Məhkəmə qərarları › İş №3(022)-117/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-117/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-117/2024 29.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X7 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyən X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vidadi oğlunun iştirakı ilə, Şəxs Vidadi oğlunun, xx xxxx 1992-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, Təzə məhəllədə yerləşən nömrəsiz evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Vidadi oğlu təhqiqat orqanına məlum olmayan şəxsdən qanunsuz olaraq 0,211 qram çəkidə narkotik vasitəs tiryəki satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etmiş, saxlamış və daşıyarkən 04 yanvar 2024-cü il tarixdə, saat 13:20də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsində üzərinə keçirilmiş baxış zamanı həmin narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. 04 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar şəhər sakini K.V.Ələsgərlinin Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olduğu zaman narkotik vasitələri qanunsuz olaraq əldə etməsində və üzərində gəzdirməsində şübhəli şəxs kimi saxlanıldıqdan sonra həmin şəxsin üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin əməkdaşları tərəfindən video çəkiliş aparılmaqla keçirilmiş baxış zamanı, 0,211 qram narkotik vasitə tiryək aşkar olunmuşdur. Aparılmış araşdırma zamanı K.V.Ələsgərli həmin narkotik vasitəni tutulduğu gündən təxminən 3-4 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş həmin narkotik vasitə şəxsi istehlak miqdarı həddində olduğuna görə həmin şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda araşdırma zamanı K.V.Ələsgərlinin Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi toplanmış materialda öz təsdiqini tapmışdır. Buna görə də toplanmış materiallar Biləsuvar rayon Polis Şöbəsinə göndərilmiş və onun tərəfindən K.V.Ələsgərli barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs Vidadi oğlu inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, son zamanlar narkotik vasitə tiryək istehlak etməyə başlamışdır. O, sonuncu dəfə tutulduğu vaxtdan bir neçə gün əvvəl Bakı şəhərində olduğu zaman tanımadığı şəxsdən 15 manat qarşılığında həmin narkotik vasitə tiryəki almışdır. O, həmin narkotik vasitənnin bir hissəsini istehlak etmiş, qalan hissəsinin isə sonradan istehlak etmək məqsədi ilə üzərində gəzdirmişdir. 04 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində, o, Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin Polis Şöbəsinə aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsində videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Həmin vaxt o, üzərində olan narkotik vasitə tiryək polis əməkdaşlarına təqdim etmiş və həmin narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istehlakı məqsədilə aldığını və şəxsi üzərində daşıdığını bildirmişdir. Bundan sonra baxışın keçirilməsinə dair protokol tərtib olunmuş, onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə tiryək qablaşdırılmışdır. O və digər baxış iştirakçıları protokola və qablaşdırmanın üzərinə imza etmişlər. O, yalnız son zamanlar təsadüfi şəkildə narkotk vasitə istehlak etməyə başlamış və təxminən 7-8 ay fasilə ilə istifadə edir. Onun arvadının qardaşı X2 2016-cı ildə “aprel döyüşləri” zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğurunda döyüş əməliyyatlarında şəhid olmuşdur. Hazırda onun arvadı X5 hamilədir və hamiləliyinin son mərhələlərindədir. Onun arvadı heç bir yerdə işləmir və həm maddi, həm də fiziki cəhətdən onun yardımına möhtacdır. Əgər onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilərsə, onun arvadı tək qalacaq. Buna görə də K.V.Ələsgərli törətdiyi əməldən peşman olduğunu bildirərək, barəsində inzibati həbslə əlaqədar olmayan yüngül inzibati təbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla K.V.Ələsgərlinin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İşdə olan məhkəmə-bioloji ekspertizasının 05 yanvar 2024-cü il tarixli, 19/05 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs Vidadi oğlunun üzərindən aşkar olunmuş bükülü...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,211 qram olan bitki mənşəli kütlə tərkibinda narkotik maddə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata 0,05 qram sərf olunmuş, qalıq – 0,161 qram qalmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, K.V.Ələsgərlinin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. K.V.Ələsgərlinin törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində şəhid bacısı olan hamilə arvadının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə K.V.Ələsgərlinin məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və K.V.Ələsgərlinin şəxsiyyətini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, K.V.Ələsgərlinin cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati xəta haqqında iş materiallarından görünür ki, K.V.Ələsgərli 04 yanvar 2024cü il tarixdə, 14:30-da şübhəli şəxs qismində tutulmuş, 15 yanvar 2024-cü il tarixdə, saat 15:20-də azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsində saxlanılan, xalis çəkisi 0,161 qram olan narkotik vasitə tiryək məhv edilməlidir. İş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 05 yanvar 2024-cü saylı rəyindən görünür ki, K.V.Ələsgərlidə opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. K.V.Ələsgərlinin narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır və həmin şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Buna görə də məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 05 yanvar 2024-cü il tarixli, 03 saylı rəyini nəzərə alaraq hesab edir ki, K.V.Ələsgərliyə narkomaniyadan məcburi müalicə təyin edilməli və həmin şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Vidadi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsində saxlanılan, xalis çəkisi 0,161 qram narkotik vasitə tiryək məhv edilsin. Şəxs Vidadi oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və Şəxs Vidadi oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar