Məhkəmə qərarları › İş №3(022)-1120/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1120/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1120/2024 27.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Biləsuvar Rayon X8 Təhlükəsizlik Bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, barəsində 1 il ərzində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbirləri tətbiq olunmamış, Biləsuvar rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin əldə etməsində, saxlamasında və daşınmasında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun cinayət əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar əsasında 05 noyabr 2024-cü il tarixdə, saat 07:54 radələrində Biləsuvar şəhər Azadlıq küçəsində piyada hərəkətdə olan zaman saxlanılmış və üstü yoxlanılmış Şəxs təqdim etdiyi 1 ədəd bükümdə marixuanaya bənzər maddə qablaşdırımış və həmin bükülü ilə birlikdə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərdi ki, o, Biləsuvar rayon X8 təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. 05 noyabr 2024cü il tarixdə Şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxs şöbənin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində piyada hərəkətdə olduğu vaxt saxlanılmış, Biləsuvar rayon polis şöbəsinə aparılmış, şöbənin inzibati binasında videoçəkiliş aparılmaqla, Şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı həmin şəxsin üzərindən isə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Araşdırma zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığına görə həmin şəxs barədə materiallar Biləsuvar rayon X8 təhlükəsizlik bölməsinə göndərilmişdir. Buna görə də tərəfimdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, həmin narkotik vasitəni polis əməkdaşlarına göstərmək üçün götürmüşdür, lakin yadından çıxmışdır. Həmin tarixdə saat 07:54 radələrində Biləsuvar şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Şöbənin inzibati binasında onun üzərinə baxış keçirilmiş və o, üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra baxışın keçirilməsinə dair protokol tərtib olunmuş, onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qablaşdırılmışdır. O və digər baxış iştirakçıları protokola və qablaşdırmanın üzərinə imza etmişlər. Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində seçiləcək inzibati təbeh tədbirinin növünü məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati xəta haqqında” 06 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, 05 noyabr 2024-cü il tarixdə Qarayev X6 şəhəri Azadlıq küçəsində piyada hərəkətdə olduğu vaxt narkotik vasitə olan 0,606 qram qurudulmuş marixuananı əldə edib saxlamışdır. “İnzibati qaydada tutma haqqında” AZA 020106 nömrəli, 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 26 noyabr 2024-cü il tarixdə, saat 10:00-da tutulmuş, 27 noyabr 2024-cü il tarixdə azad edilmişdir. “Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” AZA 008355 nömrəli, 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 26 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardaddan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməsinə dair işə baxılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 05 noyabr 2024-cü il tarixli, 19/718 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar edilərək götürülmüş bükülü...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -0,606 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata 0,05 qram sərf olunmuş, qalıq – 0,556 qram qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 Məcburi X5 26 noyabr 2024-cü il tarixli 809 nömrəli ekspert rəyindən görünür ki, Şəxs KANNABİNOİDLƏRİN istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında baxış keçirilmiş 2 ədəd CD diskdəki görüntülərlə müəyyən olunur ki, Şəxs narkotik vasitə qurudulmuş marixuananı daşıyarkən, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 05 noyabr 2024-cü il tarixdə Azadlıq küçəsində piyada hərəkətdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış, üzərinə keçirilmiş baxış zamanı həmin narkotik narkotik vasitə qurudulmuş marixuana 01 ədəd sellofona bükülmüş bükülü aşkar olunaraq götürülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X1 Məcburi X5 26 noyabr 2024-cü il tarixli 809 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 05 noyabr 2024-cü il tarixli, 19/718 saylı rəyi eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlini etiraf edərək peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin şəxsə cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, inzibati həbsin əvvəli 27 noyabr 2024-cü il, saat 13.00-dan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X1 Məcburi X5 26 noyabr 2024-cü il tarixli 809 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,556 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 16 (on altı) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 27 noyabr 2024-cü il tarixdən, saat 13:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. Şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 0,556 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar