Məhkəmə qərarları › İş №3(022)-2/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-2/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-2/2025 18.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1 məhkəmə-iclas katibliyi, Zərərçəkmiş şəxs Əlmusa oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, 24 avqust 1995-ci il tarixdə Biləsuvar rayonu, Nərimankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 11 oktyabr 2024-cü il tarixdə saat 06:30 radələrində şəxsi təsərrüfatında olan 42 baş xırda buynuzlu və iki baş iri buynuzlu heyvanları Nərimankənd kəndindən otlaq sahəsinə aparan zaman magistral yola çıxarmış və nəticədə həmin yolla hərəkətdə olan “Mersedes Aktros 1843 yük” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 baş qoyunu və 2 baş inəyi vuraraq öldümüş, eləcə də 3 baş qoyuna dəyərək xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi vəkili Vəkil inzibati xətanı törətməkdə onu təqsirli bilməyərək göstərdi ki, hadisə baş verən zaman heyvanlar asfalt yolda olmamışdır. Yolun torpaq hissəsində olan zaman, qarşıdan gələn avtomobilin sürücüsünün səhvi nəticəsində Zərərçəkmiş şəxs Əlmusa oğlunun idarə etdiyi nəqliyyat vasitəsi yoldan kənara çıxmış və heyvanları vurmuşdur. Şəxs qarşı irəli sürülən İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi qanunsuzdur. Belə ki, həmin qəzanın baş verməsində hüquqlarını müdafiə etdiyi şəxsi təqsirli bilməyərək, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs Əlmusa oğlu inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, 11 oktyabr 2024-cü il tarixdə saat 06:30 radələrində özünə məxsus olan “X6 1843 yük” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobilin qarşısına bir neçə baş qoyun çıxmış və nəqliyyat vasitəsinin qabaq hissəsinə dəyməklə avtomaşına xeyli zərər vurmuşdur. Ona vurulmuş maddi zərər hal-hazıradək ödənilməmişdir. Sonda o, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şahid qismində çıxış edən X2 öz izahatında bildirmişdir ki, 11 oktyabr 2024-cü il tarixdə saat 06:30 radələrində hava işıqlanana yaxın idi. O, yolun kənarında işçilərini gözləyirdi. Bu zaman qarşıdan gələn avtomobilin heyvan sürüsünü vurduğunu görərək hadisə yerinə getmiş bir neçə heyvanın tələf olduğunu görmüşdür. Şahid qismində çıxış edən Şahid2 Nayıb oğlu öz izahatında bildirmişdir ki, 11 oktyabr 2024-cü il tarixdə saat 06:30 radələrində özünə aid sahədən yola tərəf çıxan zaman 300- 350 metr məsafədən səs eşitmiş, hadisə yerinə getmiş, orada avtomobilin heyvanları vurub tələf etdiyini görmüşdür. Şahid qismində çıxış edən Şahid3 öz izahatında bildirmişdir ki, hadisə baş verdiyi yer onun iş yerinə yaxındır. 11 oktyabr 2024-cü il tarixdə saat 06:30 radələrində yolda durduğu zaman, İmişli rayonu tərəfindən gələn avtomobilin yolun qırağında olan heyvanları vurduğunu görmüş, hadisə yerinə getmiş, orada bir uşağın dayandığını, bir neçə tələf olunmuş heyvanları gördüyünü qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 oktyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokolun surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 338-7-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. 15 oktyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardaddan görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. “Yol hərəkəti qaydaları və yol hərəkəri təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimata 3 nömrəli əlavənin surətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində birinci nəqliyyat vasitəsi “Mersedes aktros 1843 yük” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol fara və buferi zədələnmişdir. Vətəndaş Şəxs isə 10 baş qoyunu, 2 baş inəyi ölmüşdür. Hadisə yerində çəkilmiş foto şəkillərdən və CD diskdə əks olunan görüntülərdən görünür ki, hadisə Biləsuvar rayonu, Nərimankənd kənd ərazisində asfalt yolun torpaq hissəsində baş vermişdir. Həmçinin, CD diskin görüntü qeyd edilən hissəsində 11 oktyabr 2024-cü il saat 06.30 dəqiqəni göstərir Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolu, Nərimankənd ərazisində baş vermişdir. Yolun ehtiyat hissəsinin eni 3 metrdir. Yolun hərəkət hissəsinin eni 9 metrdir. Sxemdə yolun hərəkət hissəsində “Mersedes aktros 1843 yük” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin və qoyunların təsviri əks olunmuşdur. Biləsuvar Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 3(022)-971/2024 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 3(106)-543/2024 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 28 oktyabr 2024-cü il tarixli, 3(022)- 971/2024 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş materiallarının yenidən baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışıdr. Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2025-ci il tarixli, 8/173 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən məhkəmə tərəfindən qeyd olunan məlumatlar təqdim edilmədiyindən “X6 yük” markalı “X6 1843 yük” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır, mövcud metodikanın tələblərinə əsasən mal-qaranın sahibi məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Məhkəmənin təşəbbüsü ilə keçirilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, inzibati xəta hadisəsi baş verən yer müayinə edildi. Hadisənin sxemini tərtib etmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı alındı. Hadisə yerinin ətrafında olan yol-hərəkət nişanlarına baxış keçirilərkən müəyyən olundu ki, həmin yer ilə yol-hərəkət nişanlarının olduğu yer arasındakı məsafə təqibən 150 metr təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 114.2.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə- səksən manat məbləğində cərimə edilir. 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən bu Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. 39-cu maddəsinə əsasən mal-qara ötürənlər: - mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər - sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər; - mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. Məhkəmənin mövqeyi: Məhkəmə zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsində mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasında şəxsin təqsirli hərəkəti olaraq mal-qaranın yolda nəzarətsiz qoyulması, mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsi, həmçinin mal-qaranın sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində keçirilməsi göstərilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş sübutlarla (hadisə baş verən vaxt hadisənin baş vermə saatını göstərən video, hadisə yerində mal-qartanın ötürülməsinə icazə verən yol nişanın mövcudluğu və.s) müəyyən edilmişdir ki, mal-qara sahibi olan Şəxs 11 oktyabr 2025-ci il tarixdə sutqanın işıqlı vaxtında səhər saat 07.14də, mal-qaranın ötürülməsinə icazə verilən yol nişanının tələbini nəzərə alaraq, özünə məxsus olan mal-qaranı özünün nəzarəti altında (bunun üçün nəzərdə tutulmuş çubuq formalı ağac parçasından istifadə etməklə) yolun hərəkət istiqamətində ötürdükdən sonra, “Mersedes aktros 1843 yük” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin heyvanları vurmuşdur. Həmçinin, hadisənin baş verdiyi yerdə dövlət tərəfindən quraşdırılmış kamera sistemi olmadığı üçün, Biləsuvar rayonu Yol patrul xidmətin baş inspektoru X3 tərəfindən, onun səlahiyyətlərinə müvafiq olaraq yol hadisəsinin sxemi tərtib edilmişdir. “Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolu, Nərimankənd ərazisində baş vermişdir. Yolun ehtiyat hissəsinin eni 3 metrdir. Yolun hərəkət hissəsinin eni 9 metrdir. Sxemdə yolun hərəkət hissəsində “Mersedes aktros 1843 yük” markalı **- OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin və qoyunların təsviri əks olunmuşdur. Lakin məhkəmə hesab edir ki, Biləsuvar rayonu Yol patrul xidmətin baş inspektoru X3 tərəfindən tərtib edilmiş “Yol-nəqliyyat hadisəsinin sxemi” mötəbər sübut olaraq qəbul edilə bilməz. Belə ki, məhkəmə tərəfindən 05 sentyabr 2025-ci il tarixdə hadisə yerinə keçirilmiş baxış zamanı, orada heyvan keçidinə icazə verən yol nişanı müəyyən edilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs 11 oktyabr 2025-ci il tarixdə sutqanın işıqlı vaxtında səhər saat 07.14-də özünə məxsus olan mal-qaranı ötürmüşdür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 48-ci bəndinə əsasən sutkanın qaranlıq vaxtı - sutkanın günəş batandan günəş çıxanadək olan müddətidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəsmi internet saytından (https://az.meteocast.net/sunrise-sunset/az/bilasuvar/) əldə olunmuş məlumata əsasən 11 oktyabr 2024-cü il tarixdə günəşin çıxması saat 06:52, günəşin batması isə 18:13 radələrinə təsadüf etmişdir. Göründüyü kimi hadisə nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan dəysə də, bu ziyanın vurulmasının səbəbi Şəxs təqsirli hərəkətləri deyil. Çünki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlndə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmadığı tam sübuta yetirilmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati iş üzrə icraata, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3, 12, 38, 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDI: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar