Məhkəmə qərarları › İş №3(022)-317/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-317/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-317/2023 21.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyən X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxx 1986-cı ildə Neftçala rayonu İkinci Qaralı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Neftçala rayonu İkinci Qaralı kəndində qeydiyyatda olan və yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tədqiqata məlum olmayan mənbədən qanunsuz olaraq, 01 ədəd bükümdə təmiz çəkisi 0,519 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etmiş, saxlamış və daşıyarkən 20 fevral 2023-cü il tarixdə, saat 01:05 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Biləsuvar şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar Rayon Polis Şöbəsinə aparılmış, Biləsuvar Rayon Polis Şöbəsində üzərinə keçirilmiş baxış zamanı həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş N.F.Sadıqov göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. 20 fevral 2023-cü il tarixdə Neftçala rayonu İkinci Qaralı kənd sakini Şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Şəxs, tanışları X3 və X2 ilə birlikdə sonuncunun idarə etdiyi “VAZ 2107” markalı, **-HB-*** dövlət nömrə nişanlı avtomobildə Biləsuvar rayonu ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, Biləsuvar Rayon Polis Şöbəsinə aparılmış, orada video çəkiliş aparılmaqla Şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Toplanmış məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsinin təhqiqatçısı X4 tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi toplanmış materialda öz təsdiqini tapmışdır. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, 20 fevral 2023-cü il tarixə keçən gecə o, tanışları X3 və X2 ilə birlikdə, sonuncunun idarə etdiyi avtomaşınla, Biləsuvar şəhərində tanımadığı kafedə yemək yemək üçün Biləsuvar rayonuna gəlmişdir. Onlar Biləsuvar şəhərinə gəldikdən sonra, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında, mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu Biləsuvar Rayon Polis Şöbəsinə dəvət etmişlər. Biləsuvar Rayon Polis Şöbəsində videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bu zaman o, üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra baxışın keçirilməsinə dair protokol tərtib olunmuş, onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qablaşdırılmışdır. O və digər baxış iştirakçıları protokola və qablaşdırmanın üzərinə imza etmişlər. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İşdə olan məhkəmə-bioloji ekspertizasının 20 fevral 2023-cü il tarixli, 19/215 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar olunmuş bükülü...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,519 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram sərf olunmuş, qalıq – 0,469 qram qalmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində 2 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 0,469 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Şəxs barəsində 20 fevral 2023-cü il, saat 17:00dən inzibati tutma tətbiq edildiyinə görə inzibati həbsin əvvəli həmin vaxtdan hesablanmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs müddətinin əvvəli 20 fevral 2023-cü il, saat 17:00-dən hesablansın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 0,469 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar