Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1127/2023 14.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1995-ci ildə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Bəydili kəndi, Füzuli küçəsindəyerləşən 52 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(022)-554/2021 saylı icra sənədinə əsasən Şəxs “Ferrum Capital” qapalı səhmdar cəmiyyətinin xeyrinə 30 iyul 2020-ci il tarixli, BZM000428 saylı əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 604 manat, cərimə qismində 90 manat 60 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat 40 qəpik, cəmi 725 manat məbləğində pul vəsaiti tutulmalıdır. Bundan başqa, Biləsuvar Rayon notariat ofisinin xüsusi notariusunun 05 avqust 2022-ci il tarixli, 8İ-4656 nömrəli icra qeydinə əsasən icra qeydi üzrə borclu Şəxs BPM**********23 nömrəli müqavilə üzrə ödənilməmiş borcun əvəzi qismində 8.559 manat 13 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 25 manat, cəmi 8.584 manat 13 qəpik məbləğində pul vəsaiti “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Borclu icra vərəqələrində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 14 noyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmədə bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(022)-554/2021 saylı icra sənədinə əsasən Şəxs “Ferrum Capital” qapalı səhmdar cəmiyyətinin xeyrinə 30 iyul 2020-ci il tarixli, BZM000428 saylı əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 604 manat, cərimə qismində 90 manat 60 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat 40 qəpik, cəmi 725 manat və Biləsuvar Rayon notariat ofisinin xüsusi notariusunun 05 avqust 2022-ci il tarixli, 8İ-4656 nömrəli icra qeydinə əsasən həmin şəxsdən BPM**********23 nömrəli müqavilə üzrə ödənilməmiş borcun əvəzi qismində 8.559 manat 13 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 25 manat, cəmi 8.584 manat 13 qəpik məbləğində pul vəsaiti “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Biləsuvar Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(022)-554/2021 saylı icra sənədi Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Bəhmənovun, Biləsuvar Rayon notariat ofisinin xüsusi notariusunun 05 avqust 2022-ci il tarixli, 8İ-4656 nömrəli icra qeydi isə onun icraatında olmuşdur. Həmin icra sənədləri icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatı alınmışdır. Şəxs borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Belə ki, Şəxs 12 sentyabr 2022-ci il tarixli və 14 noyabr 2023-cü il tarixli izahatlarında həmin icra qeydinə əsasən “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin xeyrinə ödəməli olduğu borcunu ödəyə bilməməsinə səbəbin maddi imkanının olmamasını və fəhləlik fəaliyyəti ilə məşğul olaraq, həmin borcunu birdəfəlik ödəyə bilmədiyini qeyd etmişdir. Lakin bu müddətdə Ə.Ə.Abbasov bircə dəfə də olsun hətta kiçik məbləğlərdə də olsa belə heç bir ödəniş etməmişdir. Bu isə Ə.Ə.Abbasovun icra sənədlərinin icrasından qərəzli şəkildə boyun qaçırdığını göstərir. Buna görə də onun tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, onun barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icraatında 2 icra sənədi vardır. O, 2021-ci ilədək müddətdən artıq hərbi xidmət qulluqçusu kimi işlədiyinə və maddi imkanı əlverişli olduğuna görə 2020-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətindən kredit götürmüş və bir müddət ödənişlər etmişdir. Lakin o, Vətən Müharibəsində iştirak etdikdən sonra onda psixoloji problemlər yaranmış və o, öz istəyi ilə hərbi xidmətdən tərxis olunmuşdur. Bu səbəbdən onun maddi imkanı əhəmiyyətli dərəcədə pisləşmişdir. Buna görə də o, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinə olan borcunu ödəyə bilməmişdir. Bundan başqa, o, hələ hərbi xidmətdə olduğu dörvdə, bir tanışının əvəzinə “Ferrum Capital” qapalı səhmdar cəmiyyəti ilə nisyə alqı-satqı müqaviləsi əsasında əşya almışdır. O, hazırki tarixə qədər həmin borcunu tanışının ödədiyini zənn etmiş, lakin yaxın vaxtlarda ona məlum olmuşdur ki, həmin şəxs “Ferrum Capital” qapalı səhmdar cəmiyyətinə olan borcundan heç bir ödəniş etməmişdir. Hazırda o, fəhlə kimi müxtəlif yerlərdə işləyir və qazancı günəmüzddur. Hazırda o, ailəsini dolandıran yeganə şəxsdir və himayəsində bir övladı var. Buna görə də o, ailəsini dolandırmağa belə çətinlik çəkir, nəinki borcunu ödəmək. O başa düşür ki, o, tələbkarlara olan borcunu ödəməlidir, lakin onun hazırda həmin borcunu ödəməyə imkanı yoxdur və ona vaxt veriləcəyi təqdirdə borcunu ödəməyə çalışacaqdır. Həmçinin o, Bakıda işləməyə başlamışdır və söz verir ki, bu aydan başlamaqla, tələbkarlara olan borcunu ödəyəcəkdir. Sonda, Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, inzibati xəta haqqında iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(022)-554/2021 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən müvafiq olaraq 14 iyul 2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İş materiallarından görünür ki, Biləsuvar Rayon notariat ofisinin xüsusi notariusunun 05 avqust 2022-ci il tarixli, 8İ-4656 nömrəli icra qeydinə əsasən icra məmuru tərəfindən müvafiq olaraq 26 avqust 2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetirib-yetirmədiklərini araşdırmağa borcludurlar. Borcluların öz maddi öhdəliklərini yerinə yetirməmələrinə haqq qazandırmaq üçün göstərdikləri səbəblər təqsirin səciyyələndirilməsi üçün həlledici idi, çünki onlar məsuliyyətdən azad olmaq üçün əsas yarada bilərdi. Borcluların maliyyə vəziyyətinin və öhdəliklərini yerinə yetirməməkdə vicdanlılığının fərdi qiymətləndirilməsi vacib idi. Cinayət xarakterli, lakin inzibati aspektləri olan müvafiq prosedur ittihamı təqdim edən tərəfdən borcunu yerinə yetirməyən borcluların faktiki olaraq, iddia etdiklərinin əksinə olaraq, borclarını ödəmək üçün maliyyə imkanlarına malik olduğunu sübut etməyi tələb edirdi. Belə olan halda aydın idi ki, ərizəçilərin daxili məhkəmələrdə irəli sürdükləri arqumentlər, xüsusən də onların tələblərə əməl etməmələrinin səbəbinin borcları ödəmək üçün maddi imkanlarının olmaması ilə bağlı arqumentləri həlledici əhəmiyyət kəsb edirdi. Qanunun faktiki redaksiyası və ərizəçilərin göstərdiyi üzrlü səbəblərin əsaslı olubolmaması barədə aydın cavab və məhkəmə qərarı tələb edirdi. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1-ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. Yerli məhkəmələr tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməməsinin səbəbləri tam araşdırılmamış, əksinə özləri borcluların məhkəmə qərarının icrasına mane olan maliyyə çətinliklərinin faktiki doğruluğuna dair heç bir şübhə ifadə etmədən ərizəçilərin qeyri-müəyyən maliyyə vəziyyətlərinə istinad etmişlər. Bundan başqa, Konstitusiya Məhkəməsi məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati həbs və ya tənbeh tətbiq edilərkən bütün faktların məhkəmələr tərəfindən ətraflı araşdırılması tələbini, borclunun hərəkətlərində qəsdin olub-olmamasının qiymətləndirilməsinin vacibliyini vurğuladığı halda, sanksiya tətbiq etmiş məhkəmələr tərəfindən məhkəmə icraçısının tələblərini yerinə yetirmək üçün bütün mümkün vasitələrdən istifadə edilib-edilməməsi araşdırılmamışdır. Yuxarıda qeyd edilənlər isə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin pozuntusu hesab edilmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 1 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, A.Ə.Nəsirova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-1127/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1127/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver