Məhkəmə qərarları › İş №3(022)-1249/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1249/2023

09.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1249/2023 09.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X11 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxx 1977-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, Biləsuvar rayonu, Nəsimi kənində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində inzibati tutma tətbiq edilmiş, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 08 dekabr 2023-cü il tarixdə, saat 18:50 radələrində Biləsuvar rayonu, Nəsimi kəndində «KİA» markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu zaman nəqliyyat vasitəsinin işıqları nasaz vəziyyətdə olduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşlarının ondan alkoqol iyinin kəskin qoxusu gəldiyinə görə sərxoş olub-olmamasının müəyyən edilməsi məqsədi ilə həkim müayinəsindən keçmək barədə tələbini icra etməyərək, polis əməkdaşlarının xidməti fəaliyyətinin icrasına mane olmamaq barədə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də A.B.Əliyev barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərdi ki, o, Biləsuvar Rayon Polis X1 Bölməsində sahə rəisi vəzifəsində işləyir. 08 dekabr 2023-cü il tarixdə, saat 18:50 radələrində Biləsuvar rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin yol patrul xidməti əməkdaşları X6 və X3 «BMW» markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulla Biləsuvar rayonu, Nəsimi kəndində xidmətdə olduqları zamanı «KİA» markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqlarının nasaz vəziyyətdə olduğunu görmüş və həmin nəqliyyat vasitəsinin sürücüsünə polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilmişdir. Lakin sürücü A.B.Əliyev həmin yerdən uzaqlaşaraq, nəqliyyat vasitəsini saxlamamışdır. Bundan sonra polis əməkdaşları polis avtopatrulu ilə birlikdə «KİA» markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı həmin avtomobili izləmiş və bir qədər məsafə qət etdikdən sonra saxlaya bilmişlər. Polis nəfərləri A.B.Əliyev ilə söhbət zamanı sonuncunun ağzından kəskin alkaqol iyi gəldiyi üçün onu həkim tibbi müayinəsindən keçməyə dəvət etmişlər. A.B.Əliyev isə kəskin şəkildə etiraz edərək, avtomobildə olan qohumlarını köməyə çağırmışdır. Bundan sonra «KİA» markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən qadın cinsinə mənsub olan şəxslər düşərək, hay-küy salmışlar və A.B.Əliyev hadisə yerindən uzaqlaşaraq, evinə daxil olmuşdur. Daha sonra polis əməkdaşları A.B.Əliyevi həmin gün saat 20:45-də Biləsuvar rayon mərkəzi xəstəxanasında tapa bilmiş və sonuncu təkrarən polis əməkdaşlarından qaçıb-gizlənmək istəmiş, habelə sonuncularla aqressiv formada ünsiyyətə daxil olmuşdur. Buna görə də polis əməkdaşları həmin şəxsi tabesizliyə görə məcburi qaydada tutmuş və Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra isə onun tərəfindən həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, izahatında bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olmaqla yaşayır. 08 dekabr 2023-cü il tarixdə, gündüz saatlarında, o, özünə məxsus fermada olarkən, tanışları ilə yemək zamanı spirtli içkilər qəbul etmişdir. Həmin gün, axşam saatlarında o, yaşadığı evə qayıtmaq istəyərkən, «KİA» markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin akkumlyatorunda nasazlıq yarandığı üçün o, başqa şəxsə məxsus avtomobilin akkumlyatorundan istifadə etməklə, avtomobili hərəkətə gətirmişdir. O, idarə etdiyi «KİA» markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə fermadan evinə gəldiyi zaman yolda avtomaşının işıqlarında nasazlıq yaranmışdır. Bundan sonra isə o, yoluna davam etmiş və evinə çatdığı zaman arxasında «BMW» markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulun onu izlədiyini görmüşdür. O, polis əməkdaşının ona “saxla” işarəsini verdiyini sonuncularla söhbət zamanı bilmişdir. Bundan sonra o, sərxoş vəziyyətdə olduğuna görə ondan alkoqol iyinin gəldiyini həmin polis nəfərləri dərhal duymuş və ona həkim müayinəsindən keçməyi təklif etmişlər. O isə sərxoş vəziyyətdə olduğuna görə həmin vaxt etdiyi hərəkətlərin fərqində olmamış və polis əməkdaşlarına müqavimət göstərərək, idarə etdiyi avtomaşında olan ailə üzvlərini köməyə çağırmışdır. Bundan sonra qarışıqlıq yaranmış və o, yaranmış fürsətdən istifadə edərək, hadisə yerindən uzaqlaşaraq evinə getmişdir. Lakin həmin gün saat 20:45-də, o, anasını tibbi müayinəyə apararkən, polis əməkdaşları onu Biləsuvar rayon mərkəzi xəstəxanasında tapmışlar və o, təkrarən sonunculara müqavimət göstərdiyinə görə polis əməkdaşları tərəfindən məcburi qaydada Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. Sonda A.B.Əliyev əməlindən səmimi peşman olduğunu, himayəsində 3 övladının olduğunu nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, o, Biləsuvar Rayon Polis Şöbəsi dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru vəzifəsində işləyir. 08 dekabr 2023-cü il tarixdə «BMW» markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulla Biləsuvar-Bəhramtəpə yolunun Biləsuvar rayonu, Nəsimi kəndindən keçən hissəsində, həmkarı X5 ilə birlikdə xidməti vəzifələrini icra edərkən, saat 18:50 radələrində «KİA» markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolayrıcında manev qaydalarını pozduğunu və işıqlarının nasaz vəziyyətdə hərəkət etdiyini görmüş və həmin nəqliyyat avsitəsinin sürücüsünə “saxla” işarəsi vermişlər. Lakin sürücü A.B.Əliyev idarə etdiyi nəqliyyat vasitəsinin sürətini artıraraq həmin yerdən uzaqlaşaraq, nəqliyyat vasitəsini saxlamamışdır. Bundan sonra onlar polis avtopatrulu ilə birlikdə «KİA» markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı həmin avtomobili uzaqdan izləmiş və həmin şəxs yaşadığı evin qarşısında, küçədə, nəqliyyat vasitəsini saxladıqdan sonra ona yaxınlaşmışlar. Onlar A.B.Əliyev ilə söhbət zamanı sonuncunun ağzından kəskin alkohol iyi gəldiyi üçün ona tibbi müayinəyə dəvət etmişlər. A.B.Əliyev isə kəskin şəkildə etiraz edərək, yaşadığı evdə olan qohumlarını köməyə çağırmışdır. Bundan sonra A.B.Əliyevin qadın cinsinə mənsub olan ailə üzvləri yol-patrul xidməti avtomobilinin yanına gələrək, məhz A.B.Əliyevin təhriki ilə hay-küy salmışlar. A.B.Əliyev isə bundan istifadə edərək hadisə yerindən uzaqlaşaraq, yaşadığı evə daxil olmuşdur. Daha sonra onlar həmin gün saat 20:45-də Biləsuvar rayon mərkəzi xəstəxanasında tapa bilmiş və sonuncu təkrararən onlardan qaçıb-gizlənmək istəmiş və onlar ilə aqressiv formada ünsiyyətə girmişdir. Buna görə də onlar həmin şəxsi tabesizliyə görə məcburi qaydada tutmuş və Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. İnzibati xəta haqqında iş üzrə şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsi dövlət yol polisi bölməsinin əməkdaşı X5 şahid E.X.Məmmədli ilə eyni məzmunlu izahat verərək, A.B.Əliyevin 08 dekabr 2023-cü il tarixdə, saat 18:50 radələrində Biləsuvar rayonu, Nəsimi kəndində «KİA» markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu zaman nəqliyyat vasitəsinin işıqları nasaz vəziyyətdə olduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşlarının ondan alkohol iyinin kəskin qoxusu gəldiyi üçün polis əməkdaşları tərəfindən sərxoş olub-olmamasının müəyyən edilməsi məqsədi ilə həkim müayinəsinə getmək barədə tələbini icra etməyərək, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını, hadisə yerindən qaçıdığını və onlar tərəfindən həmin gün saat 21:00-da Biləsuvar rayon mərkəzi xəstəxanasında inzibati qaydada tutulduğunu təsdiq etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla A.B.Əliyevin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, A.B.Əliyevin şəxsiyyətini, əvvəllər məhkum olunmamasını və onun təqsirinin dərəcəsini nəzərə alıram. A.B.Əliyevin törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində 3 uşağı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. A.B.Əliyevin inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. İşin hallarını və A.B.Əliyevin şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, A.B.Əliyevə cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, həbsin əvvəli tutulduğu vaxtdan, yəni 08 dekabr 2023-cü il tarixdən saat 21:00-dan hesablanmalıdır. İnzibati xəta haqqında iş materiallarından görünür ki, A.B.Əliyev barədə 08 dekabr 2023-cü il tarixdə inzibati qaydada tutma tətbiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 08 dekabr 2023-cü il tarixdən saat 21:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərardan 10 (on) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar