Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1158/2024 12.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X8 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1987-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Şirvan şəhəri, G.Mehmandarov küçəsi, 45 nömrəli evin 6 saylı mənzilində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tədqiqata məlum olmayan mənbədən qanunsuz olaraq, 01 ədəd bükümdə təmiz çəkisi 1,126 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 10 dekabr 2024-cü il tarixdə, saat 19:29-da X3 idarə etdiyi «VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar-Bəhrəmtəpə yolunun 22-ci kilometrliyində hərəkətdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə aparılmış, şöbənin inzibati binasında üzərinə keçirilmiş baxış zamanı həmin narkotik narkotik vasitə qurudulmuş marixuana əynində olan paltonun sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. 10 dekabr 2024-cü il tarixdə Şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxsin içərisində olduğu ehtimal edilən «VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil şöbənin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülərmüşdür. Həmin nəqliyyat vasitəsi 10 dekabr 2024-cü il tarixdə, saat 19:29-da Biləsuvar-Bəhrəmtəpə yolunun 22-ci kilometrliyində hərəkətdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və avtomaşında olan şəxslər Biləsuvar rayon polis şöbəsinə aparılmışdır. Şöbənin inzibati binasında videoçəkiliş aparılmaqla Şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı həmin şəxsin üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra Şəxs şübhəli şəxs kimi tutulmuşdur. Lakin toplanmış materiallar əsasında Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X5 tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyinə və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığına görə həmin şəxs barədə cinayət işinin başlanması rədd edilmiş və materiallar Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bundan sonra, 11 dekabr 2024-cü il tarixdə Şəxs inzibati qaydada tutulmuşdur. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, əvəllər quldurluq cinayətinə görə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur və təxminən 2 il yarımdır ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bir neçə gün bundan əvvəl o, Şirvan şəhərində olarkən yerdən bir büküm tapmış və həmin bükülünün içərisinə baxdığı vaxt orada narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin bükümü sonradan istehlak etmək məqsədilə əynindəki paltonun yan cibinə qoymuşdur. O, dostu birlikdə işləmək üçün Qarabağ bölgəsinə getməyə qərar vermişdir. Onlar 10 dekabr 2024cü il tarixdə Şirvan şəhərində taksiçilik fəaliyyəti ilə məşğul olan X3 idarə etdiyi «VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qarabağa getmək üçün yola düşmüşlər. Lakin onlar həmin gün, saat 19 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 22ci kilometrliyində hərəkətdə olduqları vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Şöbənin inzibati binasında onun üzərinə baxış keçirilmiş və o, üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra baxışın keçirilməsinə dair protokol tərtib olunmuş, onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qablaşdırılmışdır. O və digər baxış iştirakçıları protokola və qablaşdırmanın üzərinə imza etmişlər. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İşdə olan məhkəmə-bioloji ekspertizasının 11 dekabr 2024-cü il tarixli, 19/776 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Şəxs üzərindən götürülmüş 1 ədəd qurudulmuş marixuananın qablaşdırıldığı zərf...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,126 qram olan bitki mənşəli kütlə tərkibinda narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadir. Tədqiqata 0,05 qram sərf olunmuş, qalıq – 1,076 qram qalmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, həmin şəxsə cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, inzibati həbsin əvvəli Şəxs faktiki olaraq tutulduğu və azadlıq hüququnun məhdudlaşdırıldığı vaxtdan, yəni 10 dekabr 2024-cü il tarixdə, 19:30-dan hesablanmalıdır. İş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 11 dekabr 2024-cü il tarixli, 838 saylı rəyindən görünür ki, Şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindiromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmçinin hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,076 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 40 (qırx) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 10 dekabr 2024-cü il tarixdən, saat 19:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. Qərar, Şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməsinə dair hissədə, Şəxs ona təyin olunmuş inzibati həbs növündə inzibati tənbehi çəkib qurtardıqdan sonra icra olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,076 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-1158/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1158/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver