Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1076/2023 06.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X3 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1979-cu il tarixdə X1, Şərur rayonu, Mahmudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, X1, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 2023-cü ilin iyun ayında X2 Culfa şəhərində olduğu zaman əldə etdiyi az miqdarda – ümumilikdə 6.860 manat dəyərində 980 qutu “X4” əmtəə nişanlı siqaretləri idarə etdiyi “Mercedes Benz” markalı, 99HV185/99YC153 dövlət qeydiyyat nışanlı yük avtomobilinin yük yerində yerləşdirməklə, 13 iyun 2023-cü il tarixdə, saat 15 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində gömrük orqanına bəyan etmədən Azırbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Buna görə də Şəxs barəsində 16 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilmiş xüsusatları təsdiq edərək göstərdi ki, o, 1992-ci ildən 2022-ci ilin ortalarınadək minik nəqliyyat vasitəsi ilə sürücülük fəaliyyəti ilə məşğul olmuşdur. 2022-ci ilin ortalarından etibarən o, etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı, 99HV185/99YC153 dövlət qeydiyyat nışanlı yük nəqliyyat vasitəsi ilə Bakı-Naxçıvan və Naxçıvan-Bakı şəhərləri arasında yük daşımaqla məşğul olur. O, 10 iyun 2023-cü il tarixdə sifariş əsasında Bakı şəhərinə gətirmək üçün dəmir qırıntıları yükünü Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində idarə etdiyi yük avtomobilinə yükləmiş və yola düşmüşdür. O, Naxçıvan şəhərində gömrük işlərini həyata keçirtdikdən sonra onun idarə etdiyi yük nəqliyyat vasitəsini plomblanılmış və bundan sonra o, Naxçıvan Muxtar Respublikasından Bakı şəhəri istiqamətində yola düşmüşdür. 11 iyun 2023-cü il tarixdə, saat 12 radələrində o, Azərbaycan Respublikasının Culfa gömrük postunu keçmiş və İran İslam Respublikasının Culfa gömrük postuna daxil olmuşdur. Bundan sonra o, sənədlərini İran İslam Respublikasında gömrük rəsmiləşdirməsini həyata keçirən Cəfər adlı İran İslam Respublikası vətəndaşına təqdim etmişdir. Cəfər adlı həmin şəxs ona bir neçə ədəd siqaretinin olduğunu bildirərək, həmin siqaretləri Bakı şəhərinə aparacağı təqdirdə, ona 50 manat miqdarında pul verəcəyini vəd etmişdir. O, həmin şəxsdən siqaretlərin nə qədər olduğunu soruşmuş və sonuncu ona 5 ədəd kiçik ölçülü sellofan bağlamada olmaqla, təxminən 70-80 blok siqaretinin olduğunu, həmin tütün məmulatlarını onun idarə etdiyi nəqliyyat vasitəsinin yük yerinə qoyacağını, habelə həmin siqaretlərin Bakı şəhərində yaşayan bir şəxsə çatdırılmalı olmasını ona bildirmişdir. O, əvvəlcə həmin miqdarda siqaretlərin Bakı şəhərində Cəfər adlı şəxsin ona bildirəcəyi şəxsə çatdırması üçün 50 manatın az olduğunu və 100 manat verəcəyi təqdirdə sonuncunun təklifi ilə razılaşacağını həmin şəxsə bildirmişdir. Lakin Cəfər adlı şəxs onun təklifi ilə razılaşmamış və ona yalnız 50 manat verə biləcəyini bildirmişdir. O, maddi vəziyyəti aşağı olduğuna, habelə əvvəlcədən Cəfər adlı şəxsi tanıdığına görə sonuncunun təklifi ilə razılaşmışdır. Daha sonra o, İran İslam Respublikasının Culfa gömrük postunda idarə etdiyi yük nəqliyyat vasitəsini gömrük əməkdaşlarının müəyyən etdiyi dayanacaqda saxlamış və gömrük postunun yaxınlığında yerləşən, adını hazırda xatırlamadığı kafedə yemək yeməyə getmişdir. Yemək yedikdən sonra o, gömrük postuna geri qayıtmışdır. Həmin vaxt Cəfər adlı şəxs ona hər şeyin hazır olduğunu və siqaretləri onun idarə etdiyi yük avtomobilinin yük yerinə qoyduğunu, habelə Bakı şəhərində yaşayan tanışının onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, ondan həmin siqaretləri təhvil alacağını və razılaşdıqları kimi 50 manat məbləğində pulu verəcəyini bildirmişdir, lakin sonuncu ona Bakı şəhərində ondan tütün məmulatlarını təhvil alacaq şəxsin adını və ya soyadını bildirməmişdir. Bundan sonra o, idarə etdiyi yük nəqliyyat vasitəsi ilə yükün gömrük rəsmiləşdirməsini həyata keçirən məsul şəxsdən, yəni Cəfər adlı şəxsdən sənədlərini alaraq, yola düşmüşdür. O, 12 iyun 2023-cü il tarixdə, səhər saatlarında İran İslam Respublikasının Biləsuvar şəhərinə çatmış və bir gün yarım növbədə gözləmişdir. 13 iyun 2023-cü il tarixdə, günorta saatlarında o, İran İslam Respublikasının Biləsuvar gömrük postuna daxil olmuşdur. Gömrük nəzarətindən keçdiyi vaxt gömrük əməkdaşları onunla şifahi sorğu-sual apararaq, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan, qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmetin olub-olmamasını ondan soruşmuşlar, o isə idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməli olan heç bir predmetin olmadığını bildirmişdir. Bundan sonra iki nəfər hal şahidinin iştirakı ilə və xidməti it tətbiq edilməklə, gömrük əməkdaşları tərəfindən onun idarə etdiyi yük nəqliyyat vasitəsi yoxlanılmağa başlanılmışdır. Yoxlama zamanı xidməti it onun idarə etdiyi “Mercedes Benz” markalı, 99HV185/99YC153 dövlət qeydiyyat nışanlı yük avtomobilinin qoşqusunun ətrafında reaksiya vermiş və gömrük əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi əsaslı şəkildə yoxlanılmağa başlanmışdır. Yoxlama zamanı avtomobilin yük yerində olan yüklərin eyniləşdirilməsi aparılmış və həmin vaxt onun gömrük orqanına bəyan etmədiyi Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış, “X4” markalı hər birində 10 qutu olmaqla 98 blok siqaret aşkar edilmişdir. Bundan sonra yoxlama ilə bağlı protokol tərtib edilmiş və onun idarə etdiyi yük avtomaşınından aşkar edilmiş 980 qutu siqaretlər götürülmüşdür. Tərtib edilmiş protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan başqa, o bildirdi ki, onun həmin siqaretləri Bakı şəhərində təhvil verməli olduğu şəxs barəsində Cəgər adlı şəxsin kimliyi barədə ona heç bir məlumat verməmişdir, habelə o, həmin şəxs ilə və ya hər hansı digər şəxslərlə aksiz markası markalanmamış siqaretlərin alqı-satqısına dair qabaqcadan razılığa gəlməmiş, habelə əvvəllər heç vaxt tütün məmulatlarının alqı-satqısı işi ilə məşğul olmamışdır. O, əvvəllər heç vaxt İran İslam Respublikasından Azərbaycan Respublikasına və ya hər hansı digər ölkələrə qaçaqmalçılıq yolu ilə siqaret və ya digər hər hansı növ yüklər gətirməmiş və ya aparmamışdır. O, hazırda peşmandır və söz veriri ki, bir daha belə bir əməl törətməyəcəkdir. Sonda,Şəxs əməlini etiraf edərək, bundan səmimi peşman olduğunu və hmayəsində 1 övladı olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, işdə olan nəqliyyat vasitəsinin yoxlanılması haqqında 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, 13 iyun 2023-cü il tarixdə, saat 15:30-da İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, 99HV185/99YC153 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində gömrük nəzarəti qaydasında, tütün məmulatlarının axtarışı üzrə təlim keçmiş “Rasi” ləqəbli xidməti itin tətbiq edilməsi ilə, keçirilmiş yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin qoşqusuna reaksiya verdiyinə görə avtomaşının yük yeri əsaslı şəkildə yoxlanılmış və oradan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, 980 qutu “X4” markalı tütün məmulatının aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 iyun 2023-cü il tarixli, 7/904-9/4766 nömrəli rəyindən gorünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan 980 qutu “X4” markalı, ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə İstehsalı olan 1 qutusunun qiyməti 7 manat olan 980 qutu, siqaretlər istifadəyə yararlıdırlar və həmin tütün məmulatlarının 13 iyun 2023-cü il tarixə olan orta bazar qiyməti ümumilikdə 6.860 manatdır. Tədqiqata təqdim edilmiş «X4» markalı siqaretlərdən 50 qutu tədqiqata sərf edilmişdir. İnzibati xəta haqqında işdə olan Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilməsi haqqında 30 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 2023-cü il ərzində 31 yanvar 2023-cü il tarixdən 08 iyun 2023-cü il tariqədək mütəmadi olaraq, Azərbaycan Respublikasından İran İslam Respublikasına gedib-gəlmişdir. Sonuncu dəfə Şəxs 11 iyun 2023-cü il tarixdə idarə etdiyi “Mercedes-Benz” markalı, 99HV185/99YC153 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə “Culfa” sərhəd nəzarət məntəqəsindən keçməklə, İran İslam Respublikasına getmiş və 13 iyun 2023-cü il tarixdə, saat 15:20-də həmin avtomaşınla Biləsuvar sərhəd nəzarət məntəqəsindən keçməklə, İran İslam Respublikası ərazisindən istiqamətində Azərbaycan Respublikası ərazisinə geri qayıtmışdır. İş materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında 30 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə sonuncu barəsində cnayə işi üzrə icraata xitam Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş və həmin cinayət işinin materiallarından Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə material ayrıılmışdır. İşdə olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında 30 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, şəxsiyyəti istintaqa məlum olmayan “Cəfər” adlı şəxsin istifadəsində olan 050 570 83 29 GSM nömrəli adına qeydiyyata alındığı 01 may 1967-ci il təvəllüdlü, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunda qeydiyyatda olan X5 adlı şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilməsi zamanı həmin şəxsə aid hər hansı məlumata rast gəlinmədiyinəgörə həmin şəxsin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, həmin mallar və ya nəqliyyat vasitələri az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin “Qeyd” hissəsinə görə həmin Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən Həmin Məcəllənin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 1 uşağı olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir. Bununla əlaqədar hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində inzibati xətanın bilavasitə obyekti olan, ümumilikdə 6.860 (altı min səkkiz yüz altmış) manat malların dəyərinin 60 (altmış) faizi miqdarında – 4.116 (dörd min bir yüz on altı) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri Rəfayil Əliyev
Məhkəmə qərarları › İş №3(022)-1076/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1076/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver