Məhkəmə qərarları › İş №3(022)-129/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-129/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-129/2023 24.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 30 iyul 1996-cı ildə Biləsuvar rayonu Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu Bəydili kəndində yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 11 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində, Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində yerləşən yolayrıcında sərnişini olduğu avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra digər avtomobilin sürücüsü və hadisə yerinə baxış keçirən yol-patrul xidməti əməkdaşları ilə mübahisə edərək və ucadan söyüşlər və nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozduğuna və cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol verdiyinə görə Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, bundan sonra həmin polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının ünvanına da uca səslə nalayiq ifadələr işlədərək, inzibati binanın giriş qapısına yumruqla zərbələr endirərək, Biləsuvar rayon polis şöbəsinin normal fəaliyyətini pozmuşdur. Bundan başqa, Şəxs 11 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində, Biləsuvar rayon Polis Şöbəsinin inzibati binasında, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə son qoyulmasına dair polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Qeyd edilən inzibati xəta haqqında protokollarda müəyyən edilmiş bir neçə inzibati xətanın Şəxs tərəfindən törədilməsinə istinad olunduğuna və həmin inzibati xəta haqqında protokollara baxılması eyni orqanın – Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğuna görə, inzibati xəta haqqında işin baxılmasına hazırlıq haqqında 12 yanvar 2023cü il tarixli müvafiq qərarlarla Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən qeyd edilən inzibati xəta haqqında protokollara birlikdə baxılması qərara alınmışdır. Belə ki, həmin inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarda Şəxsı istinad edilən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətalar eyni vaxtda törədilmişdir və həmin inzibati xəta haqqında protokollara baxılması Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş S.V.Cəbili izahatında göstərdi ki, o, Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi vəzifəsində işləyir. 11 yanvar 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin növbətçi hissəsinə Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən işıqforun yaxınlığında avtoqəza hadisənin baş verməsi barədə məlumat daxil olduqdan sonra polis şöbəsinin post patrul xidmətinin əməkdaşları həmin hadisə yerinə getmişlər. Həmin vaxt Biləsuvar rayonu Bəydili kənd sakini Şəxs digər qəzalı avtomobiin sürücüsü ilə mübahisə edərək onun və Biləsuvar rayon X6 X7 əməkdaşlarının ünvanına ucadan söyüşlər və sair nalayiq idafələr işlətməsi aşkar edilmişdir. Buna görə də Şəxs sərxoşluq müayinəsindən keçirilməsi üçün Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılmış və onun orta dərəcəli sərxoşluq vəziyyətində olması müəyyən edilmişdir. Şəxs Biləsuvar rayon polis şöbəsinə gətiridikdən sonra da şöbənin əməkdaşlarının ünvanına nalayiq sözlər söyləyərək onları təhqir etmiş və şöbənin inzibatı binasının arxa giriş qapısına yumruqla zərbə vuraraq qapının taxta hissəsini sındırmışdır. O, araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində həmin maddələrlə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə özünü təqsirli bilərək, göstərdi ki, o, 11 yanvar 2023-cü il tarixdə, axşam saatlarında, yaşadığı evdə şam edərkən, xeyli miqdarda spirtli içkilər qəbul etmiş və daha sonra o, sərxoş vəziyyətdə olduğu üçün xalası oğlu onun avtomobilini idarə etmişdir. Onların olduğu avtomobil Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində yerləşən yolayrıcında dayanarkən, qarşı tərəfdən hərəkətdə olan avtomobillə toqquşmuşdur. O, avtomobilini yeni aldığına və avtoqəza baş verməsində digər sürücü təqsirli olduğuna görə o, əsəbləşmiş və digər avtomobilin sürücüsü ilə mübahisə etməyə başlamışdır. Sonradan polis əməkdaşları onların mübahisəsinə müdaxilə etmiş və onları Biləsuvar rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Spirtli içkinin təsirindən və yüksək sərxoşluq dərəcəsində olduğuna görə o, Biləsuvar rayon polis şöbəsinin inzibati binasında etdiklərini dumanlı şəkildə xatırlayır və oradakı aqressiv hərəkətlərinin səbəbini bilmir. Lakin əgər barısində yüngül inzibati tənbeh tətbiq olunarsa, polis şöbəsinin inzibati binasına vurduğu maddi zərəri aradan qaldıracaqdır. Sonda Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, o, Biləsuvar Rayon Polis Şöbəsinin Post-patrul xidmətinin polis serjantı vəzifəsində işləyir. 11 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində, Biləsuvar rayon polis şöbəsinin növbətçi hissəsindən daxil olmuş məlumat əsasında o, iş yoldaşı X4 ilə Biləsuvar şəhəri, S.Vurğun küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində yerləşən işıqforun yaxınlığında baş vermiş avtoqəza hadisəsi yerinə getmişdir. O, hadisə yerinə gəldikdə Biləsuvar rayonu Bəydili kənd sakini Şəxs digər qəzalı avtomobiin sürücüsü və Biləsuvar rayon X6 X7 əməkdaşları ilə mübahisə edərək onun və polis əməkdaşlarının ünvanına nalayiq sözlər işlətdiyini görmüşdür. Şəxs sərxoşluq müayinəsindən keçirilməsi üçün Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılmış və onun orta dərəcəli sərxoşluq vəziyyətində olması müəyyən edilmişdir. Şəxs Biləsuvar rayon polis şöbəsinə gətiridikdən sonra da şöbənin əməkdaşlarının ünvanına nalayiq sözlər söyləyərək onları təhqir etməyə davam etmiş və şöbənin inzibatı binasının arxa qapısına yumruqla zərbə vuraraq qapının taxta hissəsini sındırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X4 şahid X2 izahatı ilə eyni məzmunlu izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxsi və şahidləri dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İnzibati xətanı sərxoş halda törətməsini iş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan əsas inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-nin 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-nin 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, həbsin əvvəli tutulduğu vaxtdan, yəni 11 yanvar 2023-cü il tarixdən saat 23:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 11 yanvar 2023-cü il tarixdən saat 23:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar