Məhkəmə qərarları › İş №3(022)-1006/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1006/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1006/2024 05.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 21 oktyabr 2024-cü il tarixdə saat 16.47 radələrində “KAMAZ 5511 YÜK” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Biləsuvar, İmişli Bəhrəmtəpə yolunun 18-ci kilometrliyində hərəkətdə olan zaman 327.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Biləsuvar rayonu Yol patrul xidmətinin baş inspektoru polis leytenantı X1 tərəfindən 21 oktyabr 2024-cü il tarixli, İXP seriyalı ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında iştirak etmiş şəxslərin izahatları: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, inzibati xətanın törədilməsində özünü təqsirli bilmir. Şəxs 21 oktyabr 2024-cü il tarixdə Biləsuvar, İmişli Bəhrəmtəpə yolunun 18-ci kilometrliyində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və idarə etdiyi “KAMAZ 5511 YÜK” markalı, nəqliyyat vasitəsinin **-VZ-*** dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirəcək dərəcədə müdaxilə etməsini, 6 rəqəmini rəngləyərək 9 kimi görüntü yaratmasında, eyni zamanda qeydiyyat nişanının üzərini torpaqdan ibarət palçıq qatıyla bilərəkdən örtməsində təqsirli bilindiyini qeyd edərək göstərilən səbəblərdən barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini göstərmişdir. Şəxs polis əməkdaşlarının qeyd etdiyi heç bir hərəkətə yol vermədiyini, hazırda payız fəsli olduğundan və tez-tez yağışlar yağdığından qeydiyyat nömrəsinin üzərinin yağış nətiçəsində palçıqla örtüldüyünü bildirmiş və hətta həmin palçığı yerindəcə nəm əski parçasıyla silərək aradan qaldırdığını qeyd etmişdir. Z.Q.Sadığov əvvəllər inzibati xəta törətməyə görə məsuliyyətə cəlb edilmədiyini, tərtib edilmiş protokolda göstərilən heç bir təqsirə yol verilmədiyini bildirərək, məhkəmədən nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 21 oktyabr 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 oktyabr 2024-cü il tarixdə saat 16.47 radələrində “KAMAZ 5511 YÜK” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Biləsuvar, İmişli Bəhrəmtəpə yolunun 18-ci kilometrliyində hərəkətdə olan zaman 327.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə olunmuş bir ədad CD diskə məhkəmə iclasında baxış keçirilən zaman Şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı, **-VZ-*** dövlət qeydiyyat nişanının üzərindəki palçıq örtüyünün Şəxs tərəfindən bez vasitəsilə silindiyi müəyyən olunmuş, tərəflər arasında baş verən söhbətlərin məzmunu isə CD diskdə səs yazısının qüsurlu olması səbəbindən məhkəməyə aydın olmamışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə olunmuş “KAMAZ 5511 YÜK” markalı, avtomobilin fotoşəkillərindən görünür ki, həmin markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı **-VZ-*** seriyalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İşə baxan məhkəmənin mövqeyi: İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd olunan maddənin dispozisiyasından göründüyü kimi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsi halında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcudluğu nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında materiallara əlavə edilmiş sənədlərdən, fotoşəkillərdən və DVD diskdən görünür ki, Şəxs məxsus olan “KAMAZ 5511 YÜK” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən hər hansı örtüklərdən və ya qurğulardan istifadə edilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şəxs barəsində Biləsuvar rayonu Yol patrul xidmətinin baş inspektoru polis leytenantı X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.9-cu maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar