Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-261/2024 17.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X8 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxx 1982-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 mart 2024-cü il tarixdə, saat 17:25-də Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, həmin X10 Polisi Bölməsinin rəisi Elşən Əzizovun xidməti otağında, sonuncu ilə mübahisə edərək,uca səslə nalayiq ifadələr işlətməklə, 20-25 dəqiqə həmin ərzində polis şöbəsinin normal fəaliyyətini pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin X1 sahə rəisi vəzifəsində işləyir. 16 mart 2024-cü il tarixdə, saat 17:25-də Şəxs adlı Biləsuvar rayon sakini Biləsuvar rayon X7 Yol Polisi Bölməsinin rəisi Elşən Əzizovun xidməti otağına daxil olaraq, ona məxsus minik avtomobilinin dövlət yolpatrul xidməti əməkdaşları tərəfindən saxlanılaraq, duracağa yerləşdirilməsinin səbəbini soruşmuş və Elşən Əzizov həmin şəxsə saxlanma səbəbini söylədikdən sonra sonuncu aqressiv şəkildə hərəkətlər edərək, uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Buna görə Şəxs tutularaq, şöbənin növbətçi hissəsinə təhvil verilmişdir. Qeyd olunan xüsusatda inzibati xətanın tərkibinin olub-olmamasının araşdırılması ona həvalə edilmiş və aparılmış inzibati xəta haqqında iş üzrə araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibinin olduğu müəyyən edilmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Biləsuvar Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmədə Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə özünü qismən təqsirli bilməyərək, göstərdi ki, o, uzun müddətdir ki, yük avtomobili idarə edir. Bir neçə gün bundan əvvəl o, minik avtomobili idarə edərkən, dövlət yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və onun sürücülük vəsiqəsində müvafiq kateqoriyanın olmaması əsas tutularaq, avtomaşını duracağa yerləşdirilmişdir. Buna görə də o, avtomobilinin duracağa yerləşdirilməsi səbəbini öyrənmək məqsədi ilə Biləsuvar rayon polis şöbəsinə getmişdir. O, şöbədə olduğu vaxt həmin X10 Polisi Bölməsinin rəisi Elşən Əzizovla söhbət etdikdən sonra əsəbiləşmiş və özündən çıxaraq avtomobilin sahibinə, yəni öz ünvanına nalayiq ifadələr işlətmişdir. Lakin o, polis əməkdaşlarını söyməmişdir. Həmin hadisə bir neçə dəqiqə davam etmiş və o, şöbənin iş fəaliyyətinə mane olmamışdır. Lakin o, məcburi qaydada tutularaq, növbətçi hissəyə təhvil verilmişdir və dünən axşamdan hal-hazıradək müvəqqəti saxlama yerində saxlanılmışdır. Sonda, Şəxs Biləsuvar rayon polis şöbəsinin inzibati binasına gedərək, orada nalayiq ifadələr işlətdiyinə görə peşman olduğunu və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, o, Biləsuvar rayon X7 yol polisi bölməsində baş inspektor vəzifəsində çalışır. 16 mart 2024-cü il tarixdə, saat 17:25-də o, xidməti vəzifələrini icra etdiyi vaxt Biləsuvar rayon sakini Şəxs Biləsuvar rayon polis şöbəsinin inzibati binasına - həmin X10 Polisi Bölməsinin rəisi Elşən Əzizovun xidməti otağına daxil olaraq, əsəbi halda sonuncu ilə söhbət etməyə başlamışdır. Bundan bir neçə dəqiqə sonra isə Şəxs daha da əsəbiləşərək, nalayiq ifadələri işlətməyə başlamışdır. Həmin vaxt o, həmin şəxsə qanusnuz hərəkətlərinə son verməsi ilə bağlı xəbərdarlıqlar etsə də, sonuncu öz hərəkətlərinə davam etmişdir. Buna görə də o, Şəxs polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət müəyyən edir. İnzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı Şəxs Biləsuvar rayon X7 yol polisi bölməsinin rəisinin şəxsi qəbulunda, xidməti otaqda olarkən öz ünvanına nalayiq ifadələr işlətdiyi öz təsdiqini tapsa da, həmin şəxsin hərəkətlərinin ictimai qaydanı pozması və Biləsuvar rayon Polis Şöbəsinin və ya həmin şöbənin hər hansı stuktur bölməsinin normal iş fəaliyyətini pozmasına da heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iş materiallarında olan 16 mart 2024-cü il tarixli, MN serialı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs istinad olunan inzibati xətanın törədildiyi vaxt 16 mart 2024-cü il, saat 17:25 kimi qeyd edilsə də, inzibati qaydada tutmaq haqqında AZA seriyalı, 020114 nömrəli protolda Şəxs inzibati qaydada tutulma vaxtə 16 mart 2024-cü il, saat 15:30 kimi göstərilmişdir. Həmçinin inzibati qaydada tutmaq haqqında protokolda həmin şəxsin 16 mart 2024-cü il tarixdə, saat 18:00-da azad edildiyi qeyd edilsə də, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Şəxs ona istinad istinad olunan inzibati xətanın törədildiyi vaxtdan əvvəl, yəni 16 mart 2024-cü il tarixdə, saat 15:30-da tutulmuş və hazırki vaxtadək azad edilməmişdir. İş üzrə məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərə alaraq, Şəxs barəsində tərtib edilmiş 16 mart 2024-cü il tarixli, MN serialı, ******* nömrəli inzibati xəta haqqında protokolun həmin şəxsin ona istinad edilən inzibati xətanı törətməzdən öncə inzibati qaydada tutulmasını iş üzrə şübhəli məqam hesab edirəm. Həmçinin həmin şübhəli məqamların sübut edilməsi yükü barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin deyil, sonuncu barəsində həmin protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Q.R.Əskərzadə məhkəməyə iş üzrə ortaya çıxmış şübhəli məqamları təkzib edəcək heç bir sübut təqdim edə bilməmiş, Şəxs tutulma vaxtının texniki yanlışlıq nəticəsində səhv göstərildiyini bildirməklə kifayətlənmişdir. Beləliklə, iş materiallarında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlmək üçün kifayət qədər sübut yoxdur. Belə hallar isə məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə şübhəli məqamlar hesab edilir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələri nəzərə alınmaqla şəxsin təqsirli olmasını şübhə altına alır, sonuncunun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Buna görə də , Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd olunan xüsusatların formal mülahizələr əsasında tərtib olunmasını, həmin şəxsə istinad edilən ictimai qaydanı pozma əməlinin yalnız formal mülahizələrə və təsdiq olunmamış şübhələrə əsaslanmasını, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən halların məhkəmə iclasında sübuta yetirilməməsini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə zalında azad edilsin. Qərar dərhal icra edilsin. Qərardan 10 (on) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-261/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-261/2024
17.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver