Məhkəmə qərarları › İş №3(022)-138/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-138/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-138/2023 19.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Polis Şöbəsinin polis kapitanı X2 tərəfindən tərtib edilmiş 13 yanvar 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Mercedes C 200 minik” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs 13 yanvar 2023-cü il tarixdə, saat 12:00-da, Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulması halına (hallarına) yol vermişdir. Lakin tərəfimdən qeyd olunan inzibati xəta haqqında material üzrə işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun düzgün tərtib olunmaması, yaxud təritb edilmiş materialın natamam olması və işə baxılarkən onun tamamlanmasının mümkün olmaması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi həmin maddə ilə inzibati xəta tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə görə isə həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulması inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməlidir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda isə inzibati xətanın mahiyyəti, Şəxs hansı təqsirli hərəkətləri ilə inzibati xəta törətməsi və həmin hərəkətlərinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun hansı müddəalarının tələblərini pozduğu göstərilməmiş və Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin dispozisiyası qeyd edilməklə kifayətlənilmişdir. Halbuki, yol nəqliyyat hadisəsinin baş verməsi mürəkkəb hadisələr fonunda yol hərəkəti iştirakçısının təqsiri olmadan, «Yol hərəkəti haqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmadan da törədilə bilər və yol nəqliyyat hadisələri zamanı yol hərəkəti iştirakçılarının təqsiri sübutların məcmusu ilə təsdiq olunmalı, habelə yol hərəkəti iştirakçılarının hərəkətlərinin (hərəkətsizliyinin) «Yol hərəkəti haqında» Azərbaycan Respublikası Qanununun hansı normalarının tələblərini pozduğu müəyyən olunmalı, yalnız bundan sonra hüquq pozuntusunun mövudluğu təsbit olunmalıdır. Həmçinin inzibati xəta haqqında protokolun inzbati xəta nəticəsində vurulmuş zərərə dair hissəsi boş saxlanıldığına görə Şəxs inzibati xəta nəticəsində hansı zərərçəkmiş şəxsin və ya zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarətinin yetirildiyini və ya ona (onlara) maddi zərər vurulduğunu müəyyən etmək mümkün deyildir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 100.1.6-cı maddəsinin tələbinə görə şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı inzibati xəta haqqında protokolda göstərilməlidir. Lakin qeyd olunan inzibati xəta haqqında protokolda yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxs (zərərçəkmiş şəxslər) barədə ümumiyyətlə heç bir məlumat qeyd edilməmişdir. Habelə iş materiallarından görünür ki, inzibati xəta haqqında protokol tərtib edilərkən zərərçəkmiş şəxsə hüquqları və vəzifələri izah edilməmiş, bu barədə protokolda müvafiq qeydlər aparılmamış və protokolun surəti zərərçəkmiş şəxsə verilməmiş və ya rəsmi qaydada göndərilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 62, 100.2 və 100.3-cü maddələrinin tələbinə görə protokol tərtib edilərkən inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzraatın digər iştirakçılarına (o cümlədən zərərçəkmiş şəxsə) həmin Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməli, bu barədə protokolda müvafiq qeydlər aparılmalıdır. Həmin şəxslərin inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası İXM-nin 100.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolu tərtib etmiş şəxsin vəzifəsi göstərilməli olduğu halda, məhkəməyə daxil olmuş protokolda onu tərtib etmiş vəzifəli şəxsin yalnız iş yeri və rütbəsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.1 və 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələsini və inzibati xəta haqqında protokol və işi digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq surətdə tərtib edilib-edilməməsi məsələsini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana və vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş material düzgün tərtib olunmadığına, tərtib edilmiş material natamam olduğuna və işə baxılarkən onun tamamlanması mümkün olmadığına görə həmin material onu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin polis kapitanı X1 geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109cu maddələrinə əsasən QƏRARA ALDİM: Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material onu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin polis kapitanı X1 geri qaytarılsın. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar