Məhkəmə qərarları › İş №3(022)-1009/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1009/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1009/2024 25.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1957-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, son bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar şəhəri, T.İsmayılov küçəsində yerləşən 28 nömrəli evdə qeydiyyatda olan yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 20 oktyabr 2024-cü il tarixdə, saat 18:30 radələrində Biləsuvar şəhəri, B.Abbasov küçəsində - ictimai yerdə Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətmiş və həmin əməli ilə ictimai qaydanı pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. 20 oktyabr 2024-cü il tarixdə Biləsuvar şəhər sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, Şəxs onu və ailə üzvlərini söyməsi barədə məlumat vermiş və həmin şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Buna görə Şəxs şəxsiyyəti və olduğu yer müəyyən olunaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Qeyd olunan xüsusatda inzibati xətanın tərkibinin olub-olmamasının araşdırılması ona həvalə edilmiş və o, aparılmış inzibati xəta haqqında iş üzrə araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibinin olduğu müəyyən etmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Biləsuvar rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmədə Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməyərək, göstərdi ki, o, əri vəfat etdikdən sonra Biləsuvar şəhəri, T.İsmayılov küçəsində yerləşən 28 nömrəli evdə tək yaşayır. O, həyətində və darvazasının girişində gül-çiçək əkib-becərir. Zərərçəkmiş şəxs onun qonşusudur və həmin şəxs həyətində xırdabuynuzlu heyvanlar saxlayır. Lakin Zərərçəkmiş şəxs qoyunları onun darvazasasının girişində əkdiyi gülləri yeyirlər. 12 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs gəlini ilə onu arasında sonuncunun qoyunlarının onun həyətinə daxil olması səbəbindən münaqişə yaranmış və buna görə də o, Zərərçəkmiş şəxs bir daha qoyunlarını onun həyətinə buraxmamasını tapşırmışdır. Sonuncu dəfə 20 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs qoyunları onun darvazasının girişində əkib-becərdiyi çiçəkləri yemişlər. O, qoyunlarını otarmasına görə Zərərçəkmiş şəxs irad bildirdikdə, həmin şəxs öz bacıları ilə birlikdə onun ünvanına nalayiq söyüşlər söymüşdür. Buna görə də o əsəbiləşmiş və Zərərçəkmiş şəxs və onun gəlininə qarşılıq verərək, nalayiq ifadələr işlətmişdir. Onun Zərərçəkmiş şəxs ilə mübahisəsi təxminən 10 dəqiqə davam etmişdir. Sonda, Şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, Şəxs onun qonşusudur. Həmin şəxs artıq 4 ildir ki,mütəmadi olaraq onu, mərhum valideynlərini ən ağır söyüşlərlə təhqir edir, daimi olaraq onunla münaqişələr yaradır. O, Biləsuvar şəhəri, B.Abbasov küçəsində yerləşən özünəməxsus evdə xırdabuynuzlu heyvanlar saxlayır və həmin qoyunlarını küçədə otarır. 12 oktyabr 2024-cü il tarixdə Şəxs onun qoyunlarından birinə daş atmış və nəticədə həmin heyvan xəsarət almışdır. Buna görə də onunla Şəxs arasında kiçik bir narazılıq yaranmışdır. Lakin 20 oktyabr 2024-cü il tarixdə o, qoyunlarını otardığı vaxt yenidən Şəxs ucadan onun və gəlinin ünvanına nalayiq ifadələr işlətmişdir. Sonradan həmin şəxs ondan üzr istəməmiş və onunla barışıq əldə etməmişdir. Sonda, Zərərçəkmiş şəxs Şəxs barəsində ən ağır növdə inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs tənha qadın olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə görə altmış yaşına çatmış qadınlar barəsində inzibati həbs tətbiq edilə bilməz. İşin hallarını və Şəxs şəxsiyyətini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinin tələbini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar