Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1121/2023 13.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1988-ci il tarixdə Biləsuvar rayonu, Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış, himayəsində 1 azyaşlı uşağı olan, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(007)-784/2023 saylı icra sənədinə əsasən Şəxs 28 may 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 18 yanvar 2023-cü il tarixdən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyi 20 fevral 2023-cü il tarixədək hər ay 193 manat, 20 fevral 2023-cü il tarixdən başlayaraq hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 13 noyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(007)-784/2023 saylı qətnaməsi ilə borclu Şəxs 28 may 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 18 yanvar 2023-cü il tarixdən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyi 20 fevral 2023-cü il tarixədək hər ay 193 manat, 20 fevral 2023-cü il tarixdən başlayaraq hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatı alınmışdır. Şəxs borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Belə ki, borclu 10 iyul 2023-cü il tarixdə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və sonuncunun izahatı alınmışdır. Şəxs həmin izahatında ondan aliment tutulmalı olmasından məlumatı olduğunu, ona borcunu ödəməsi məqsədi ilə 10 gün vaxt verilməsini xahiş etmiş və həmin vaxt ərzində 500 manat ödəyəcəyini, qalan borcunu isə aliment ödədiyi zaman hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan sonra Şəxs aliment borcundan avqust ayında hissə-hissə olmaqla, ümumilikdə 170 manat ödəmiş, lakin sentyabr ayında isə heç bir ödəniş etməmişdir. Borclu barədə onun tərəfindən 03 oktyabr 2023-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilmişdir. Bundan sonra Şəxs borcundan oktyabr ayı ərzində hissə-hissə olmaqla cəmi 200 manat ödəmiş, eyni zamanda icra məmurunun çağırışlarına gəlməkdən imtina etmişdir. Buna görə də Şəxs barəsində axtarış elan edilmiş və o, 13 noyabr 2023-cü il tarix Biləsuvar rayon polis şöbəsi tərəfindən İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. 13 noyabr 2023-cü il tarixli izahatında Şəxs aliment borcundan hazırki tarixədək cəmi 370 manat ödədiyini və hazırda 2.223 manat məbləğində borcunun qaldığını və qəza keçirdiyi üçün aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Belə ki, Şəxs izahatlarında maddi imkanın aşağı olduğunu və aliment borcunu ödəməyə maddi gücünün çatdığını bildirmişdir. Lakin həmin şəxs taksi sürücüsü kimi çalışır və aliment ödəməkdən qəsdən yayınır. Buna görə də onun tərəfindən borclu barədə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə verilmişdir. Sonda, N.B.Bəhmənov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(007)-784/2023 icra sənədinə əsasən ondan 28 may 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 18 yanvar 2023-cü il tarixdən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyi 20 fevral 2023-cü il tarixədək hər ay 193 manat, 20 fevral 2023-cü il tarixdən başlayaraq hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, həmin məhkəmə iclasında şəxsən iştirak etmiş və iddiaçının iddiasını qəbul edərək, uşağının saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində aliment ödəməyə özü razılıq vermişdir. Lakin onun maddi imkanı olmadığına görə o, aliment borcunu tam ödəyə bilməmiş, həmin borcundan hissə-hissə olmaqla, cəmi 370 manat ödəmiş və buna görə də onun barəsində icra məmuru tərəfindən 13 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, məhkəməyə verilmişdir. O, hazırda törətdiyi əməldən peşmandır və ona kifayət qədər vaxt veriləcəyi təqdirdə tələbkara olan aliment borcunu ödəyəcəkdir. Sonda, Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxsun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(007)-784/2023 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 07 aprel 2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 1 azyaşlı uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini, habelə Şəxs hazırda da məhkəmə qətnaməsini icra etməməsini, habelə uzun müddət ərzində də sonuncunun icra sənədinin icrasını təmin etməməsini nəzərə alaraq, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 13 noyabr 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-1121/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1121/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver