Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-282/2025 07.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1986-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar şəhəri, İqbal Astanlı küçəsində yerləşən 33 nömrəli evdə yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(022)-345/2024 saylı məhkəmə əmrinə əsasən Şəxs 15.000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 135 manat, cəmi 15.135 manat məbləğində pul alınıb, iddiaçı Zərərçəkmiş şəxs verilmlidir. Borclu həmin icra vərəqəsin göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 07 mart 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(022)-345/2024 saylı icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə cəmi 15.135 manat məbləğində pul vəsaiti tutulmalıdır. Biləsuvar rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(022)-345/2024 saylı icra sənədi Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş və qanunun tələbləri həmin şəxsə izah edilmişdir. Borclu Şəxs Azərbaycan Respublikasına qayıtdıqdan sonra, yəni 16 yanvar 2025-ci il tarixdə borcluya tələbin könüllü icrası barədə bildirişlə tanış olmuş və bu barədə həmin bildirişdə müvafiq qeyd aparmışdır. Həmin şəxsə borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Belə ki, borclu icra orqanının çağırışlarına könüllü gəlmədiyinə görə onun tərəfindən 16 yanvar 2025-ci il tarixdə Şəxs axtarışı elan edilmiş və borclu həmin tarixdə tutularaq, Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Həmin tarixdə verdiyi izahatında tələbkara olan borcundan hər ay 300 manat ödəyəcəyinə dair vəd etmişdir. Lakin sonradan Şəxs təkrarən icra qurumunun çağırışlarına gəlməmiş və tələbkara olan borcundan ödəniş etməmişdir. Buna görə də təkrarən 14 fevral 2025-ci il tarixdə Şəxs icra orqanının çağırışlarına könüllü gəlmədiyinə görə onun tərəfindən həmin şəxs barəsində axtarışı elan edilmişdir. Borclu Şəxs tələbkara olan borcundan hazırki tarixədək 28 dekabr 2024-cü il tarixdə 300 manat, 06 mart 2025-ci il tarixdə isə 600 manat, cəmi 900 manat ödəniş etmişdir. Hazırda borclunun icra sənədi üzrə tələbkara ödənilməmiş 14.235 manat məbləğində borcu vardır. Hazırda Şəxs aliment borcunu hissə-hissə ödəyəcəyini yenə vəd etsə də, borcu ödəyəcəyinə dair inam yaratmır. Bu isə həmin şəxsin yenə də şifahi vəd verməklə, qərəzli olaraq icra sənədlərinin icrasından boyun qaçırdığını göstərir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonda, E.F.Nəsirov borclu Şəxs barəsində qanunamüvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, Biləsuvar rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(022)-345/2024 saylı qətnaməsinə əsasən ondan tələbkar Zərərçəkmiş şəxs xeyrinə cəmi 15.135 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmin qətnamə qəbul edildiyi vaxt o, Azərbaycan Respublikasında olmasa da, onun səlahiyyətli nümayəndəsi onu keçirilmiş məhkəmə iclaslarında təmsil etmişdir. Buna görə də o, onun əleyhinə çıxarılmış həmin qətnamədən məlumatlı olmuşdur. Lakin o, ölkə xaricində olduğuna görə icra işindən yalnız Rusiya Federasiyasından Azərbaycana qayıtdəqdan sonra, Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə çağırıldığı zaman xəbər tutmuşdur. O, 16 yanvar 2025-ci il tarixdə tələbin könüllü icrası barədə bildirşlə tanış olmuş və qanunun tələbləri ona izah edilmişdir. O, 25 yanvar 2025-ci il tarixdə təhsilini davam etdirmək üçün təkrarən Rusiya Federasiyasına getmiş və 2025-ci ilin fevral ayında təhsilini yekunlaşdırmış, 05 mart 2025-ci il tarixdə isə Azərbaycan Respublikasına qayıtmışdır. O, hazırki tarixədək tələbə olduğu üçün işləyə bilməmiş və maddi vəziyyəti aşağı olmuşdur. Buna görə də o, tələbkara olan borcundan cəmi 900 manat ödəniş edə bilmişdir. Lakin hazırda o, öz ölkəsinə qayıtmışdır və işləməyə başlayacaqdır. O, iş tapdıqdan sonra tələbkarlara olan borcunu hissə-hissə ödəmək niyyətindədir. Həmçinin o, bildirdi ki, əgər onun barəsində inzibati həbs növündə tənbeh tədbiri seçilərsə, o, tələbkarlara olan borcunu ödəyə bilməyəcəkdir. Sonda, Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli icra sənədinə görə borclu Şəxs onun xeyrinə xeyrinə cəmi 15.135 manat məbləğində pul vəsaiti tutulmalıdır. Biləsuvar rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qətnaməsi 2024-cü ilin dekabr ayında icraaya yönəldilmiş və həmin tarixdən hazırki vaxta qədər təxminən 11 ay vaxt keçməsinə baxmayaraq, borclu Şəxs ona olan borcundan cəmi 900 manat qaytarmışdır. Borclu artıq 11 aydan çoxdur ki, qəsdən ona olan borcunu ödəməkdən yayınır. Halbuki, valideynlərinin və ailəsinin həmin borcu ödəməyə kifayət qədər maddi vəsaiti vardır. Buna görə də o hesab edir ki, borclu qəsdən Biləsuvar rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli icra sənədini icra etmir. Əgər Şəxs barəsində inzibati həbs tətbiq edilərsə, valideynləri məcbur qalıb icra sənədi üzrə borcu ona ödəyəcəklər. Sonda, Zərərçəkmiş şəxs borclu barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(022)-345/2024 saylı icra sənədinə əsasən Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 11 dekabr 2024-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İşdə olan tələbin könüllü icrası barədə 11 dekabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs həmin bildirişi 16 yanvar 2025-ci il tarixdə qəbul etmiş və bu barədə bildirşdə müvafiq qeyd aparmaqla, imza icra etmişdir. İş materiallarına əlavə edilmiş 16 yanvar 2025-ci il tarixli və 14 fevral 2025-ci il tarixli borclunun axtarılması haqqında qərarların surətlərindən görünür ki, həmin tarixlərdə Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında iş materiallarında olan “Elektron Məhkəmə” informasiya sisteminin “Şəxsin sərhədkeçməsi” altsistemindən çıxarışdan görünür ki, borclu Şəxs 20 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasından çıxmış, 26 dekabr 2024-cü il tarixdə geri qayıtmış, 25yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən çıxmış və 05 mart 2025-ci il tarixdə isə Azərbaycan Respublikasına geri qayıtmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetirib-yetirmədiklərini araşdırmağa borcludurlar. Borcluların öz maddi öhdəliklərini yerinə yetirməmələrinə haqq qazandırmaq üçün göstərdikləri səbəblər təqsirin səciyyələndirilməsi üçün həlledici idi, çünki onlar məsuliyyətdən azad olmaq üçün əsas yarada bilərdi. Borcluların maliyyə vəziyyətinin və öhdəliklərini yerinə yetirməməkdə vicdanlılığının fərdi qiymətləndirilməsi vacib idi. Cinayət xarakterli, lakin inzibati aspektləri olan müvafiq prosedur ittihamı təqdim edən tərəfdən borcunu yerinə yetirməyən borcluların faktiki olaraq, iddia etdiklərinin əksinə olaraq, borclarını ödəmək üçün maliyyə imkanlarına malik olduğunu sübut etməyi tələb edirdi. Belə olan halda aydın idi ki, ərizəçilərin daxili məhkəmələrdə irəli sürdükləri arqumentlər, xüsusən də onların tələblərə əməl etməmələrinin səbəbinin borcları ödəmək üçün maddi imkanlarının olmaması ilə bağlı arqumentləri həlledici əhəmiyyət kəsb edirdi. Qanunun faktiki redaksiyası və ərizəçilərin göstərdiyi üzrlü səbəblərin əsaslı olub-olmaması barədə aydın cavab və məhkəmə qərarı tələb edirdi. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1-ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. Yerli məhkəmələr tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməməsinin səbəbləri tam araşdırılmamış, əksinə özləri borcluların məhkəmə qərarının icrasına mane olan maliyyə çətinliklərinin faktiki doğruluğuna dair heç bir şübhə ifadə etmədən ərizəçilərin qeyri-müəyyən maliyyə vəziyyətlərinə istinad etmişlər. Bundan başqa, Konstitusiya Məhkəməsi məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati həbs və ya tənbeh tətbiq edilərkən bütün faktların məhkəmələr tərəfindən ətraflı araşdırılması tələbini, borclunun hərəkətlərində qəsdin olub-olmamasının qiymətləndirilməsinin vacibliyini vurğuladığı halda, sanksiya tətbiq etmiş məhkəmələr tərəfindən məhkəmə icraçısının tələblərini yerinə yetirmək üçün bütün mümkün vasitələrdən istifadə edilib-edilməməsi araşdırılmamışdır. Yuxarıda qeyd edilənlər isə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin pozuntusu hesab edilmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 2 uşağının olmasını inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Hesab edirəm ki, icra sənədinin icrası üzrə icra məmurunun qanuni tələblərini 2 ay ərzində tam icra etməyən, faktiki olaraq icra sənədini tam və dərhal icra etmək iqtidarında olmadığını iddia edən, iş materiallarında bunun əksini təsdiq edən hər hansı sübutlar olmadığı halda, borclu Şəxs barəsində, yalnız 15.135 manat məbləğində pul vəsaitini 2 ay ərzində tam olaraq ödəməməsi əsası ilə və həmin icra sənədinin icrasına nail olmaq məqsədilə, inzibati həbsin tətbiq edilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir. İşin hallarını və Şəxs şəxsiyyətini, icra sənədi ilə taınş olduğu tarixdən hazırki vaxta qədər olan 1 ay 20 gün ərzində icra sənədinin icra üzrə borclu tərəfindən ödənilmiş pul məbləğini, qalıq borcunu isə qısa müddət ərzində ödəməyə dair öhdəlik götürməsini, məhkəmə qərarının tam və vaxtında icrasına şərait yaradacağına məhkəmədə inam yaratmasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-282/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-282/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver