Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-225/2025 20.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs3, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs2 açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxx 1991-ci il tarixdə Biləsuvar rayonu İsmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətlərində olan, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu İsmətli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(022)-1304/2023 saylı məhkəmə əmrinə əsasən Şəxs 11 avqust 2022-ci il tarixli, 1148 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən qalıq borc qismində 998 manat, cərimə qismində 100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, cəmi 1.198 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs3 xeyrinə tutulmalıdır. Bundan başqa, Biləsuvar Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(022)- 481/2024 saylı qətnaməsinə əsasən Şəxs Ödənilməmiş əsas borcun əvəzi qismində 469 manat 20 qəpik, cərimə qismində 46 manat 80 qəpik, ümumilikdə 516 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Şirvan Kommersiya Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(022)- 481/2024 saylı qətnaməsinə əsasən 07 may 2024-cü il tarixli, e-2-2(121)-970/2024 saylı qətnaməsinə əsasən X1, X3 və Şəxs müştərək qaydada 12 aprel 2022-ci il tarixli kredit razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.980 manat, faiz borcu qismində 610 manat 97 qəpik, cərimə qismində 38 manat 14 qəpik, cəmiy 6.79 manat 74 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 86 manat 30 qəpik məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Borclu həmin icra vərəqələrində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 20 fevral 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(022)-1304/2023 saylı icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs3 xeyrinə cəmi 1.198 manat məbləğində pul vəsaiti tutulmalıdır. Bundan başqa, Biləsuvar Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(022)-481/2024 saylı ocra sənədinə əsasən Şəxs “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə cəmi 546 manat və Şirvan Kommersiya Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(022)-481/2024 saylı qətnaməsinə əsasən 07 may 2024-cü il tarixli, e-2-2(121)-970/2024 saylı icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs2 açıq səhmdar cəmiyyətinin xeyrinə cəmi 6.616 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmin icra sənədlərinin icrası ilə bağlı o, tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş vermiş və qanunun tələbləri həmin şəxsə izah edilmişdir. Borclu Şəxs icra sənədləri üzrə borcundan yalnız Zərərçəkmiş şəxs2 açıq səhmdar cəmiyyətinə nəğd şəkildə 200 manat ödəniş etmiş, habelə işlədiyi müddətdə Şəxs əmək haqqından tutulmalar aparılmışdır. 2024-cü ilin sentyabr ayında Şəxs işdən çıxdığına görə artıq noyabr ayından başlayaraq, əmək haqqından da heç bir tutulma aparılmamış, Şəxs isə heç bir ödəniş etməmişdir. Buna görə də o, tələbkar bankın nümayəndəsi ilə borclunun yaşadığı evə getsə də, həmin şəxs evdə olmadığına görə izahatını almaq mümkün olmamışdır. 20 fevral 2025-ci il tarixli izahatında Şəxs ailəsinin yeganə gəlir mənbəyi olduğunu, fərdi əməklə məşğul olmaqla yalnız ailəsinin maddi ehtiyacları ödəməyə imkanının olduğunu, buna görə də icra sənədləri üzrə olan borclarını ödəməyə imkanının olmadığını bildirmiş, aprel ayından ödənişlər etməyə başlayacağını bildirmişdir. Həmçinin borclu Şəxs icra sənədi üzrə tələbkarlara olan borcunun hissə-hissə ödəməyə imkanın olduğunu bildirmişdir. Bu isə Şəxs icra sənədlərinin icrasından qərəzli şəkildə boyun qaçırdığını göstərir. Buna görə də onun tərəfindən həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda, E.F.Nəsirov Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(022)-1304/2023 saylı məhkəmə əmrinə əsasən ondan Zərərçəkmiş şəxs3 xeyrinə cəmi 1.198 manat, Biləsuvar Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(022)-481/2024 saylı qətnaməsinə əsasən ondan “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə cəmi 546 manat və Şirvan Kommersiya Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(022)-481/2024 saylı qətnaməsinə əsasən ondan Zərərçəkmiş şəxs2 açıq səhmdar cəmiyyətinin xeyrinə cəmi 6.616 manat məbləğində pul vəsaiti tutulmalıdır. Hazırda o, evlidir və himayəsində 2 uşağı var. O, əvvəllər dərman paylayıcı şirkətdə işləmiş və ailə vəziyyəti ilə əlaqədar 2024-cü ilin sentyabr ayından işdən çıxmışdır. Həmin vaxtdan sonra o, bir müddət iş axtarmışdır və bir müddətdir ki, Bakı şəhərində fəhləlik edərək, ailəsini dolandırır. O, ailəsinin yeganə gəlir mənbəyidir və hazırda maddi vəziyyəti aşağıdır. Buna görə də o, 2024-cü ilin noyabr ayından sonra tələbkarlara borcundan heç bir ödəniş edə bilməmişdir. O, 2025-ci ilin mart ayından başlayaraq tələbkarlara olan borcunu hissə-hissə ödəmək niyyətindədir. Həmçinin o, bildirdi ki, əgər onun barəsində inzibati həbs növündə tənbeh tədbiri seçilərsə, o, tələbkarlara olan borcunu ödəyə bilməyəcəkdir. Sonda, Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs3 məhkəmə iclasında bildirdi ki, o, Biləsuvar rayonunda elektronika məsullarının satışı ilə məşğul olur. Borclu Şəxs ondan nisyə-alqı satqı müqaviləsinə əsasən ümumi dəyəri 1.799 manat olan “Samusung” markalı televizor almışdır. Borclu Şəxs ona olan borcundan cəmi 697 manat ödəniş etsə də, 998 manat məbləğində olan qalıq borcunu ödəməmişdir. Buna görə də o, Biləsuvar rayon Məhkəməsində iddia qaldırmışdır. Biləsuvar rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli məhkəmə əmirnə əsasən Şəxs cəmi 1.198 manat məbləğində pul vəsaiti onun xeyrinə tutulması qət edilsə də, borclunun əmək haqqında tutulmalar aparıldığına görə həmin şəxsin hazırda ona cəmi 514 manat borcu qalmışdır. Artıq 6 aydan çoxdur ki, Şəxs qəsdən ona olan borcunu ödəməkdən yayınır. Buna görə də o hesab edir ki, borclu qəsdən Biləsuvar rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli məhkəmə əmrini icra etmir. Sonda, Zərərçəkmiş şəxs3 borclu barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istəmədiyini və həmin şəxsin barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs2 açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, borclu Şəxs və həmin iş üzrə digər borclular tələbkar Zərərçəkmiş şəxs2 açıq səhmdar cəmiyyəti ilə aralarında bağlanmış 12 aprel 2022-ci il tarixli kredit razılaşması üzərlərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiklərinə görə tələbkar Zərərçəkmiş şəxs2 açıq səhmdar cəmiyyəti tərəfindən borclulara qarşı məhkəmədə iddia qaldırılmışdır. Şirvan Kommersiya Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(022)-481/2024 saylı qətnaməsinə əsasən borclulardan müştərək qaydada Zərərçəkmiş şəxs2 açıq səhmdar cəmiyyətinin xeyrinə cəmi 6.816 manat 04 qəpik pul vəsaitinin tutulması qət edilmişdir. Lakin borclu tələbkara olan borcundan nəğd şəkildə 200 manat ödəniş etmiş, daha müəyyən məbləğ isə həmin şəxsin əmək haqqında tutulmuşdur. Lakin artıq 6 aydan çoxdur ki, borclu müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışdır. Borclu Şəxs borcunu hissə-hissə ödəyəcəyini bildirməklə yalan vədlər verir. Sonda, Nümayəndə borclu barəsində ən ağır inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(022)-1304/2023 saylı icra sənədinə əsasən Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 16 noyabr 2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Bundan başqa, Biləsuvar Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(022)-481/2024 saylı icra sənədinə əsasən Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 10 iyun 2024-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. X4 Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(022)-481/2024 saylı icra sənədinə əsasən Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 21 iyun 2024-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetirib-yetirmədiklərini araşdırmağa borcludurlar. Borcluların öz maddi öhdəliklərini yerinə yetirməmələrinə haqq qazandırmaq üçün göstərdikləri səbəblər təqsirin səciyyələndirilməsi üçün həlledici idi, çünki onlar məsuliyyətdən azad olmaq üçün əsas yarada bilərdi. Borcluların maliyyə vəziyyətinin və öhdəliklərini yerinə yetirməməkdə vicdanlılığının fərdi qiymətləndirilməsi vacib idi. Cinayət xarakterli, lakin inzibati aspektləri olan müvafiq prosedur ittihamı təqdim edən tərəfdən borcunu yerinə yetirməyən borcluların faktiki olaraq, iddia etdiklərinin əksinə olaraq, borclarını ödəmək üçün maliyyə imkanlarına malik olduğunu sübut etməyi tələb edirdi. Belə olan halda aydın idi ki, ərizəçilərin daxili məhkəmələrdə irəli sürdükləri arqumentlər, xüsusən də onların tələblərə əməl etməmələrinin səbəbinin borcları ödəmək üçün maddi imkanlarının olmaması ilə bağlı arqumentləri həlledici əhəmiyyət kəsb edirdi. Qanunun faktiki redaksiyası və ərizəçilərin göstərdiyi üzrlü səbəblərin əsaslı olub-olmaması barədə aydın cavab və məhkəmə qərarı tələb edirdi. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1-ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. Yerli məhkəmələr tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməməsinin səbəbləri tam araşdırılmamış, əksinə özləri borcluların məhkəmə qərarının icrasına mane olan maliyyə çətinliklərinin faktiki doğruluğuna dair heç bir şübhə ifadə etmədən ərizəçilərin qeyri-müəyyən maliyyə vəziyyətlərinə istinad etmişlər. Bundan başqa, Konstitusiya Məhkəməsi məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati həbs və ya tənbeh tətbiq edilərkən bütün faktların məhkəmələr tərəfindən ətraflı araşdırılması tələbini, borclunun hərəkətlərində qəsdin olub-olmamasının qiymətləndirilməsinin vacibliyini vurğuladığı halda, sanksiya tətbiq etmiş məhkəmələr tərəfindən məhkəmə icraçısının tələblərini yerinə yetirmək üçün bütün mümkün vasitələrdən istifadə edilib-edilməməsi araşdırılmamışdır. Yuxarıda qeyd edilənlər isə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin pozuntusu hesab edilmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 2 uşağının olmasını inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-225/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-225/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver