Risaleyi-Nur» külliyatına daxil olan və bənzəri dini ədəbiyyatların idxalına, yayılmasına və nəşrinə 2009-cu ilə qədər hər hansı bir məhdudiyyət tətbiq edilməmişdir. Lakin «Risaleyi-Nur» külliyatına daxil olan və bənzəri dini ədəbiyyatlarda dini ekstremizmi təbliğ edən, məzhəblərarası ədavətə səbəb ola biləcək, eləcə də milli-irqi, dini ayrı-seçkilik salan məlumatlara rast gəlinməsə də, sonrakı illərdə ölkədəki mövcud dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyinə görə 2009-cu ildən bu kitabların kütləvi şəkildə ölkəyə idxalı, yayılması və nəşri ekspertlər tərəfindən məqsədəuyğun hesab olunmamışdır. Şəxs sözügedən dini ədəbiyyatların ölkəyə idxalı ilə əlaqədar X32 üzrə Dövlət Komitəsinə müraciət etməmişdir. Eyni zamanda adları aşağıda qeyd olunmuş ədəbiyyat nümunələri Azərbaycan Respublikası ərazisində idxalı, istehsalı, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə, satışı və yayılması məqsədəuyğun olmayan ədəbiyyatlara aid deyildir:

1. «Namaz tesbihatı ve türkçe açıklaması»;

2. «Hizbu ənvaril-haqaiqin-nuriyyə»;

3. «Quran Məcid». 7). Təqdim edilmiş dini təyinatlı məlumat materiallarından aşağıda adları qeyd olunanlar ölkə nəşriyyatında çap olunmuşdur:

1. X11 «X1-i Hayatı» («Nurlar» NPM, Bakı, 2003)

2. X11 «Risale-i X9» («Nurlar» NPM, Bakı, 2005)

3. X11 «Risale-i X10 rəhbəri» («Nurlar» NPM, Bakı, 2001)

4. X11 «Risale-i X17 və şefkat ilaçları» (2 ədəd, «Nurlar» NPM, Bakı, 2007)

5. X11 «Risale-i X24 sözler» («Nurlar» NPM, Bakı, 2007)

6. X11 «Risale-i X13» («Sim» Nəşriyyatı, Bakı, 1996)

7. X11 «Risale-i X14 risaləsi» («Sim» Nəşriyyatı, Bakı, 1996) Digər dini təyinatlı ədəbiyyatlar xaricdən ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının dini etiqad azadlığı haqqında Qanununun 1-ci maddəsinə əsasən şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Beləliklə həmin Azərbaycan Respublikasının dini etiqad azadlığı haqqında Qanununun tələbləri nəzərə alınmaqla və 6-1-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, dini ibadətlər, ayinlər və mərasimlər ziyarətgahlarda, dini ibadət və dəfn yerlərində, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir. Bundan başqa Azərbaycan Respublikasının dini etiqad azadlığı haqqında Qanununun 22-ci maddəsinə əsasən, vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Azərbaycan Respublikasının sərbəst toplaşmaq azadlığı haqqında Qanununun 8-ci maddəsinə əsasən yalnız ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çığırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən tonlantılar qadağan edilir. Beləliklə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinin tərkib əlamətlərini özündə əks etdirən hər hansısa bir sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində ehtiva edilən inzibati xəta tərkibi olmadığından sonuncu barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar