Məhkəmə qərarları › İş №3(022)-152/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-152/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-152/2025 24.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1992-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, Vətən Müharibəsi iştirakçısı, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi küçəsi, 271 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 2024-cü ilin dekabr ayında Biləsuvar şəhəri ərazisində narkotik vasitə olan marixuana istehlak etmiş və 20 dekabr 2024-cü il tarixdə narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün aparılmış nakroskinninq müayinəsinin və 26 dekabr 2024-cü il tarixdə keçirilmiş xromotoqrafik analizin nəticələrinə görə Şəxs aid tibbi nümunələrdə narkotik vasitə “THC (marixuana)” aşkar edilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X3 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin göstərişi əsasında keçirilmiş tibbi müayinə zamanı “Azterminalkompleks” Birliyi Biləsuvar rayon şöbəsində fəhlə kimi çalışan Şəxs sidik nümunələrində narkotik vasitə olan marixuananın aşkar edilməsi barədə Biləsuvar rayon polis şöbəsinə məlumat vermişdir. Belə ki, 20 dekabr 2024-cü il tarixdə Şəxs müayinədən keçirilmiş və həmin şəxsə məxsus sidik nümanəsində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Daha sonra həmin şəxs 21 dekabr 2024-cü il tarixdə Şəxs əvvəlcə Bakı Narkoloji Mərkəzində müayinədən keçmiş, lakin həmin şəxsin qanında və ya ifrazatında narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Müayinənin nəticələrində ziddiyyətli məqamlar olduğuna görə Şəxs təkrarən müayinədən keçmək üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti “Hərbi-tibb Baş İdarəsinin Mərkəzi Laboratoriyası”na göndərilmişdir. “Hərbi-tibb Baş İdarəsinin Mərkəzi Laboratoriyası”nda 27 dekabr 2024-cü il tarixli xromotoqrafik analiz nəticələrinə əsasən isə Şəxs qan nümunələrində 48,081 ng/ml narkotik vasitə “THC – C00Y” aşkar edilmişdir. Bununla da 20 dekabr 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsində apraılmış nakroskinninq müayinəsi ilə Şəxs ifrazat nümunələrində narkotik vasitə “THC (marixuana)” aşkar edilməsi öz təsdiqini tapmışdır. Buna görə də Şəxs 23 yanvar 2025-ci il tarixdə Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə aparılmışdır. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibinin olması müəyyən edildiyinə görə onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları qismən qəbul edərək göstərdi ki, o, 30 dekabr 2024-cü il tarixədək “Azterminalkompleks” Birliyinin Biləsuvar rayon şöbəsində fəhlə işləmişdir. 19 dekabr 2024-cü il tarixdə, o, Biləsuvar şəhərində, tanışları ilə birlikdə hansısa məclisdə olarkən, yanında tanımadığı şəxs narkotik vasitə olan marixuana çəkmiş və o, özündən asılı olmayan səbəblərdən həmin marixuananın tüstüsünü udmuşdur. Növbəti gün o, iş yerinə getdikdən sonra, Biləsuvar Gömrük İdarəsinin və “Azterminalkompleks” Birliyinin Biləsuvar rayon şöbəsin digər əməkdaşları ilə birlikdə narkotik müayinəsindən keçirilmiş və ona məxsus sidik nümanəsində narkotik vasitə olan marixuananın qalıqları aşkar edilmişdir. O, həmin rəylə razılaşmadığına görə o, 27 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti “Hərbi-tibb Baş İdarəsinin Mərkəzi Laboratoriyasında müayinəyə göndərilmişdir. Lakin anasının səhhəti ağır olduğuna görə o, bir gün öncədən, yəni 26 dekabr 2024-cü il tarixdə, həmin laboratoriyaya getmiş və təkrar müayinədən keçmişdir. Çünki, o, narkotik vasitə qəbul etmədiyinə əmin olduğuna və Bakı Narkoloji Mərkəzində keçdiyi müayinə nəticəsində onun qanında və ya sidiyində narkotik vasitə və ya psixotrop maddə aşkar edilmədiyinə görə, Dövlət Təhlükəsizlik Xidməti Hərbitibb Baş İdarəsinin Mərkəzi Laboratoriyasında da qanından narkotik vasitə aşkar olunmayacağına əmin olmuşdur. Lakin Hərbi-tibb Baş İdarəsinin Mərkəzi Laboratoriyasında aparılmış analizin nəticələrinə əsasən onun qanında narkotik vasitə marixuana bir daha aşkar edilmişdir. 27 dekabr 2024-cü il tarixdə onun anası uzun sürən ağır xəstəlikdən vəfat etmişdir. 30 dekabr 2024-cü il tarixdə isə onunla bağıanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün o, işdən çıxarılmışdır. O, hazırki vaxta qədər narkotik vasitə və ya psixotrop maddə istehlak etməmişdir və buna görə də aparılmış müayinələr nəticəsində onun qanında və ya sidiyində narkotik vasitə aşkar edilməsini onun 19 dekabr 2024-cü il tarixdə iştirak etdiyi məclisdə başqa şəxsin çəkdiyi marixuananın tüstüsünü udması ilə əlaqələndirir. O, “Vətən Müharbəsi”ndə iştirak edərək, Fizuli, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi üçün aparılmış döyüşlərdə iştirak etmiş, buna görə müvafiq medallarla təltif edilmişdir. Müharibədən sonra da o, özünü nümunəvi vətəndaş kimi göstərmişdir. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu bildirdi və barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, işdə olan X2 narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün aparılmış nakroskinninq müayinəsinin nəticəsinə dair 20 dekabr 2024cü il tarixli çıxarışdan görünür ki, Şəxs həmin klinikada müayinədən keçirilmiş və ona məxsus sidik nümanəsində narkotik vasitə “THC (marixuana)” aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti “Hərbi-tibb Baş İdarəsinin Mərkəzi Laboratoriyasında aparılmış xromotoqrafik analizin nəticələrinə dair tibbi sənədin surətindən görünür ki, 26 dekabr 2024-cü il tarixdə Şəxsn götürülmüş tibbi nümünələrin analizi zamanı narkotik vasitə “THC –C00H” aşkar edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, Vətən Müharibəsi iştirakçısı olmasını, “Fizulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Buna görə də işin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün inzibati cərimə də kifayət edir və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında iş materiallarından isə görünür ki, Şəxs barədə 23 yanvar 2025-ci il tarixdə, saat 17:00-də inzibati qaydada tutma tətbiq edilmişdir. Bundan başqa, iş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 22 yanvar 2025-ci il tarixli, 30 saylı rəyindən görünür ki, Şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Buna görə də hesab edirəm ki, Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı təyin olunmalı və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə zalında azad edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar