Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-276/2023 13.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X10 Patrul Bölməsinin yol-patrul xidməti inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili, Biləsuvar rayon vəkil bürosunun vəkili X3 iştirakı ilə, Şəxs, xx xxxxxx 1988-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 4 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim olunmuş 29 yanvar 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 29 yanvar 2023-cü il tarixdə Şəxs idarə etdiyi “PEJO” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar şəhəri ərazisində nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla, nəqliyyat vasitəsinin təhlükəsizlik kəmərini bağlamadan və narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7 izahatında göstərdi ki, o, Biləsuvar Rayon Polis X10 X8-patrul xidmətinin inspektoru vəzifəsində işləyir. Biləsuvar Rayon Polis Şöbəsinin daxili iş bölgüsünə əsasən o, 29 yanvar 2023-cü il tarixdə xidməti vəzifəsini icra edərkən, “PEJO” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün həmin nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini taxmadan və sərxoş vəziyyətdə idarə etdiyini aşkar etmişdir. Belə ki, o və Biləsuvar rayon polis şöbəsinin digər əməkdaşları X6 və X1 şəhəri ərazisində “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol-patrul xidməti avtomobili ilə reyd apardıqları zaman Biləsuvar şəhəri, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında dayanmışlar. Həmin vaxt “PEJO” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil yoldan keçmiş və o, həmin nəqliyyat vasitəsinə yoxlamaq məqsədi ilə “saxla” əmri vermişdir. Bundan sonra həmin avtomaşının sürücüsü Şəxs avtomobili saxlamış, lakin nəqliyyat vasitəsindən yerə düşməmişdir. O və digər polis əməkdaşları Şəxs yaxınlaşdıqları zaman ondan narkotik vasitə iyi gəldiyinin və sürücünün özünü idarə edə bilməməsinin şahidi olmuşlar və buna görə də sonuncuya narkotik vasitə qəbul edib-etməməsi barədə sual vermişlər. Şəxs onlara axırıncı dəfə narkotik vasitəni bir həftə qəbul etməsini bildirmişdir. Daha sonra o, Şəxs hərəkətlərindən şübhələndiyinə görə həmin şəxsi sərxoşluğunun müəyyən edilməsi məqsədilə tibbi müayinəyə göndərmişdir. Müayinə zamanı Şəxs narkotik vasitə qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində avtomobili idarə etməsi aşkar olunmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan əlavə, o bildirdi ki, Şəxs nə onlar tərəfindən saxlandığı zaman, nə də sərxoşluğunun müəyyən edilməsi üçün tibbi müayinəyə aparıldığı zaman heç bir etiraz etməmiş, əksinə tərtib edilmiş protokola imza etməklə öz razılığını yazılı şəkildə ifadə etmişdir. Həmçinin Şəxs tibbi müayinə zamanı gəlinən nəticə ilə bağlı etiraz etdiyini bildirsə də, müayinə keçirildiyi zaman sonuncu tərəfindən tibbi müayinənin keçirildiyi müəssisənin rəhbərliyinə etirazı olmamışdır. Bundan başqa, yol-patrul xidmətinin əməkdaşı kimi onda şəxsin spirtli içki qəbulu nəticəsində sərxoşluğunun müəyyən edilməsi üçün alkotester olsa da, narkotik vasitə və ya psixotrop maddə qəbulu ilə sərxoş olub-olmamasını yoxlamaq üçün narkotester olmamışdır və buna görə də Şəxs sərxoşluğunun müəyyən edilməsi məqsədi ilə Cəlilabad rayonunda yerləşən tibb müəssisəsinə göndərmişdir. İzahatına əlavə olaraq, X7 bildirdi ki, Şəxs tərəfindən həmin inzibati xəta törədildiyi zaman onların iş vaxtı növbəlilik üzrə günorta saat 14 radələrindən onra baş vermişdir.Onlar iş vaxtı bitsə də, onlar həmin gün əlavə iş saatlarında olmuşlar. Belə ki, onlar əksər iş günlərində, bölmə rəsinin qərarı ilə, saat 16-dan sonra xidmətə davam edirlər. 29 yanvar 2023-cü il tarixdə də inzibat xəta haqqında protokolun tərtib edildiyi 17:10 radələrində də o, xidməti vəzifələrinin icrasına davam etmişdir. Şəxs Cəlilabad rayon mərkəzi xəstəxanasına apardıqları zaman sonuncu onlara işin qanunsuz yolla həll edilməsini də təklif etmiş, lakin onlar şəxsin sərxoş vəziyyətdə olmasını, hərəkətlərini idarə edə bilməməsini nəzərə alaraq, onun təkliflərinə laqeyd yanaşmış, təklifini qəbul etməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xüsusatları qəbul etməyərək və inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək, göstərdi ki, “Pejo” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun özünə məxsusdur və onun həmin nəqliyyat vasitəsini idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. O, 29 yanvar 2023-cü il tarixdə o, idarə etdiyi həmin nəqliyyat vasitəsini avtomobil təmiri sexindən götürmüş və həmin vaxt usta ona avtomaşına benzin vurmadığı təqdirdə avtomobilin xarab olacağını bildirişdir. Buna görə də o, maşına yanacaq vurdurmaq məqsədi ilə Biləsuvar şəhəri ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə getmiş və yanacaq almışdır. Daha sonra isə geri qayıtmaq məqsədi ilə avtomobilə əyləşsə də, avtomaşını hərəkət etdirməmişdir. Həmin vaxt yaxınlıqda olan yol-patrul xidməti əməkdaşları ona nəqliyyat vasitəsini həmin yerdə saxlamamasını və qabağa sürüb avtomaşını qabaq tərəfdə saxlamasını söyləmişlər. O, polis əməkdaşlarının tələbini yerinə yetirmiş və maşını hərəkət etdirmişdir. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq, təhlükəsizlik kəməri taxmamağının səbəbini və narkotik vasitə qəbul edib-etməməsini soruşmuşlar, o da axırıncı dəfə, təxminən, bir həftə əvvəl narkotik vasitə marixuana istifadə etdiyini bildirmişdir. Bundan sonra isə həmin polis əməkdaşları onun barəsində protokol tərtib edərək, onu etirazlarına baxmayaraq həkim-narkoloqun qəbuluna aparmışlar və sərxoş olubolmamasının müəyyən edilməsi üçün qanunsuz olaraq tibbi müayinəyə cəlb etmişlər. Həmin polis əməkdaşları xəstəxanaya getdikləri zaman ona dediklərini etməsini, inzibati xəta törətdiyinə görə peşman olması ilə bağlı izahat verməsini tapşırmış və işin məhkəməyə getməyəcəyi, onun yalnız az midarda cərimə olunacağı ilə bağlı vədlər vermişlər. O, da polis əməkdaşlarına inanaraq, onların dediklərini etmiş, onun barəsində tərtib edilmiş protokolla razı olması və əməlindən peşman olması ilə bağlı izahat vermişdir. O, tibbi müayinə keçirilən zaman həkimə sərxoş olmadığını və polis əməkdaşları tərəfindən əsassız olaraq tibbi müayinəyə cəlb edildiyini bildirsə də, müayinə nəticəsində onun sidiyində narkotik vasitə əlamətlərinin olması müəyyən edilmişdir. Lakin o, barəsində tərtib edilmiş 29 yanvar 2023-cü il tarixli, 38 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı və eyni tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, protokolda onun nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman yol-patrul xidməti əməkdaşları tərəfindən saxlandığı qeyd edilsə də, əslində o, Biləsuvar rayon mərkəzi xəstəxanasının yaxınlığında, “Lukoil” yanacaq doldurma məntəqəsindən çıxıb, avtomobili saxladığı yerdən hərəkət etdirmək istədiyi zaman heç bir səbəb göstərilmədən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa, sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı o, müayinənin keçirilməsinə etiraz edərək, sərxoş olmadığını bildirsə də, polis əməkdaşları tərəfindən onun etirazlarına məhəl qoyulmamış və hal şahidlərinin iştirakı təmin edilmədən müayinə həyata keçirilmişdir. Bu hal isə sərxoşluq vəziyyətinin müayinəsi aparıldığı zaman hal şahidlərinin iştirakının təmin edilməsini tələb edən İXM-nin 69.2-ci maddəsinin tələbinin pozulmasıdır. Bundan sonra onun barəsində tərtib olunmuş protokol Biləsuvar Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 23 fevral 2023-cü il tarixli, 3(022)-276/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə o, İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək, onun barəsində 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. O, məhkəmənin həmin qərarından apellyasiya şikayəti verərək, Biləsuvar Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 3(022)-276/2023 saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 01 may 2023-cü il tarixli, 3(106)-128/2023 saylı qərarı ilə birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyət kəsb edən halların hərtərəfli və obyektiv şəkildə araşdırılmadan qərar qəbul edilməsi əsas götürülərək, onun şikayəti təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 3(022)-276/2023 saylı qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilmişdir. Bundan başqa, o bildirdi ki, Biləsuvar rayon polis şöbəsində ona polis əməkdaşları tərəfindən edilən təzyiqlərdən sonra o, törətmədiyi inzibati xətanı törətdiyini bildirmişdir və buna görə də məhkəmədən 29 yanvar 2023-cü il tarixdə onu saxlayan “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol-patrul xidməti avtomobilinin dislokassiya marşrutunun xəritəsinin maddi sübut kimi işə əlavə edilməsini xahiş etmişdir. Onun barədə protokol tərtib etmiş X4 dislokassiya üzrə xidmət qrafikinə əsasən sonuncu 30 yanvar 2023-cü il tarixdə həmin gün üzrə 1-ci növbədə olmuşdur. 1-ci növbə isə saat 08:00 və 16:00 arasındakı vaxt dilimini əhatə edir, lakin onun barəsində inzibati xəta haqqında protokolun tərtib olunma tarixi hissəsində 29 yanvar 2023-cü il, saat 17:10 qeyd edilmişdir. Belə bir fakt E.E.Ağayevin 29 yanvar 2023-cü il tarixdə saat 16-dan sonra fəaliyyət göstərmədiyini sübut edir. Onun post patrul xidməti tərəfindən saxlanması isə saat 12-13 arasında baş vermiş, lakin onun barəsində tərtib edilmiş protokolda hadisənin baş vermə tarixi 17:10 kimi qeyd edilmişdir. Həmçinin, onun himayəsində onkoloji xəstəlikdən əziyyət çəkən azyaşlı uşağı vardır və vaxtaşırı olaraq həmin uşağı Bakı şəhərinə müalicə məqsədi ilə aparmalı olur, lakin məhkəmənin həmin qərarından sonra yalnız o, pis vəziyyətdə qalmamış, belə bir qərar onun ailəsinin də vəziyyətinə mənfi təsir göstərmişdir. O, uşağını müalicəyə aparmaq üçün rayon ərazində faliyyət göstərən taksilərə müraciət etmiş və maddi vəziyyəti daha da pisləşmişdir. Halbuki, övladını taksi ilə Bakı şəhərinə aparmaq üçün çəxdiyi xərcləri həmin uşağın müalicəsi üçün çəkə bilərdi. Bundan başqa, Biləsuvar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 fevral 2023-cü il tarixli, 3(022)-276/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarla o, İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək, 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Lakin hazırki tarixdə onun həmin cəzasının bitməsinə iki aydan da az vaxt qalır. Onun həmin qərardan şikayət etməsinin səbəbi cəzası deyil, əksinə ona qarşı ədalətsizliyin olmasıdır. O, belə bir ədalətsizliyə son qoymaq və patrul xidməti əməkdaşlarının qanunuz hərəkətlərinə qarşı mübarizə aparmaq məqsədi ilə həmin qərardan şikayət etmişdir. Hal-hazırda o, məhkəmə tərəfindən onun barəsində ədalətli qərar qəbul ediləcəyinə inanır. Sonda, Şəxs onun barəsində İXM-nin 329.1 və 333.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, 29 yanvar 2023-cü il tarixdə Biləsuvar şəhəri ərazisində “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol-patrul xidməti avtomobili ilə reyd apardıqları zaman Biləsuvar şəhəri, “Lukoil” yanacaq dolduma məntəqəsinin yanında dayanmışlar. Həmin vaxt Biləsuvar rayonu istiqamətində hərəkət edən “PEJO” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə “saxla” əmrini vermişlər və həmin nəqliyyat vasitəsinin sürücüsü Şəxs da avtomaşını yolun kənarında saxlamış və maşında onların gəlməsini gözləmişdir. O, həmin şəxsə yaxınlaşaraq, təhlükəsizlik kəmərini taxmamasının səbəbini soruşmuşdur. O, həmin sürücüyə yaxınlaşdığı zaman sonuncudan kəskin narkotik vasitə qoxusunun gəldiyinin şahidi olmuşdur. Bundan sonra onlar tərəfindən Şəxs narkotik vasitə istifadə edib-etməməsi soruşulmuş və sonuncu axırıncı dəfə narkotik vasitəni, təxminən, bir həftə əvvəl istehlak etdiyini bildirmişdir. Şəxs kəskin narkotik vasitə qoxusunun gəlməsinə və həmin şəxsin özünü şübhəli şəkildə aparmasına görə sonuncu sərxoluğun müəyyən edilməsi üçün Cəlilabad rayon mərkəzi xətəxanasına aparılmışdır. Şəxs nə onlara, nə xəstəxanada tibbi müayinəni həyata keçirən həkim-narkoloqa, nə də sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının nəticəsinə heç bir etiraz etməmiş və ya narazılığını yazılı şəkildə bildirməmişdir. Bundan sonra isə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı X6 məhkəmə iclasında şahid O.V.Həsənovun izahatı ilə eyni məzmunlu izahat verərək, Şəxs 29 yanvar 2023-cü il tarixdə, saat 17:00 radələrində idarə etdiyi “PEJO” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar şəhəri ərazisində nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla, nəqliyyat vasitəsinin təhlükəsizlik kəmərini bağlamadan və narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyini və buna görə də sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunduğunu təsdiq etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun vəkilini və şahidləri dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXMnin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, işdə olan 29 yanvar 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 29 yanvar 2023-cü il tarixdə Şəxs idarə etdiyi “Pejo” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar şəhəri ərazisində nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla, nəqliyyat vasitəsinin təhlükəsizlik kəmərini bağlamadan və narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə tibbi müayinəyə göndərilməsi barədə 29 yanvar 2023-cü il tarixli, nömrəsiz protokoldan görünür ki, “PEJO” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində müəyyən şübhələr olması səbəbinə görə tibbi müayinəyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 29 yanvar 2023-cü il tarixli, 38 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs narkotik vasitələrin qəbulu nəticəsində sərxoşluq vəziyyətində olmuşdur. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 3(022)-276/2023 saylı qərarından görünür ki, Şəxs İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək, onun barəsində 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 01 may 2023-cü il tarixli, 3(106)-128/2023 saylı qərarından görünür ki, Şəxs Biləsuvar Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 3(022)-276/2023 saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə apellyasiya şikayəti təmin edilmiş və Biləsuvar Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 3(022)-276/2023 saylı qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 08 iyun 2023-cü il tarixli Biləsuvar rayon polis X10 X8-patrul xidməti inspektorlarının müəyyən edilmiş dislokassiya üzrə xidmət qrafikindən görünür ki, post-patrul xidməti inspektoru X4 xidmət etdiyi avtopatrul yanvar ayı üzrə 02 yanvar, 09 yanvar, 16 yanvar, 23 yanvar və 30 yanvar günləri istisna olmaqla, yanvar ayının digər günlərində 1-ci növbə üzrə (iş vaxtı: 08:00-16:00-dək (nahar fasiləsi: 13:00-14:00 arası)) xidməti fəaliyyət göstərmişdir. E.E.Ağayevin xidmət etdiyi avtopatrulun Biləsuvar rayonu ərazisində xidmət marşrutu ərazilərinə daxildir: Biləsuvar şəhəri, M.İbrahimov küçəsindən Biləsuvar-st Mingəçevir yolunun 25-ci kilometrliyinədək və həmin istiqamətdə olan şəhərin küçə və yolları, eyni zamanda həmin istiqamətdə olan bütün kənd yolları. Belə ki, İXM-in 12.1-ci maddəsinə görə həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 329.1 və 333.1-ci maddələrinə əsasən nəqliyyat vasitəsinin təhlükəsizlik kəmərini bağlamadan və nəqliyyat vasitəsinin idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 100-cü maddəsinə görə həmin Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin maddənin 100.1.4-cü maddəsinə görə inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti barədə məlumatlar öz əksini tapmalıdır. Beləliklə, iş materiallarına əlavə edilmiş sübutları və yuxarıda sadalanan İXM-in maddələrini nəzərə alaraq hesab edirəm ki, 29 yanvar 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi barədə müvafiq qeydlər aparılmamışdır. Belə ki, həmin protokolda qeyd edilməsi zəruri olan inzibati xətanın törədildiyi vaxt, yer və həmin xətanın mahiyyəti barədə məlumatlar öz əksini tapsa da, inzibati xətanın törədildiyi yer barədə məlumatlar düzgün deyildir. Belə ki, inzibati xəta haqqında protokol tərtib etmiş E.E.Ağayevin xidmət etdiyi avtopatrulun dislokasisiya marşrutu ərazisinə Biləsuvar şəhəri, H.Əliyev küçəsi daxil deyildir, həmçinin bu faktla inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz mövqeyini əsaslandırdığı hal, yəni sonuncunun Biləsuvar rayon mərkəzi xəstəxanasının yaxınlığında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsindən çıxıb, nəqliyyat vasitəsini saxladığı yerdən hərəkət etdirməyə hazırlaşdığı zaman yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanması arasında ziddiyyət yaranır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin nəfəsindən alkoqollu içki qoxusu gəlməsi, ayaqüstə dayana bilməməsi və özünü idarə edə bilməməsi əlamətlərindən biri olduqda həmin şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokola əlavə edilmiş, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə tibbi müayinəyə göndərilməsi barədə 29 yanvar 2023-cü il tarixli, nömrəsiz protokoldan görünür ki, Biləsuvar Rayon Polis X10 Patrul Bölməsinin yol-patrul xidmətinin inspektoru X7 “Pejo” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs “müəyyən şübhələr olması” səbəbinə görə tibbi müayinəyə göndərmişdir. Belə ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin nəfəsindən alkoqollu içki qoxusu gəlməsi, ayaqüstə dayana bilməməsi və özünü idarə edə bilməməsi əlamətlərindən biri olduqda həmin şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi həyata keçirilir. Həmin qaydaların həmin bəndində vəzifəli şəxs tərəfindən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tələb edilən əsasların dairəsi qətidir və səlahiyyətli orqanın və ya vəzifəli şəxsin dispozitiv imkanlarından asılı deyildir. Lakin iş materiallarına əlavə edilmiş 29 yanvar 2023-cü il tarixli, nömrəsiz protokoldan görünür ki, Biləsuvar Rayon Polis X10 Patrul Bölməsinin yol-patrul xidməti inspektoru X7 “PEJO” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs “müəyyən şübhələr olması” səbəbindən tibbi müayinəyə göndərmişdir. Göründüyü kimi, həmin protokolda şəxsin tibbi müayinəyə göndərilməsi səbəbi hissəsində şəxsin davranışlarında sərxoş olmasına dair şübhələr olması qeydi səthi mülahizələrə əsaslanır və yuxarıda qeyd edilən Qaydaların 2.1-ci bəndi ilə ziddiyyət təşkil edir. Həmin Qaydaların 3.3-cü bəndinə görə isə narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 3.4 və 3.5-ci bəndlərinə əsasən müayinə aparan həkim-narkoloq həmin qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən ibarət (əsli və surəti) tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Mayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş şəxsə təqdim edilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o, təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir və hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 76-cı maddəsinin tələbinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmədə verdiyi ifadəsində öz mövqelərini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsi ilə əsaslandırsa da, hesab edirəm ki, həmin maddə formal cəhətdən təfsir edilməməli və maddənin məzmununa diqqət edilməlidir. Belə ki, qanunvericiliyin mövqeyinə görə şəxs həm spirtli içki qəbulu, həm də narkotk vasitə qəbulu nəticəsində sərxoş ola bilər. Şəxsin spirtli içki qəbulu nəticəsindəsərxoşluğunun müəyyən edilməsi hadisə yerində dərhal və hal şahidlərinin iştirakıilə aparılmalıdır, çünki alkotesterə nəfəs üfləndiyi zaman sərxoşluğun dərəcəsi alkotesterdən başqa, heç bir foto və video materialda fiksasiya olunmur. Şəxsin spirtli maddə istehlakı nəticəsində sərxoşluğunun müayinə edilməsi zamanı hal şahidlərinin iştirakı həm inzibati xəta haqqında prtokol tərtib etmiş vəzifəli şəxsin, həm də sərxoşluq vəziyyəti yoxlanılan şəxsin lehinədir və sonradan şəxsin sərxoş olub-olmaması faktı mübahisələndirildiyi zaman hal şahidlərinin izahatları işin ədalətli həllində əhəmiyyətli rol oynaya bilər. Həmçinin alkotester vasitəsi ilə sərxoşluq vəziyyətinin yoxlanması nəticəsi bir dəfəlikdir və şəxs müvafiq səlahiyyətli şəxs tərəfindən yenidən alkoterster müayinəsinə cəlb edildiyi zaman fərqli nəticə verə bilər. Çünki alkohol zaman keçdikcə öz təsirini itirir və şəxsin sərxoş vəziyyətdə olub-olmamasını müəyyən etmək də çətinləşir, beləcə bir çox şəxs məsuliyyətdən yayınaraq, analoji əməllərinə heç bir cəza almadıqları üçün davam edirlər. Lakin şəxsin sərxoşluğunun tibbi müayinəsi aktı yalnız tibb müəssisəsində həkimnarkoloq tərəfindən aparıla bilər. Belə ki, şəxsin spirtli içki qəbul etməklə sərxoş olmasını nəfəsi vasitəsilə müəyyən edilə bildiyi halda, narkotik vasitə istehlakı nəticəsində sərxoşluğun müəyyən edilməsi daha mürəkkəb prosesdir və belə bir proses xəstəxana şəraitində həyata keçirilərək, öz nəticəsini tibbi müayinə aktında əks etdirir. Belə bir mürəkkəb proses zamanı hal şahidlərinin axtarılması və bundan sonra şəxsin müayinəyə cəlb edilməsi hüquq-mühafizə orqanları əməkdaşlarının işinin ləngiməsinə gətirib çıxaracaqdır. Nəticə olaraq, hüquqi məntiqə əsaslanaraq və cəmiyyətdə baş verən hüquq pozuntularına dərhal reaksiya verməyin vacibliyini nəzərə alaraq, hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinə əsasən şəxsin sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakının məcburiliyi şəxsin narkotik maddə qəbulu nəticəsində sərxoşluq vəziyyətinin yoxlanması üçün həyata keçirilən tibbi müayinəyə aid deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il tarixli, Q25-001-17 saylı qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 4.7-ci bəndinə əsasən Yol-patrul xidməti inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Habelə işdə olan 08 iyun 2023-cü il tarixli Biləsuvar rayon polis X10 X8-patrul xidməti inspektorlarının müəyyən edilmiş dislokassiya üzrə xidmət qrafikindən görünür ki, post-patrul xidməti inspektoru X7 yanvar ayı üzrə 02 yanvar, 09 yanvar, 16 yanvar, 23 yanvar və 30 yanvar tarixlərində 1-ci növbə üzrə (iş vaxtı: 08:00-16:00-dək (nahar fasiləsi 13:00-14:00-dək)) xidməti fəaliyyət göstərmişdir. E.E.Ağayevin Biləsuvar rayonu ərazisində xidmət marşrutu: Biləsuvar şəhəri, M.İbrahimov küçəsindən Biləsuvar-st Mingəçevir yolunun 25-ci kilometrliyinədək və həmin istiqamətdə olan şəhərin küçə və yolları, eyni zamanda həmin istiqamətdə olan bütün kənd yolları. Belə ki, iş materiallarına inzibati xətanın törədilməsi ilə bağlı protokal tərtib edilməsi zamanı yol-patrul xidmətinin inspektorunun maşınında quraşdırılmış kamera vasitəsi ilə çəkilmiş görüntülər iş materiallarına əlavə edilməmişdir. Habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin protokolun tərtib edilməsi halları ilə bağlı etirazları olduğuna və iş materiallarında sonuncunun mülahizələrini təkzib edəcək kifayət qədər dəlil olmadığına görə, İXM-nin 8.2 və 8.3-cü maddələri nəzərə alınmaqla, iş üzrə şəxsin təqsirliliyinə dair ortaya çıxmış şübhələr onun xeyrinə həll edilməlidir. İşdə olan 29 yanvar 2023-cü il tarixli, 38 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs müayinəyə 29 yanvar 2023-cü il tarixdə saat 17:25-də göndərilmişdir. İş materiallarına əlavə edilmiş 29 yanvar 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol 29 yanvar 2023-cü il tarixdə saat 17:10da tərtib edilmişdir. İnzibati xəta haqqında iş materiallarında olan Biləsuvar rayon polis X10 X8-patrul xidməti inspektorlarının yanvar ayı üzrə müəyyən edilmiş dislokassiya qrafikindən görünür ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş E.E.Ağayevin 29 yanvar 2023-cü il tarixdə P1 nömrəli avtopatrulda xidmət etmiş və həmin avtopatrulun xidmət vaxtı həmin gün 08:00-dan 16:00-dək (nahar fasiləsi vaxtı: 13:00-14:00)) olmuşdur. Beləliklə, 29 yanvar 2023-cü il tarixli, 38 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında göstərilmiş vaxtda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs saat 17:25-də tibbi müayinəyə göndərilmişdir. Prosessual qaydalara uyğun olaraq şəxsin sərxoş olub-olmaması müəyyən edildikdən sonra onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə protokol tərtib edilməlidir. Ləkin iş materiallarında olan 29 yanvar 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda həmin sənədin tərtib olunma tarixi 29 yanvar 2023-cü il tarixdə saat 17:10 kimi göstərilmişdir. Belə bir hal iş üzrə prosessual mərhələlərin növbəliliyini pozan haldır və həmin hala əsasən demək mümkündür ki, Şəxs tərəfindən İXM-nin 333.1-ci maddəsinin pozulması faktı ilə bağlı mübahisələr ortaya çıxır. Belə ki, Şəxs barəsində ilk öncə onun sərxoşluğunu müəyyən edən tibbi müayinə aktı tərtib edilməli, sonra isə onun barəsində nəqliyyat vasitəsinin sərxoş halda idarə etməsinə görə inzibati xəta haqqında protokol tərtib edilməlidir. Lakin E.M.Ağayev barəsində protokol 29 yanvar 2023-cü il tarixdə saat 17:10-da tərtib olunmuş, bundan sonra isə sonuncu həmin gün saat 17:25-də sərxoşluğun tibbi müayinəsi məqsədi ilə xəstəxanaya göndərilmişdir. Bundan başqa, işdə olan 08 iyun 2023-cü il tarixli Biləsuvar rayon polis X10 X8-patrul xidməti inspektorlarının yanvar ayı üzrə müəyyən edilmiş dislokassiya qrafikinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş E.E.Ağayevin yanvar ayı üzrə 02 yanvar, 09 yanvar, 16 yanvar, 23 yanvar və 30 yanvar tarixləri istisna olmaqla, yanvar ayının digər günlərində 1-ci növbə üzrə (iş vaxtı: 08:00-16:00-dək (nahar fasiləsi 13:00-14:00-dək)) xidməti fəaliyyət göstərsə də, icraatı aparılan hazırki iş üzrə inzibati xətanın güya törədildiyi 29 yanvar 2023-cü il tarixdə saat 17:10-da artıq E.E.Ağayevin xidmət göstərdiyi avtopatrulun iş vaxtı bitmişdir. Belə ki, Şəxs barəsində 29 yanvar 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun tərtib edildiyi 29 yanvar 2023-cü il tarixdə 16:00-dan sonra artıq 3 nömrəli avtopatrulun xidməti fəaliyyəti başlamışdır. Bundan əlavə, hüquq-mühafizə orqanlarının iş saatının dəqiq müəyyən edilsə də, real vəziyyətə uyğun olaraq əlavə iş saatlarına cəlb edilmələri də mümkündür. Əgər hesab etsək ki, E.E.Ağayev 29 yanvar 2023-cü il tarixdə əlavə iş vaxtına cəlb edilmiş və həmin gün iş vaxtının bitdiyi saat 16:00-dan sonra xidmət etmişdir, lakin bununla belə inzibati xətanın törədilməsini şübhə altında qoyan yuxarıda bəhs etdiyim nüans, yəni Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə qədər olan prosessual mərhələlərin realizə edilmə vaxtları arsasındakı uyğunsuzluqdur. Belə ki, Şəxs barəsində ilk öncə onun sərxoşluğunu müəyyən edən tibbi müayinə aktı tərtib edilməli, sonra isə onun barəsində nəqliyyat vasitəsinin sərxoş halda idarə etməsinə görə inzibati xəta haqqında protokol tərtib edilməli idi. Lakin E.M.Ağayev barəsində protokol 29 yanvar 2023-cü il tarixdə saat 17:10-da tərtib olunmuş, bundan sonra isə sonuncu həmin gün saat 17:25-də Cəlilabad rayon mərkəzi xəstəxanasına sərxoşluğun tibbi müayinəsi üçün göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda sadaladığım faktları iş üzrə şübhəli məqam hesab edirəm. Həmin şübhəli məqamların sübut edilməsi yükü barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin deyil, sonuncu barəsində həmin protokolu tərtib etmiş Biləsuvar rayon polis əməkdaşlarının üzərinə düşür. Belə ki, məhkəmədə dindirilimiş Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş E.E.Ağayev və məhkəmədə şahid qismində dindirilmiş B.A.Əzimzadə və O.V.Həsənov məhkəməyə iş üzrə ortaya çıxmış şübhəli məqamları təkzib edəcək heç bir sübut təqdim edə bilmədilər. Buna görə də, İXM-nin 8.2 və 8.3-cü maddələri nəzərə alınmaqla, iş üzrə şəxsin təqsirliliyinə dair ortaya çıxmış şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrinin tələblərini pozmaqda təqsiri sübuta yetirilmədiyinnə və onun təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-276/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-276/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver