Məhkəmə qərarları › İş №3(022)-1258/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1258/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1258/2023 11.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X10 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1982-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, boşanmış, himayəsində 3 uşağı olan, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş və məhkəməyə təqdim edilmiş 11 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(051)-699/2020 saylı qətnaməsinə əsasən 24 noyabr 2008-ci il təvəllüdlü X4, 24 may 2010-cu il təvəllüdlü X5 və 08 sentyabr 2012-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatnadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 120 manat olmaqla, hər ay cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs Seyyaf qızına verilməsi qət edilsə də, Şəxs icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru N.B.Bəhmənov məhkəməyə verdiyi izahatında bildirdi ki, əvvəllər Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icraatında Şəxs Zərərçəkmiş şəxs Seyyaf qızının xeyrinə hər ay cəmi 300 manat aliment tutulması barədə İmişli Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(036)-731/2018 saylı icra sənədi olmuş, Mingəçevir Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(051)-699/2020 saylı qətnaməsi ilə həmin alimentin miqdarı artıralaraq, Şəxs və Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 120 manat, cəmi 360 manat aliment tutulması qət edilmişdir. Şəxs “DOST İş Mərkəzinin” xətti ilə məşğulluğa cəlb edilərək, X9 Təhcizatı və Satışı İdarəsinin X2 fəhlə işlədiyinə görə aliment tutulması barədə icra sənədi Şəxs iş yeri üzrə aldığı 250 manat məbləğində əmək haqqının 70 faizinə yönəldilmişdir. 2020 və 2021-ci illərdə Şəxs əmək haqqından hər ay orta hesabla 175 manat məbləğində pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs ödənilmişdir. Lakin məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin aylıq məbləği 360 manat olduğu üçün Şəxs əmək haqqından orta hesabla hər ay tutulan 175 manat aliment icra sənədi üzrə borcu tam ödəməyə kifayət etmədiyinə və nəticədə Şəxs 2.144 manat məbləğində aliment borcu yarandığına görə onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək məhkəməyə təqdim edilmişdir. Lakin Biləsuvar rayon Məhkəməsinin hakiminin 14 sentyabr 2021-ci il tarixli, 3(022)-262/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməmiş və həmin şəxs barədə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Həmin vaxtdan sonra Şəxs iş yerindən aldığı əmək haqqı artaraq, 345 manata yüksəlsə də, həmin vəsaitin tutma yönəldilmiş 70 faizlik hissəsi də aylıq 360 manat məbləğində alimentin ödənilməsinə kifayət etmədiyinə görə Şəxs halhazıradək 8.066 manat məbləğində aliment borcu yaranmışdır. Həmin aliment borcunun ödənilməsi dəfələrlə Şəxs təklif edilmiş, həmin şəxs icra məmurunun çağırışları üzrə bir qayda olaraq vaxtında icra şöbəsində gəlsə də, maddi vəziyyətinin aylıq 360 manat məbləğində pul vəsaitini ödəmədiyini əsas tutaraq, icra vərəqəsini tam icra etməmişdir. Buna görə də Şəxs əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilə biləcəyi hər hansı əmlak müəyyən olunmamışdır. Lakin icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ondan yuxarı icra hakimiyyəti orqanlarına şikayətlər etdiyinə görə o, Şəxs əməlinə məhkəmə tərəfindən qiymət verilməsi üçün yenidən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, Şəxs ahıl yaşlı anası ilə birlikdə sonuncuya məxsus köhnə və təmirsiz evdə yaşayır, öz adına hər hansı əmlak və ya torpaq sahəsi yoxdur. Həmin şəxs həftənin 5 günü, gündə 8 saat ərzində, X2 fəhlə işləyir və aylıq 345 manat məbləğində əmək haqqı alır. Şəxs onun hər hansı qanuni tələblərinin icrasından boyun qaçırmayaraq, onun çağırışlarına vaxtında gəlsə də, icra sənədi üzrə əsas tələbi – aliment borcunun ödənilməsi tələbini icra etmədiyinə və 2021-ci ildən sonra qalıq aliment borcu artdığına görə o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonda N.B.Bəhmənov Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati material üzrə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, tələbkar Zərərçəkmiş şəxs Seyyaf qızı əvvəllər onunla nikahda olmuş və həmin nikahdan onların 3 uşağı vardır. 2018-ci ildən sonra onunla Zərərçəkmiş şəxs arasında ər-arvad münasibətləri tamamilə kəsilmiş və Zərərçəkmiş şəxs ona qarşı aliment tələbi barədə İmişli rayon məhkəməsində iddia qaldırmış və ondan Zərərçəkmiş şəxs xeyrinə hər ay 300 manat aliment tutulması qət edilmişdir. O, anasının aldığı pensiyanın köməyi ilə uşaqların saxlanması naminə hər ay aliment borcunu tam ödəməyə cəhd göstərsə də, 2020-ci ildə Zərərçəkmiş şəxs alimentin miqdarının artırılması barədə hazırda yaşadığı Mingəçevir rayon Məhkəməsində iddia qaldırmışdır. Mingəçevir Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən birgə nikahlarından anadan olmuş 3 uşağın saxlanması üçün ondan alimentin məbləği artırılmış və hər ay 360 manat aliment alınaraq, Zərərçəkmiş şəxs verilməsi müəyyən edilmişdir. Halbuki, 2018-ci ildən sonra nəinki onun maddi vəziyyəti yaxşılaşmamış, əksinə o, əvvəlki daimi iş yerini itimiş və uzun müddət fərdi qaydada fəhləliklə məşğul olmuşdur. 2019-cu ildə onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 gün müddətində inzibati həbs tətbiq olunduqdan sonra, məhz Biləsuvar rayon Məhkəməsinin tapşırığı və Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin köməyi və “DOST İş Mərkəzinin” xətti ilə işsizlərin məşğulluğa cəlb edilməsi proqramı çərçivəsində X2 fəhlə işinə işə qəbul edilmişdir və hazırda aylıq cəmi 345 manat məbləğində əmək haqqı alır. Həmin əmək haqqının 70 faizi aliment ödənilməsinə yönəldilir. O, faktiki olaraq anasının aldığı pensiya və və iş yoldaşlarının ona etdiyi maddi köməklə dolanır. Onun hər hansı başqa qazancı və gəlir yeri yoxdur. O, iş vaxtından sonra işləməyə cəhd göstərsə də, heç kəs saat 18:00-dan sonra onun fəhlə kimi həyətində və evində işləməsinə razı olmur. O, özünə başqa iş tapmağa cəhd göstərsə də, bu sahədə biliklərə malik olmasına baxmayaraq, elektrik ustası kimi hər hansı peşə və texnikum təhsili olmadığına görə, hətta iş tapdığı müəssisələr belə onu elektrik sahəsində işə götürməkdən imtina edirlər. O, hətta Biləsuvar rayonunda fəaliyyət göstərən peşə məktəbində təhsil almaq üçün müraciət etsə də, onun əmək müqaviləsi olduğuna görə onu həmin məktəbə götürməkdən imtina etmişlər. İcra məmuru isə aliment borcunu ödəməyəcəyi təqdirdə onu daima həbs ediləcəyi ilə hədələyir. O, ahıl yaşlı və xəstə anasının pensiyası ilə dolandığı halda, anasının pensiyasının da aliment ödənilməsinə yönəldilməsini anasından tələb edə bilmir. Onun qardaşı X3 zamanı şəhid olduğuna görə anasına şəhid ailəsi olaraq Biləsuvar rayonunda 0,05 hektar ölçüdə torpaq sahəsi ayırılmışdır. Onun aliment borcunun ödənilməsi naminə anası həmin torpaq sahəsini ən ucuz qiymətə satışa çıxarsa da, qeyd edilən torpaq sahəsi də satılmır. O, icra məmurunun bütün çağırışlarına gəlir və icra məmurunun hər hansı göstərişini icra etməkdən boyun qaçırmır. Lakin ayda 360 manat qazanc əldə etmək imkanı olmadığı üçün o, aliment borcunu tam ödəyə bilmir. Hər bir halda yığılmış aliment borcunu ödəmək öhdəliyi qalır və ömrünün sonuna qədər də olsa, həmin borcu ödəməli olacaqdır. Sonda Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(051)-699/2020 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 04 avqust 2020-ci il tarixli qərarla icraata başlanılmışdır. İşdə olan Şəxs icra işi üzrə kartoçkasından görünür ki, Şəxs “DOST İş Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti ilə sosial işçi kimi ictimai işlərlə məşğul olmaq məqsədilə aylıq 345 manat əmək haqqı ilə əmək müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə görə həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilir. İşin məhkəmə iclasında tədqiq edilib, öyrənilmiş hallarından görünür ki, borclu Şəxs Mingəçevir Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(051)-699/2020 saylı icra sənədini tam icra etməmiş Şəxs hərəkətləri qəsdlə əhatə olunmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi və icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 44.1.3-cü maddəsinə görə isə könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi həmin Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. İşdə olan sübutlarla isə təsdiq olunur ki, icra sənədi üzrə icraat zamanı aparılmış yoxlamalar zamanı Şəxs mülkiyyətində icra sənədi üzrə tələbin yönəldiləcəyi hər hansı əmlak və pul vəsaitləri müəyyən olunmamışdır. Şəxs “DOST İş Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti ilə sosial işçi kimi ictimai işlərlə məşğul olmaq məqsədilə əmək müqaviləsi bağlamışdır və hazırda həmin X9 Təhcizatı və Satışı İdarəsinin X2 fəhlə işləyərək, aylıq 345 manat məbləğində əmək haqqı aldığı üçün tələb borclunun həmin əmək haqqına yönəldilmişdir. Şəxs aldığı əmək haqqının 70 faizindən tutulmalar aparılaraq, icra sənədi üzrə borcun ödənilməsinə yönəldilir. İşin məhkəmə iclasında tədqiq olunmuş hallarından görünür ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməklə bağlı çağırış üzrə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə könüllü olaraq gəlir və maddi vəziyyətinin imkan verdiyi hədlərdə icra sənədinin icrasına cəhd göstərir. İcra məmuru isə Şəxs hansı hərəkətlərinin məhkəmə qətnaməsini icra etməməsinin qərəzli xarakter daşıdığına və borclunun icra məmurunun hansı qanuni tələblərinini yerinə yetirmədiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, icra məmumu məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs ahıl yaşlı anası ilə birlikdə sonuncuya məxsus köhnə və təmirsiz evdə yaşayır, öz sahibliyində və ya mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı əmlakı və ya torpaq sahəsi yoxdur. Həmin şəxs həftənin 5 günü, gündə 8 saat ərzində, X2 fəhlə işləyir və aylıq 345 manat məbləğində əmək haqqı alır. Hesab edirəm ki, borclu Şəxs daimi iş yeri üzrə hər ay 345 manat məbləğində əmək haqqı aldığı, hər hansı başqa gəliri və tələbin yönəldilə billəcəyi əmlakı olmadığı halda, aylıq 360 manat məbləğində vaxtaşırı ödəməni tam icra edə bilməməsi özü-özlüyündə həmin şəxsin məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməməsi sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi, inzbati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün həmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsalana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin Məcəllənin 8.3cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2 və 53.0.6-cı maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda və ya bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadlanan hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar