Məhkəmə qərarları › İş №3(022)-226/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-226/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-226/2025 21.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1992-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar şəhəri. M.İbrahimov küçəsi, 122 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Lələtəpə küçəsi, 4 saylı evdə yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu X1 09 dekabr 2019-cu il tarixli icra qeydinə əsasən Şəxs 13 iyul 2018-ci il tarixli, CP/59108/6 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 12.803 manat 98 qəpik, cərimə qismində 231 manat 05 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat, cəmi 12.823 manat 98 qəpik məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Borclu həmin icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 21 fevral 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi İ.İ.Əzizov məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu X1 09 dekabr 2019-cu il tarixli icra qeydinə əsasən Şəxs 13 iyul 2018-ci il tarixli, CP/59108/6 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 12.803 manat 98 qəpik, cərimə qismində 231 manat 05 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat, cəmi 12.823 manat 98 qəpik məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrası ilə bağlı o, tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş vermiş və qanunun tələbləri həmin şəxsə izah edilmişdir. Borclu Şəxs icra sənədi üzrə borcundan heç bir ödəniş etməmişdir. 21 fevral 2025-ci il tarixli izahatında Şəxs ailəsinin yeganə gəlir mənbəyi olduğunu, fərdi əməklə məşğul olmaqla yalnız ailəsinin maddi ehtiyacları ödəməyə imkanının olduğunu, himayəsində 3 uşağının olmasını, buna görə də icra sənədi üzrə olan borcunu ödəməyə imkanının olmadığını bildirmiş, hər ay 50 manat məbləğində hissə-hissə ödəniş etməyə imkanın olacağını bildirmişdir. Bu isə Şəxs icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırdığını göstərir. Buna görə də onun tərəfindən həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda, İ.İ.Əzizov Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu X1 09 dekabr 2019-cu il tarixli icra qeydinə əsasən ondan 13 iyul 2018ci il tarixli, CP/59108/6 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 12.803 manat 98 qəpik, cərimə qismində 231 manat 05 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat, cəmi 12.823 manat 98 qəpik məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinə ödənilməlidir. O, faktiki olaraq Bakı şəhərində yaşayır və fəhləlik edərək, ailəsini dolandırır. O, ailəsinin yeganə gəlir mənbəyidir və hazırda maddi vəziyyəti aşağıdır. Həmçinin himayəsində 3 uşağı vardır. Uşaqlarından biri səhhəti ilə əlaqədar hazırda xəstəxanada müalicə olunur. Məhz həmin uşağın və anasının müalicəsi ilə əlaqədar o, banka olan borcunu ödəyə bilməmişdir. O, 2025-ci ilin mart ayından başlayaraq tələbkarlara olan borcunu hər ay ən azı 100 manat məbləğində hissə-hissə ödəmək niyyətindədir. Həmçinin o, bildirdi ki, əgər onun barəsində inzibati həbs növündə tənbeh tədbiri seçilərsə, o, tələbkara olan borcunu ödəyə bilməyəcəkdir. Sonda, Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu X1 09 dekabr 2019-cu il tarixli icra qeydinə əsasən Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 07 yanvar 2020-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetirib-yetirmədiklərini araşdırmağa borcludurlar. Borcluların öz maddi öhdəliklərini yerinə yetirməmələrinə haqq qazandırmaq üçün göstərdikləri səbəblər təqsirin səciyyələndirilməsi üçün həlledici idi, çünki onlar məsuliyyətdən azad olmaq üçün əsas yarada bilərdi. Borcluların maliyyə vəziyyətinin və öhdəliklərini yerinə yetirməməkdə vicdanlılığının fərdi qiymətləndirilməsi vacib idi. Cinayət xarakterli, lakin inzibati aspektləri olan müvafiq prosedur ittihamı təqdim edən tərəfdən borcunu yerinə yetirməyən borcluların faktiki olaraq, iddia etdiklərinin əksinə olaraq, borclarını ödəmək üçün maliyyə imkanlarına malik olduğunu sübut etməyi tələb edirdi. Belə olan halda aydın idi ki, ərizəçilərin daxili məhkəmələrdə irəli sürdükləri arqumentlər, xüsusən də onların tələblərə əməl etməmələrinin səbəbinin borcları ödəmək üçün maddi imkanlarının olmaması ilə bağlı arqumentləri həlledici əhəmiyyət kəsb edirdi. Qanunun faktiki redaksiyası və ərizəçilərin göstərdiyi üzrlü səbəblərin əsaslı olub-olmaması barədə aydın cavab və məhkəmə qərarı tələb edirdi. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1-ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. Yerli məhkəmələr tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməməsinin səbəbləri tam araşdırılmamış, əksinə özləri borcluların məhkəmə qərarının icrasına mane olan maliyyə çətinliklərinin faktiki doğruluğuna dair heç bir şübhə ifadə etmədən ərizəçilərin qeyri-müəyyən maliyyə vəziyyətlərinə istinad etmişlər. Bundan başqa, Konstitusiya Məhkəməsi məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati həbs və ya tənbeh tətbiq edilərkən bütün faktların məhkəmələr tərəfindən ətraflı araşdırılması tələbini, borclunun hərəkətlərində qəsdin olub-olmamasının qiymətləndirilməsinin vacibliyini vurğuladığı halda, sanksiya tətbiq etmiş məhkəmələr tərəfindən məhkəmə icraçısının tələblərini yerinə yetirmək üçün bütün mümkün vasitələrdən istifadə edilib-edilməməsi araşdırılmamışdır. Yuxarıda qeyd edilənlər isə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin pozuntusu hesab edilmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. Qeyd edilənlərə görə hesab edirəm ki, öhdəliklərinin icrasına görə hər hansı təminat verilməsi barədə məlumat olmayan Şəxs 12.800 manat məbləğindən artıq kredit vermiş Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinin vəzifəli şəxsləri həmin kredit münasibətlərinə öz riskləri ilə daxil olduğunu bilmişlər və buna görə də həmin öhdəliklərin icrasına həbs təhdidi altında nail olacağını güman etmişlərsə, yanlış təsəvvürdə olmuşlar. Hesab edirəm ki, notariusun icra qeydinin icrası üzrə icra məmurunun qanuni tələblərini icra etməyən, faktiki olaraq müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığını iddia edən, iş materiallarında bunun əksini təsdiq edən hər hansı sübutlar olmadığı halda, borclu Şəxs barəsində, yalnız icra sənədi üzrə uzun müddət ərzində heç bir ödəniş aparılmaması əsası ilə və həmin icra sənədinin icrasına nail olmaq məqsədilə, inzibati həbsin tətbiq edilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 3 uşağının olmasını inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar