Məhkəmə qərarları › İş №3(022)-237/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-237/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-237/2024 04.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1985-ci ildə Biləsuvar rayonu, Aranlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış, himayəsində 1 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Aranlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(002)- 90/2024 saylı qətnaməsinə əsasən Şəxs 27 avqust 2011-ci il tarixdə anadan olmuş X4 və 28 mart 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 31 avqust 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 04 mart 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(002)-90/2024 saylı icra sənədinə əsasən Şəxs 27 avqust 2011-ci il tarixdə anadan olmuş X3 və 28 mart 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 31 avqust 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Həmin icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatları alınmışdır. Şəxs borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Belə ki, borclu 08 fevral və 04 mart 2024-cü il tarixli izahatlarında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğin 2.000 manat məbləğində hissəsini qeyri-rəsmi şəkildə tələbkara ödədiyini, qalan hissəsini də yeni işə qəbul olunduğu üçün əmək haqqısını aldı zaman ödəcəyini bildirmişdir. Lakin Şəxs aliment borcunun 2.000 manat məbləğində hissəsini ödədiyini təsdiq edən heç bir sübutu təqdim edə bilməmişdir. Hazırda həmin şəxsin 2.640 manat məbləğində tələbkərə aliment borcu vardır və sonuncu borcunu 1 ay ərzində tələbkara tam həcmdə dəyəcəyinə dair vəd vermişdir. Tələbkar Zərərçəkmiş şəxs isə borclu tərəfindən aliment borcunun tam həcmdə və dərhal ödənilməsini tələb edir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Hazırda borclunun aliment borcunu hissə-hissə ödəyəcəyini yenə vəd etsə də, borcu ödəyəcəyinə dair inam yaratmır. Bu isə Şəxs yenə də şifahi vəd verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə ondan 31 avqust 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Həmin icra sənədində alimentin əvvəlinin 2023-cü ilin avqust ayından hesablandığı qeyd edilsə də, o, 2023-cü ilin sentyabr ayından sonra tələbkara hissə-hissə, 2.000 manat məbləğində pul vəsaitini əldən ələ, nağd qaydada ödəmişdir. Lakin o, Zərərçəkmiş şəxs ödənişi təsdiq edən heç bir qəbz və ya digər sənəd almamışdır. O, bir neçə ay işsiz olduğuna görə maddi vəziyyəti pis olsa da, hazırda yeni iş tapmışdır. O, əmək haqqını aldığı vaxt tələbkara olan 640 manat məbləğində aliment borcunu da ödəyəcəkdir. Əgər barəsində inzibati həbs tətbiq olunmazsa və o, iş yerinə gedib qazanc əldə edə və vəd etdiyi kimi aybaay ödəməli olduğu aliment borcunu ödəyə bilər. Lakin əgər barəsində inzibati həbs seçilərsə, o, tələbkara olan borcunu ödəyə bilməyəcəkdir. Sonda, Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(002)-90/2024 saylı icra sənədinə əsasən Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 25 yanvar 2024-cü il tarixli qərarla icraata başlanılmış, həmin şəxsə 25 yanvar 2024-cü il tarixlərdə tələbin icrası ilə bağlı bildiriş verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 2 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini, habelə həmin şəxsin hazırda da məhkəmə qətnaməsini icra etməməsini nəzərə alaraq, hesab edirəm ki, şəxsi törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə, inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 04 mart 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar