Məhkəmə qərarları › İş №3(022)-204/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-204/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-204/2024 26.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs Əlgüşad oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1987-ci ildə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış, himayəsində 1 uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 27 iyul 2015-ci il tarixli, 2(022)-1126/2015 nömrəli məhkəmə əmrinə əsasən Şəxs ödənilməmiş borcun əvəzi qismində 1.800 manat və dövlət rüsumunun əvəzi qismində 20 manat, cəmi 1.820 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs Əlgüşad oğlunun xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 26 fevral 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 27 iyul 2015-ci il tarixli, 2(022)-1126/2015 saylı icra sənədi əvvəllər başqa icra məmurunun icraatında olmuş və o, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsinə təyin edildikdən sonra 2022-ci ildə onun icraatına verilmişdir. Həmin icra sənədinin icrası ilə bağlı o və digər icra məmuru N.B.Bəhmənov Şəxs bildiriş vermiş və qanunun tələbləri həmin şəxsə izah edilmişdir. Şəxs əvvəllər işləmədiyini və maddi imkanını olmadığını bildirdiyinə görə işlə təmin olunmaq üçün aidiyyəti orqanlara müraciət etməli olduğu ona izah edilmişdir. Şəxs verdiyi məlumat əsasında və elektron portal məlumatlarına görə Şəxs “El Construction” şirkətində fəhlə işlədiyi əsas tutularaq, icra sənədləri üzrə tutulmalar aparılması üçün həmin şirkətə müvafiq tələbnamələr göndərilsə də, heç bir ödəniş aparılmamışdır. Bununla belə, Şəxs son bir il ərzində bu icra sənədi üzrə hissə-hissə cəmi 350 manat məbləğində ödəniş etmişdir. Sonradan isə Şəxs işdən çıxdığını əsas tutaraq, heç bir ödəniş etməmişdir. Hazırda Şəxs icra sənədi üzrə borcunu kiçik məbləğlərə hissə-hissə ödəməyi təklif edir. Lakin Zərərçəkmiş şəxs israrla Şəxs borcunun tam ödənilməsini tələb etdiyinə və müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər ünvanladığına görə o, 09 yanvar 2023-cü il tarixdə Şəxs barədə inzibati xəta haqqında protokol tərtib etməklə məhkəməyə təqdim etmişdir. Lakin Biləsuvar rayon Məhkəməsinin hakiminin 09 yanvar 2023-cü il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin vaxtdan sonra borclu Şəxs borcundan cəmi 350 manat ödəniş etmişdir. Bu isə Şəxs icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırdığını göstərir. Buna görə də onun tərəfindən həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. İcra məmuru E.F.Nəsirov həmçinin bildirdi ki, Şəxs barəsində son illər ərzində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icraatına 13 icra sənədi olmuşdur. Hazırda isə Şəxs barəsində 5 icra sənədi icraatdadır. Həmin icra sənədlərindən bir icra sənədi Şəxs keçmiş arvadının xeyrinə aliment tututlması barədədir. Şəxs həmin icra sənədi üzrə mütəmadi ödənişlər etdiyinə görə tələbkar icra və probasiya şöbəsinə hər hansı müraciətlər etmir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, o, ailəsinin maddi ehtiyaclarına görə, təxminən 10 il bundan əvvəl həmyerlisi Zərərçəkmiş şəxs Əlgüşad oğlundan yüksək faizlə borc almış, hər ay faizlərini ödəsə də, əsas borcu ödəyə bilmədiyinə görə Biləsuvar rayon Məhkəməsinin verdiyi məhkəmə əmrinə əsasən ondan 1800 manat məbləğində pul tutulması qərara alınmışdır. O, 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuşdur. O, 2020-ci ilin aprel ayında cəzaçəkmə müəssissəsindən azad oldunduqdan sonra koronavirus pandemiyasına görə uzun müddət heç yerdə işləyə bilməmişdir. 2022-ci ilin sonlarında o, Laçın şəhərində tikinti işləri aparan “El Construction” şirkətində fəhlə işinə qəbul olunmuşdur. Həmin iş yerində işlədiyi müddətdə o, bu icra sənədi üzrə 350 manat ödəniş etmişdir. Sonradan o, işdən çıxarıldığına görə yenə də maddi vəziyyəti pisləşmişdir və o, ödəniş edə bilməmişdir. Bir müddət əvvəl o, Bakı şəhərində offisiant işinə düzəlmişdir. Buna görə də o, mart ayından başlayaraq, icra sənədi üzrə tələbkara hər ay 150 manat ödəniş etmək niyyətindədir. Əgər barəsində inzibati həbs tətbiq olunmazsa və o, iş yerinə gedib qazanc əldə edə biləcəksə, barəsində olan digər icra sənədləri üzrə də ödənişlər edə bilər. Çünki, o, keçmiş arvadına da hər ay aliment ödəyir. Lakin əgər barəsində inzibati həbs seçilərsə, o, tələbkara olan borcunu ödəyə bilməyəcəkdir. Sonda, Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs Əlgüşad oğlu məhkəmə iclasında bildirdi ki, Şəxs uzun müddət öncə ondan 1.800 manat məbləğində borc alsa da, sonradan həminn şəxs ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Buna görə də o, Biləsuvar rayon Məhkəməsini həmin məbləğdə pul vəsaitinin borcludan onun xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar rayon Məhkəməsinin 27 iyul 2015-ci il tarixli, 2(022)-1126/2015 nömrəli məhkəmə əmrinə əsasən Şəxs cəmi 1.820 manat məbləğində pul vəsaiti onun xeyrinə tutulması qət edilsə də, borclu artıq 9 ildir ki, qəsdən ona olan borcunu ödəməkdən yayınır və yalnız son bir il ərzində cəmi 350 manat ödəniş etmişdir. Sonda, Zərərçəkmiş şəxs borclu barəsində ən ağır inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 27 iyul 2015ci il tarixli, 2(022)-1126/2015 saylı icra sənədinə əsasən Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 10 avqust 2015-ci il tarixli qərarla icraata başlanılmış, həmin şəxsə 10 avqust 2015-ci il, 18 aprel 2016-cı il və 03 noyabr 2022-ci il tarixlərdə tələbin icrası ilə bağlı bildirişlər verilmişdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetirib-yetirmədiklərini araşdırmağa borcludurlar. Borcluların öz maddi öhdəliklərini yerinə yetirməmələrinə haqq qazandırmaq üçün göstərdikləri səbəblər təqsirin səciyyələndirilməsi üçün həlledici idi, çünki onlar məsuliyyətdən azad olmaq üçün əsas yarada bilərdi. Borcluların maliyyə vəziyyətinin və öhdəliklərini yerinə yetirməməkdə vicdanlılığının fərdi qiymətləndirilməsi vacib idi. Cinayət xarakterli, lakin inzibati aspektləri olan müvafiq prosedur ittihamı təqdim edən tərəfdən borcunu yerinə yetirməyən borcluların faktiki olaraq, iddia etdiklərinin əksinə olaraq, borclarını ödəmək üçün maliyyə imkanlarına malik olduğunu sübut etməyi tələb edirdi. Belə olan halda aydın idi ki, ərizəçilərin daxili məhkəmələrdə irəli sürdükləri arqumentlər, xüsusən də onların tələblərə əməl etməmələrinin səbəbinin borcları ödəmək üçün maddi imkanlarının olmaması ilə bağlı arqumentləri həlledici əhəmiyyət kəsb edirdi. Qanunun faktiki redaksiyası və ərizəçilərin göstərdiyi üzrlü səbəblərin əsaslı olubolmaması barədə aydın cavab və məhkəmə qərarı tələb edirdi. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1-ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. Yerli məhkəmələr tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməməsinin səbəbləri tam araşdırılmamış, əksinə özləri borcluların məhkəmə qərarının icrasına mane olan maliyyə çətinliklərinin faktiki doğruluğuna dair heç bir şübhə ifadə etmədən ərizəçilərin qeyri-müəyyən maliyyə vəziyyətlərinə istinad etmişlər. Bundan başqa, Konstitusiya Məhkəməsi məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati həbs və ya tənbeh tətbiq edilərkən bütün faktların məhkəmələr tərəfindən ətraflı araşdırılması tələbini, borclunun hərəkətlərində qəsdin olub-olmamasının qiymətləndirilməsinin vacibliyini vurğuladığı halda, sanksiya tətbiq etmiş məhkəmələr tərəfindən məhkəmə icraçısının tələblərini yerinə yetirmək üçün bütün mümkün vasitələrdən istifadə edilib-edilməməsi araşdırılmamışdır. Yuxarıda qeyd edilənlər isə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin pozuntusu hesab edilmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 1 uşağının olmasını inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Zərərçəkmiş şəxs

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar