Məhkəmə qərarları › İş №3(022)-273/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-273/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-273/2025 06.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X3 məhkəmə-iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx xxxx 1992-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilmiş, Biləsuvar rayonu, Bağbanlar kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-142/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 6462.80 manat məbləğində pul tutularaq, tələbkar Zərərçəkmiş şəxs xeyrinə və 50 manat ekspertiza xərci dövlət büdcəsinin nəfinə ödənilməlidir. Borclunun icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi səbəbindən Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində 06 mart 2025-ci il tarixdə MN seriyalı ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirdi ki, Şəxs Biləsuvar Rayon 2(022)-142/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs Şəxs 6462.80 manat məbləğində pul tutularaq, tələbkar Zərərçəkmiş şəxs xeyrinə və 50 manat ekspertiza xərci dövlət büdcəsinin nəfinə ödənilməlidir. Belə ki, İcra sənədləri Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra 06 yanvar 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, borclu Şəxs həmin icra sənədlərinin icrasına dair bildiriş göndərilmişdir. Şəxs qanunvericliyə uyğun qaydada xəbərdarlıq edilmiş, borclunun olduğu yer müəyyən olunmadığından 17 fevral 2025-ci il tarixdə onun axtarılması haqqında qərar qəbul edilmiş, Şəxs bu gün Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclunu icra şöbəsinə dəvət etmiş, izahatı alınmışdır. İzahatında borclu Şəxs icra sənədi üzrə borcu tam ödəməyəcəyini, çıxarılmış qətnamənin düzgün olmadığını və qətnamədən narazı oluğunu bildirmişdir. Sonda, Ş.İ.İbrahimova Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Sədrlik edənin suallarına cavab olaraq Ş.İ.İbrahimova 06 fevral 2025-ci il və 06 mart 2025-ci il tarixli xəbərdarlıq məktublarının bu gün borcluya təqdim edilərək imzalandığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, göstərdi ki, ödəniş etməməsinə səbəb ilk öncə məhkəmə qətnaməsindən razı olmaması, həmçinin maddi imkanının olmadığına görədir. Həmçinin, ona maşın verilərkən maşın nasaz olub, bu səbədən taksi fəaliyyəti ilə məşğul olan zaman avtomobilin nasaz olması səbəsindən avtoqəza edib. 1000 manat civarında avtomobilin təmirinə pul xərclənib. O, razılaşmayaraq bu barədə məhkəmədən ekspertiza təyin olunmasını xahiş etdi. Lakin, hələ də ekspertizanın cavabı ona gəlib çatmamışdır. Həmçinin, icra tərəfindən də ona heç bir bildiriş, xəbərdarlıq məktubu gəlməyib. Borclu Şəxs himayəsində 2 azyaşlı övladı və xəstə anası olduğunu, çoban işlədiyini və hər ay 260 manat əmək haqqı aldığını bildirdi. Hər ay 30-40 manat ödəniş edəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs qətnamə üzrə tələb olunan borcun tam ödənilməsini, ödəməyəcəyi təqdirdə borclu Şəxs həbs olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-142/2024 saylı, 29 oktyabr 2024-cü saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 06 yanvar 2025-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borcluya bildiriş ünvanlanmışdır. “Borclunun axtarılması barədə” Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin 17 fevral 2025ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. İnzibati xəta haqqında 06 mart 2025-ci il tarixli MN ******* nömrəli protokola əsasən Şəxs Biləsuvar Rayon Məhkəməsinin 2(022)-142/2024 saylı, 29 oktyabr 2024-cü tarixli icra sənədlərinə əsasən ümumilikdə 6512.80 manat borcu yaranmış və bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetirib-yetirmədiklərini araşdırmağa borcludurlar. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1-ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun: 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun: 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarı: Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə icra məmurunun, tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş, eləcə də icra işində olan sənədlərlə müəyyən edilmişdir ki, borcluya 06 mart 2025-ci il tarixli məktub ilə 10 gün müddətində icra sənədi üzrə tələbi tam təmin edib, ödəniş qəbzinin təqdim edilməsi, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tədbir görüləcəyi ilə bağlı xəbərdarlıq olunsa da, qeyd edilən müddəti gözləmədən barəsində protokol tərtib edilərək məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, Şəxs əməlində üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı olmamış, icra məmuru tərəfindən göndərilmiş bildiriş borcluya çatdırılmamış, və xəbərdalıq məktubları isə bu gün təqdim olunmuşdur. Göstərilən bu hallar Şəxs üzürsüz səbəbdən və ya qərəzli olaraq borcunu ödəməkdən yayınmasını istisna edir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə hesab edir ki, Şəxs onun maddi imkansızlığı səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh qismində inzibati həbsin tətbiq edilməsi həm “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinin, həm də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun tələblərini kobud surətdə pozaraq şəxs barəsində ədalətsiz məhkəmə qərarın qəbul edilməsi ilə nəticələnəcəkdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs bir müddətdir işsiz olması, icra sənədinin icrası ilə bağlı xəbərdarlıq məktublarının 06 mart 2025-ci il tarixdə borcluya verilməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar