Məhkəmə qərarları › İş №3(022)-1145/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1145/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1145/2025 16.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X6, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X2, zərərçəkmiş X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx.xx.1978-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, il ərzində inzibati tənbehi olmayan, Biləsuvar rayonu Çaylı kəndində yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında 16 dekabr 2025-ci il tarixli, MN № ******* saylı və MN № ******* saylı inzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:05 radələrində X7 ilə mübahisə edərək onu ucadan küçə söyüşləri ilə təhqir edərək, ictimai qaydanı pozmuş, həmçinin X4 məxsus VAZ-21043 markalı avtomobilin yan şüşəsini sındıraraq ona 130 manat maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollarda müəyyən edilmiş bir neçə inzibati xətanın Şəxs tərəfindən törədilməsinə istinad olunduğuna və həmin inzibati xəta haqqında protokollara baxılması eyni orqanın – Biləsuvar rayon Məhkəməsinin səlahiyyətinə aid olduğuna görə, inzibati xəta haqqında işin baxılmasına hazırlıq haqqında 16 dekabr 2025-ci il tarixli müvafiq qərarlarla İXM-nin 34.2-ci maddəsinə əsasən qeyd edilən inzibati xəta haqqında protokollara birlikdə baxılması qərara alınmışdır. Belə ki, həmin inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarda həmin şəxsə istinad edilən Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətalar eyni vaxtda törədilmişdir və həmin inzibati xəta haqqında protokollara baxılması Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X8 bildirdi ki, o, Biləsuvar rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:05 radələrində X7 ilə mübahisə edərək onu ucadan küçə söyüşləri ilə təhqir edərək, ictimai qaydanı pozmuş, həmçinin X4 məxsus VAZ-21043 markalı avtomobilin yan şüşəsini sındıraraq ona 130 manat maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir.Qeyd edilən xüsusat üzrə Biləsuvar rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş və iş materialları Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələri ilə məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Biləsuvar rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. O, qeyd edilən materialları tədqiq etdikdən sonra Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xəta tərkiblərinin olmasını müəyyən edərək, sonuncu barəsində həmin maddələrlə inzibati xəta haqqında protokollar tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında iş üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, o, Azər Əhmədovu əvvəllər tanımamış, onunla heç bir münasibəti və ədavəti olmamışdır. 04 dekabr 2025-ci il tarixdə təxminən saat 18 radələrində öz heyvanlarını örüş sahəsindən yaşadığı evə, Çaylı kəndindin girişində heyvanları asfalt hissəsi ilə gətirən zaman Azər özünə məxsus VAZ 21043 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə heyvanların qarşsına çıxmışdır.O, Azər Əhmədova bir neçə dəqiqəlik səbr etməsini, heyvanları sürüb oradan keçirəcəyimi demişdir.Lakin Azər avtombolinin işıqlarını gücləndirərək heyvanların içərisinə girmişdir.O, Azərin avtomobili hərəkət etdirməsinə görə sürdüyü atdan düşmüş, bir daha ona gözləməsini demişdir.Lakin Azər onunla kobud danışdığına görə aralarında sözlə mübahisə olmuşdur.Mübahisə zamanı Azərin onu təhqir etməsinə görə o, da ücadan onun barəsində nəlayiq sözlər işlətmişdir.Daha sonra əsəbləşdiyi üçün onun avtomobilinə yaxınlaşıb sürücü tərəfdən avtomobilin qapısını tutmuş və özünə tərəf çəkmişdir. Həmin vaxt Azər Əhmədova məxsus VAZ 21043 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan şüşəsi sınmışdır.Daha sonra heyvanlarını sürərək oradan uzaqlaşdırmışdır. İş üzrə zərərçəkmiş X7 məhkəmə iclasında göstərdi ki, o, özü məişət avadanlıqlarının təmiri ilə məşğul olur. 04 dekabr 2025-ci il tarixdə Biləsuvar rayonu Çaylı kəndində iş görüb özünə məxsus VAZ 21043 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə geri qayıdan zaman Çaylı kəndinin mərkəzində qoyun sürüsü avtomobilin qarşısına çıxmışdır.O, avtomobili saxlamış, daha sonra qoyunları gətirən Əlizamin adlı şəxs atının üzərində ona yaxınlaşıb keçməyi demişdir.O, Əlizamin adlı şəxsə heyvanlarını və atı sürməsini demişdir. Bundan sonra Əlizamin atdan düşərək onu nəlayiq sözlərlə təhqir edib əlindəki ağac ilə avtomobilinin sürücü əyləşən qapısından bir dəfə vurmuşdur.Daha sonra əli ilə avtomobilinin sol yan şüşəsini özünə tərəf çəkərək sındırmışdır.O, Əlizaminin hərəkətlərinə görə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. İşdə olan 10 dekabr 2025-ci il tarixli Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs hərəkətləri barəsində toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələrinin tərkib əlamələri müəyyən olunduğundan onun barəsində qəbul edilmiş qərarın surəti Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olduğuna görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 dekabr 2025-ci il tarixli qərarı qəbul etmiş Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X1 Əlizamin Həsənxan oğlu tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 18:05 radələrində X7 ilə mübahisə edərək onu ucadan küçə söyüşləri ilə təhqir edərək, ictimai qaydanı pozmuş, həmçinin X4 məxsus VAZ-21043 markalı avtomobilin yan şüşəsini sındıraraq ona 130 manat maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etdiyini müəyyən etsə də, Şəxs əməlini Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə tövsif edərək, cinayət işinin başlanmasını rədd etmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Həmin maddənin məzmunundan görünür ki, şəxsin əməlinin xırda xuliqanlıq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməsi üçün şəxsin ictimai qaydanı pozan hərəkətlərinin özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşaiyət edilməməsi qanunverici tərəfindən şərt kimi müəyyən edilmişdir. Lakin inzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs ictimai qaydanı pozan hərəkətlərinin özgənin əmlakının qəsdən məhv etməsi ilə müşaiyət olunduğuna görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə (özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələmə) də inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, hazırki inzibati xəta haqqında işin materiallarını tədqiq edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirsizlik prezumpsiyası hüququna xələl gətirmədən məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs icitimai qaydanı pozan hərəkətlərə yol verərək, X7 ilə mübahisə edərək onu ucadan küçə söyüşləri ilə təhqir edərək, ictimai qaydanı pozmuş, həmçinin X4 məxsus VAZ-21043 markalı avtomobilin yan şüşəsini sındırmışdır. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tələbinə görə xuliqanlıq dedikdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən cəmiyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydaının kobud surətdə pozulması təqsirkarın elə hərkətidir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahtçılıq hissinə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək, ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «B.Yusifovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan, təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən tötədilən cinayətdir. CM-nin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirilir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla, əmlakı məhv etmək dedikdə, mülkiyyət formasından asılı olmayaraq, əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə, ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülməlidir. Bu halda əməlin hüququ tövsifü xuliqanlıq nəticəsində vurulan maddi ziyanın miqdarından asılıdır. Yuxarıda sadalanan Azərbaycan Respublikası CM-nin maddələrindən də göründüyü kimi xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətdir. Xuliqanlıq cinayətinin əsas obyekti qismində ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin və mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmin cinayət əməli obyektiv cəhətdən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə müşayiət edilsə də, həmin hərəkətlərin hər biri 3 mühüm əlamətə malik olmalıdır: 1) həmin hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı; 2) belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və 3) şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. İnzibati xəta haqqında iş materillarından isə görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:05 radələrində X7 ilə mübahisə edərək onu ucadan küçə söyüşləri ilə təhqir edərək, ictimai qaydanı pozmuş, həmçinin X4 məxsus VAZ-21043 markalı avtomobilin yan şüşəsini sındıraraq ona 130 manat maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsini tətbiq edərkən hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirləndirilən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Bununla əlaqədar hesab edirəm ki, işin araşdırılması zamanı hüquq-mühafizə orqanın vəzifəli şəxsləri Şəxs əməllərini düzgün şəkildə tövsif etməyərək, həmin şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri mövcud olduğu halda, Şəxs barədə Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri ilə protokol tərtib etmişlər. Azərbaycan Respublikası CM-nin 14-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinin tələbinə görə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.2-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bundan başqa, həmin Məcəllənin 85-ci maddəsinin tələbinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs əməlində cinayətin əlamətləri aşkar edildiyinə görə Şəxs barəsində toplanmış materiallar Biləsuvar rayon Prokurorluğuna göndərilsin. Qərardan 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar