Məhkəmə qərarları › İş №3(021)-999/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-999/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-999/2024 13.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 və inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Bərdə rayonu Həsənqaya kəndində anadan olmuş, Bərdə Rayon Həsənqaya Bələdiyyəsinin sədri vəzifəsində işləyən, Bərdə rayonu Həsənqaya kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 253-1.1.3-cü maddəsində müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 26 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 2023-cü il üçün nəzərdə tutulmuş yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vaxtında təqdim etməmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Bərdə Rayon Həsənqaya Bələdiyyəsinin sədri Şəxs göstərdi ki, 2023-cü il üçün nəzərdə tutulmuş yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vaxtında təqdim etməmişdir. Bunun da səbəbi qanunvericiliyin qeyd olunan tələbini dəqiq bilməmək və vaxt çatışmamazlığı olmuşdur. 04 iyul 2024-cü ildə məlumatları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təsmi qaydada göndərmişdir. Söz verir ki, bundan sonra yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vaxtında təqdim edəcək. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 göstərdi ki, 06 dekabr 2023-cü il tarixdə Bərdə rayon Həsənqaya Bələdiyyəsinə 2023-cü il üçün nəzərdə tutulmuş yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etməsi barədə məktub göndərilmişdir. X1 sədri həmin məlumatları idarəyə vaxtında təqdim etməmişdir. Hər ilin hesabatı növbəti ilin birinci rübünədək təqdim edilməlidir. Bərdə rayon Həsənqaya Bələdiyyəsinin sədri Şəxs məlumatı gecikdirdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsassızdır, Bərdə rayon Həsənqaya Bələdiyyəsinin sədri Şəxs əməlində İXM-nin 253-1.1.3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 253-1.1.3-cü maddəsinə əsasən, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1 və 114.1.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2 və 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 2023-cü il üçün nəzərdə tutulmuş yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vaxtında təqdim etməməsi qeyd olunsa da, protokola əlavə edilmiş sənədlərdən görünür ki, Bərdə rayon Həsənqaya Bələdiyyəsinin sədri Şəxs yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları 04 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərmişdir. Göründüyü kimi, artıq 04 iyul 2024-cü il tarixdə Həsənqaya Bələdiyyəsinin sədri Şəxs sözügedən pozuntunu aradan qaldıraraq müvafiq məlumatları səlahiyyətli orqana (9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə) rəsmi qaydada təqdim etmişdir. Sözügedən pozuntu aradan qaldırıldıqdan xeyli müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, məhkəmə bunu qanunvericiliyin tələbinə uyğun hesab etmir. Çünki, Həsənqaya Bələdiyyəsinin sədri tərəfindən sözügedən pozuntu aradan qaldırıldığına görə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin istinad etdiyi inzibati xəta protokolun tərtib edildiyi xx.xx.2024-cü il tarixdə daha mövcud deyildi. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Bərdə rayon Həsənqaya Bələdiyyəsinin sədi Şəxs əməlində İXM-nin 253-1.1.3-cü maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar