Məhkəmə qərarları › İş №3(022)-278/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-278/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-278/2024 28.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1968-ci il tarxidə Cəbrayıl rayonu Dağmaşanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Cəbrayıl rayonu Dağmaşanlı kəndində qeydiyyatda olan, faktiki olaraq Biləsvar rayonu, 11 saylı qəsəbədə yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Cəbrayıl Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(072)-514/2023 saylı qətnaməsinə əsasən Əhmədova (Tahirova) X1 rayonu, 10 saylı qəsəbə, ev 158 ünvanında yerləşən 1 (bir) mərtəbədən və 2 (iki) otaqdan ibarət olan fərdi yaşayış sahəsinə köçürülməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 28 mart 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəməyə verdiyi izahatında bildirdi ki, Cəbrayıl Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(072)-514/2023 saylı qətnaməsinə əsasən Əhmədova (Tahirova) X1 rayonu, 10 saylı qəsəbə, ev 158 ünvanında yerləşən 1 mərtəbədən və 2 otaqdan ibarət olan fərdi yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Həmin icra sənədi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin icraatında olduğu müddətdə Şəxs etiraz verdiyinə görə icra sənədinin icrası Biləsuvar rayon İcra və Probasiya Şöbəsininə həvalə edilmişdir. İcra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatları alınmışdır. Lakin Şəxs tələbkar Əhmədova (Tahirova) Almaz Müzəffər qızının icra sənədində göstərilən ünvana köçürülməsinə mane olmuşdur. Borclu Şəxs icra sənədi üzrə dəfələrlə izahat alınmış və Şəxs verdiyi bütün izahatlarda tələbkar A.M.Əhmədovanın icra sənədində göstərilən ünvana köçürülməsinə etiraz etdiyini və icra sənədini icra edilməsinə imkan verməyəcəyini bildirmişdir. Tələbkar A.M.Əhmədova isə icra sənədinin icra edilməsini tələb edir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, Cəbrayıl Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(072)-514/2023 saylı qətnaməsinə əsasən Əhmədova (Tahirova) X1 rayonu, 10 saylı qəsəbə, ev 158 ünvanında yerləşən 1 (bir) mərtəbədən və 2 (iki) otaqdan ibarət olan fərdi yaşayış sahəsinə köçürülməlidir. O, isə həmin qətnamədən narazıdır və tələbkar A.M.Əhmədovanın həmin mənzilə köçürülməsini istəmir. O, tutulsa belə, icra sənədinin icrasına imkan verməyəcəkdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(072)-514/2023 saylı qətnaməsinə əsasən Əhmədova (Tahirova) X1 rayonu, 10 saylı qəsəbə, ev 158 ünvanında yerləşən 1 (bir) mərtəbədən və 2 (iki) otaqdan ibarət olan fərdi yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. İş materiallarından görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(072)-514/2023 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 12 dekabr 2023-cu il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini, habelə həmin şəxsin icra sənədi icraata qəbul edildiyi vaxtdan uzun müddət ərzində məhkəmə qətnaməsini icra etməməsini nəzərə alaraq, hesab edirəm ki, şəxsi törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə, inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi gün) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 28 mart 2024-cü il tarixdən, saat 13:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar