Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-196/2024 29.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X15 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı ilə, X4, 06 may 1976-cı il tarixdə Biləsuvar rayonu, Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Biləsuvar rayon Çaylı bələdiyyəsinin sədri vəzifəsində işləyən, barəsində bir il ərzində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 549.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsin dən daxil olmuş inzibati xəta haqqında 14 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* saylı protokoldan görünür ki, Biləsuvar rayon Çaylı bələdiyyəsinin sədri X9 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin rəisi X5 22 yanvar 2024-cü il tarixli məktubu ilə müvafiq araşdırmanın aparılması üçün tələb edilən sənədləri təqdim etməyərək, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin rəisinin nümayəndəsi, həmin idarənin böyük məsləhətçisi X7 məhkəməyə verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin rəisi X10 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış məktubun icrası ilə bağlı 2020 və 2021-ci illərə dair sənədlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinə təhvil verilməsi ilə bağlı 22 yanvar 2024-cü il tarixdə Biləsuvar rayonu Çaylı bələdiyyəsinin sədri Ə.T.Astanova müvafiq məktub göndərilmişdir. Həmin məktub 02 fevral 2024-cü il tarixdə Çaylı bələdiyyəsinin sədrinə çatsa da, Ə.T.Astanov müvafiq sənədləri idarəyə təhvil verməmişdir. Həmin şəxsin istifadəsində olan 055 266 63 23 GSM nömrəli mobil telefonla 05 fevral 2024-cü il tarixdə və 15 fevral 2024-cü il tarixlərdə aparılmış danışıqlar zamanı İmişli regional ədliyyə idarəsinin səlahiyyətli şəxsi Ruslan İsmayılov Ə.T.Astanova 22 yanvar 2024-cü il tarixli məktubun icrası ilə bağlı 06 fevral 2024-cü il tarixdə və 16 fevral 2024-cü il tarixdə sənədlərin yerində götürüləcəyi barədə xəbərdarlıq etmiş, sonuncu isə həmin tarixlərdə bələdiyyənin inzibati binasında olacağını və tələb olunan sənədləri təhvil verəcəyini bildirsə də, həmin tarixlərdə bələdiyyənin inzibati binasında olmamış və sənədləri təqdim etməkdən qəsdən yayınmışdır. Ə.T.Astanov 14 fevral 2024-cü il tarixdə tələb edilən sənədlərdən Çaylı bələdiyyəsinin 2020-ci ilə aid sənədlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin inizbati binasına gələrək, şəxsən təhvil versə də, 2021-ci ilə dair sənədləri hal-hazıradək təqdim etməmişdir. Buna görə də İ.Ə.Orucov tərəfindən Ə.T.Astanov barəsində Azərbaycan Respublikası İXM-nin 549.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Ə.T.Astanov digər sənədləri bu gün İmişli regional ədliyyə idarəsinə təqdim edəcəyini vəd etsə də, yenə də qeyd edilən sənədləri yarımçıq təqdim etmişdir. Sonda, R.Ə.Məhəddinov Ə.T.Astanov barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilməyərək bildirdi ki, o, Biləsuvar rayonu Çaylı bələdiyyəsinin sədri vəzifəsində işləyir. O, bir neçə ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkir və buna görə də mütəmadi olaraq Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə müalicə almaq, o cümlədən kimyaterapiyalar almaq üçün gedir. 2024-cü ilin fevral ayının ayının əvvəllərində o, Biləsuvar rayonu Çaylı bələdiyyəsinin fəaliyyəti ilə bağlı sənədlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinə təqdim edilməsi bağlı bildirişi poçt vasitəsilə aldıqdan sonra həmin idarənin onların fəaliyyətini kurasiya edən Ruslan adlı əməkdaşlı ilə telefon vasitəsilə əlaqə saxlamış və 07 fevral tarixdə keçiriləcək Prezident seçkiləri ilə təşkilati işlərlə məşğul olduğuna görə müvafiq sənədləri həmin quruma seçkilərdən sonra təqdim edəcəyini bildirmişdir. Səhhəti ilə əlaqədar təxirəsalınmaz müalicəyə ehtiyacı yarandığına görə o, seçkilərdən sonra Bakı şəhərinə getmiş və 09 fevral 2024-cü il tarixdən başlayaraq, Respublika Onkologiya Mərkəzində müalicədə olmuşdur. 13 fevral 2024-cü il tarixdə İmişli regional ədliyyə idarəsinin Ruslan adlı əməkdaşı ona zəng edərək, ondan bildirişdə qeyd edilmiş sənədlərin təqdim edilməsini tələb etdiyinə görə o, Respublika Onkologiya Mərkəzində müalicəsini yarımçıq saxlayaraq, Biləsuvar rayonuna qayıtmış və 14 fevral 2024-cü il tarixdə şəxsən İmişli regional ədliyyə idarəsinə getmiş və səlahiyyətli şəxslərə həmin sənədləri təqdim etmişdir. Həmin qurum tərəfindən tələb edilən 2021-ci ilə aid sənədləri o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinə 29 fevral 2024-cü il tarixə qədər təhvil verə bilməsə də, o, bu gün qalan sənədləri yenə də şəxsən İmişli regional ədliyyə idarəsinə gedərək, həmin idarənin əməkdaşı Ruslan İsmayılova təqdim etmişdir. Əgər çatışmayan sənədlər qalmışsa, o, məhkəmə iclasından dərhal sonra İmişli regional ədliyyə idarəsinin nümayəndəsi ilə Biləsuvar rayonu Çaylı bələdiyyəsinin inzibati binasına gedərək, təqdim etməyə hazırdır. Buna görə də o, güya İmişli regional ədliyyə idarəsi tərəfindən araşdırma aparılmasına maneçilik törətməsi barədə inzibati xəta haqqında protokolda gösərilənlərlə razıdır. O, 14 fevral 2024-cü il tarixdə şəxsən İmişli regional ədliyyə idarəsində olsa da, inzibati xəta haqqında protokol barəsində yalnız məhkəmədə işə baxılması zamanı xəbər tutmuşdur. Bundan başqa, o, 06 fevral 2024-cü il tarixdə, Prezident seçkilərindən bir gün əvvəl, bütün günü iş yerində olmuş və həmin gün İmişli regional ədliyyə idarəsinin heç bir əməkdaşı Biləsuvar rayonu Çaylı bələdiyyəsinə gəlməmiş və ondan heç bir sənəd istəməmişdir. Onun həmin gün bütün iş vaxtı ərzində iş yerində olduğunu onunla eyni binada işləyən, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndliyinin vəzifəli şəxsləri də təsdiq edə bilərlər. Bundan başqa, onun 09 fevral 2024-cü il tarixdən Respublika Onkologiya Mərkəzində müalicədə olduğunu həmin Mərkəzə məhkəmə soruğusu göndərilməsi yolu ilə müəyyən etmək olar. Onun müalicəsi davam etdiyinə görə ona əmək qabiliyyəti olmama barədə vərəqə verilməmişdir. Həmçinin Ə.T.Astanov bildirdi ki, o, ondan tələb edilən 2022 və 2023-cü illərə dair sənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinə təhvil versə də, 2024-c üilin fevral ayının əvvəllərində ondan 2020 və 2021-ci illərə aid sənədlərin də təhvil verilməsi tələb edilmişdir. Həmin vaxt o, ölkə ərazisində Prezidenti seçkiləri keçirilməsi ilə əlaqədar iişi çox olduğuna görə İmişli regional ədliyyə idarəsinin rəsinindən sənədləri təqdim etmək üçün əlavə vaxt istəmişdir. Lakin sonradan onun səhhəti pisləşdiyinə görə tələb edilən sənədləri verə bilməmiş və dərhal müalicə almaq məqsədi ilə Bakı şəhərinə getmişdir. Sonda, Ə.T.Astanov Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsi tərəfindən ondan tələb edilən bələdiyyə fəaliyyətinə dair sənədlərin böyük əksəriyyətini artıq təqdim etdiyini və digər hissəsini isə qısa müddət ərzində təqdim edəcəyini, o cümlədən həmin sənədləri müalicədə olduğuna görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinə vaxtında təhvil verə bilmədiyini bildirərək, barəsində başladılmış inzbati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Ə.T.Astanovun əməlində Azərbaycan Respublikası İXM-nin 549.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin rəisi İ.Ə.Orucovun 22 yanvar 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məktubun icrası ilə əlaqədar zərurət yarandığına görə siyahıda qeyd edilmiş sənədlərin təqdim edilməsi və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırılmaların aparılmasına maneçilik törətdiyi halda inzibati məsuliyyətə cəlb edilmə barədə Biləsuvar rayonu Çaylı bələdiyyəsinin sədrini məlumatlandırmışdır. İnzibati xəta haqqında iş materiallarında olan Biləsuvar mərkəzi poçt şöbəsi tərəfindən İmişli mərkəzi poçt şöbəsinə ünvanlanmış AZ1300/********** nömrəli teleqramın surətindən görünür ki, SS890959585AZ saylı sifarişli məktub 02 fevral 2024-cü il tarixdə Biləsuvar rayon Çaylı bələdiyyəsinə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin baş məsləhətçisi X8 tərəfindən tərtib edilmiş raportun surətindən görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məktubun icrası ilə əlaqədar zərurət yarandığına görə 05 fevral 2024-cü il traixdə, saat 10:20-də Biləsuvar rayonu Çaylı bələdiyyəsinin sədri Əfqan Astanovun istifadəsində olan 055 266 63 23 GSM nömrəli mobil telefonla danışıq zamanıidarə tərəfindən bələdiyyəyə ünvanlanmış 22 yanvar 2024cü il tarixli məktubun icrası ilə bağlı 06 fevral 2024-cü il tarixdə sənədlərin yerində götürüləcəyi və bunun üçün lazımi şəraitin yaradılması bildirilmiş, Ə.Astanov həmin vaxt bələdiyyənin inzibati binasında olacağını, çatışmayan sənədləri də həmin vaxta kimi hazır edəcəyini bildirmişdir. İnzibati xəta haqqında iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin baş məsləhətçisi X8 tərəfindən tərtib edilmiş raportun surətindən görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məktubun icrası ilə əlaqədar zərurət yarandığına görə 15 fevral 2024-cü il traixdə, saat 09:07-də Biləsuvar rayonu Çaylı bələdiyyəsinin sədri Əfqan Astanovun istifadəsində olan 055 266 63 23 GSM nömrəli mobil telefonla danışıq zamanıidarə tərəfindən bələdiyyəyə ünvanlanmış 22 yanvar 2024-cü il tarixli məktubun icrası ilə bağlı 16 fevral 2024-cü il tarixdə sənədlərin yerində götürüləcəyi və bunun üçün lazımi şəraitin yaradılması bildirilmiş, Ə.T.Astanov həmin vaxt bələdiyyənin inzibati binasında olacağını və sənədləri tam şəkildə təhvil verəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin baş məsləhətçisi X2, böyük məsləhətçisi X1 və məsləhətçisi X6 iştirakı ilə tərtib edilmiş 06 fevral 2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin səlahiyyətli şəxsləri tərəfindən Biləsuvar rayon Çaylı bələdiyyəsinin sədri Ə.T.Astanov öncədən məlumatlandırılmasına baxmayaraq bələdiyyənin inzibati binasında olmadığına görə 22 yanvar 2024-cü il tarixli məktubun icrası ilə bağlı tələb edilən sənədlərin götürülməsi mümkün olmamışdır. Bununla da Ə.T.Astanov araşdırmanın aparılmasına maneçilik törətmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin böyük məsləhətçisi X1, məsləhətçisi X6 və Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Çaylı kənd ərazi dairəsi üzrə X3 iştirakı ilə tərtib edilmiş 16 fevral 2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin səlahiyyətli şəxsləri tərəfindən Biləsuvar rayon Çaylı bələdiyyəsinin sədri Ə.T.Astanov öncədən məlumatlandırılmasına baxmayaraq, bələdiyyənin inzibati binasında olmadığına və həmin şəxsin istifadəsində olan telefon nömrəsi ilə sonuncu ilə əlaqə saxlanılması mümkün olmadığına görə 22 yanvar 2024-cü il tarixli məktubun icrası ilə bağlı tələb edilən sənədlərin götürülməsi mümkün olmamışdır. Biləsuvar rayon Çaylı bələdiyyəsinin inzibati binasının qapısı bağlı olmuşdur. İnzibati xəta haqqında iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin rəisi İsgəndər Orucova ünvanlanmış 14 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə daxil olmuş 22 yanvar 2024-cü il tarixli, 2-2/1- 003526/2024 nömrəli məktubu baxılması üçün 18 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinə göndərilsə də, nəticəsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinə məlumat verilməmişdir. İşdə olan 29 fevral 2024-cü il tarixli sənədlərin götürülməsinə dair aktdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin baş məsləhətçisi Ruslan İsmayılovun, məsləhətçisi Pərvin Rzayevin və Biləsuvar rayon Çaylı bələdiyyəsinin sədri Ə.T.Astanovun iştirakı ilə Biləsuvar rayon Çaylı bələdiyyəsindən 2021ci ilə aid kassa və bank əməliyyatları sənədləri, 2021-ci il üçün əmək haqqı cədvəlləri və 1 ədəd 2021-ci ilə aid xəzinə kitabı növündə maliyyə-təsərrüfat sənədləri götürülmüşdür. Beləliklə, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ə.T.Astanovun və İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin nümayəndəsi R.Ə.Məhəddinovun məhkəmə iclasında verdikləri izahatları ilə müəyyən edildi ki, Ə.T.Astanov 22 yanvar 2024-cü il tarixli məktubun icrası ilə bağlı tələb edilən sənədlərin böyük əksəriyyəti 14 fevral və 29 fevral 2024-cü il tarixlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin inzibati binasında səlahiyyətli şəxslərə şəxsən təhvil vermişdir. Ə.T.Astanov 14 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin inzibati binasında olmasına baxmayaraq, həmin şəxs barəsində, Ə.T.Astanovun iştirakı olmadan, 14 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsi ilə protokol tərtib edilmiş və aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 549.1-ci maddəsinə görə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə min manatdan min beş yüz manatadək inzibati cərimə nəzərdə tutulmuşdur. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv öyrənilməsi üçün yerində araşdırma aparmaq və bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından və digər aidiyyəti şəxslərdən bununla bağlı yazılı şəkildə məlumatlar, arayışlar almaq hüququna malikdir. Bu cür araşdırmalar aparılmasına bələdiyyələr tərəfindən maneə törədilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi, inzbati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün həmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsalana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 80.1-ci maddəsinin tələbinə görə sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinin tələbinə görə sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Ə.T.Astanovun məhkəmə iclasında verdiyi izahatından görünür ki, 06 fevral 2024-cü il tarixdə o, vəzifəsini icra etmək məqsədi ilə bütün günü Biləsuvar rayon Çaylı bələdiyyəsinin inzibati binasında olmuş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin vəzifəli şəxsləri onun iç yerinə həmin gün gəlməmişlər. Ə.T.Astanov barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi isə həmin faktı təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsi Azərbaycan Respublikası İXM-nin 549.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətin yaranması üçün əsasdır. Ə.T.Astanov ondan tələb edilən bələdiyyə sənədlərininin hamısını səlahiyyətli dövlət orqanına təhvil verməsə də, həmin sənədlərin bir qismini 14 fevral 2024-c üil tarixdə səlahiyyətli dövlət orqanına təhvil vermişdir. Ə.T.Astanov tərəfindən sözügedən sənədlərin vaxtında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinə təhvil verməməsinə səbəb isə həmin şəxsin Bakı şəhərində Milli Onkologiya Mərkəzində müalicə alması olmuşdur. Buna görə də Ə.T.Astanovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin rəisinin tələbi ilə müvafiq sənədlərin həmin quruma təhvil verilməsi barədə göstərişi icra etməmə səbəbi üzrlü hesab edilməlidir, həmçinin sonuncunun sonradan tələb edilən sənədlərin bir qismini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinə təhvil verməsi nəzərə alınmalıdır. Həmçinin iş materiallarından da görünür ki, Ə.T.Astanovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol 14 fevral 2024-cü il tarixdə tərtib edilmiş, lakin iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi həmin protoklun tərtib edilmə əsaslarından biri kimi məhz 16 fevral 2024-cü il tarixdə tərtib edilmiş aktı göstərmişdir. Həmin aktın Ə.T.Astanovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edildiyi tarixdən sonra tərtib edilməsi 16 fevral 2024-cü il tarixli həmin sənədin iş üzrə mötəbər sübut qismində qəbul edilməsi mümkün deyil. Belə olan halda, Ə.T.Astanovun Azərbaycan Respublikası İXM-nin 549.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri müəyyən olunmur. Hesab edirəm ki, aydınlıq gətirilməmiş, yuxarıda qeyd edilən ziddiyyətli məqamlarla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Yaranmış şübhələr və ziddiyyətlər hər bir halda Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin Məcəllənin 8.3cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadlanan hallarını nəzərə alaraq hesab edirəm ki, Ə.T.Astanov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-196/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-196/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver