Məhkəmə qərarları › İş №3(022)-123/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-123/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-123/2024 06.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X1 iclas katibliyi ilə, Şəxs, Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ev 1 yerləşən (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs ünvanına 12 yanvar 2024-ci il tarixdə Biləsuvar Gömrük idarəsi Rəsmiləşdirmə Mərkəzi 2-ci bölmədə **********029 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən 56258056 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş “Metal borular” yüklərini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannəməsi verməli olduğu halda, 09 yanvar 2024-ci il tarixdə saat 12:01 radələrində Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verməmişdir. Buna görə də Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X2 tərəfindən 26 yanvar 2024-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta haqqında 01200-00058/24 saylı protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və məhkəməyə gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxsin əməli düzgün olaraq, Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyanaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar ilə ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 saylı “Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları” haqqında qərarına görə fiziki şəxslər tərəfindən gömrük sərhəddindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmilşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İXM-in 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Şəxs (VÖEN **********1) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Rəfayil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar