Məhkəmə qərarları › İş №3(022)-380/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-380/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-380/2023 24.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs, 31 mart 1996-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətinin təsərrüfat işləri üzrə direktor müavini, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Biləsuvar rayonu, Səmədabad kəndində yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə Biləsuvar Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon prokuroru tərəfindən “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətinin təsərrüfat işləri üzrə direktor müavini Şəxs barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şəxs “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətinin təsərrüfat işləri üzrə direktor müavini qismində üzərinə düşən vəzifələri icra etməyərək, “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətinin kəsim sexində quraşdırılmış avadanlığın təhlükəsiz istismarı üçün avadanlığın konstruksiyasında nəzərdə tutlmuş, eləcə də konstruksiyasına daxil olmayan qoruyucu (mühafizəedici) vasitələrin tətbiqini təmin etmədiyinə görə «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri». 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.2-ci bəndinin tələbləri pozmaqla, 07 noyabr 2022-ci il tarixdə saat 19 radələrində həmin sexdə fəhlə vəzifəsində işləyən Zərərçəkmiş şəxs sağ əlindəki əlcəyin kəsim aparatına keçməsi nəticəsində sonuncunun sağ əlin İİ və İİİ barmaqların açıcı vətərlərin, sağ biləyin mil açıcılarının zədələnməsi, sağ əlin arxasının çapığı, kəsilmiş yarası, sağ əlin şişkinliyi və funksiya pozğunluğu ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, o, 2022-ci ilin mart ayından etibarən Biləsuvar rayonu, Səmədabad kəndində yerləşən “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətində fəhlə kimi işləmiş və onun əmək funksiyası daha öncədən kəsilmiş və konveyer vasitəsilə onun qarşısından keçən toyuqları asılqandan götürərək, 4 müxtəlif qutulara qablaşdırmaqdan ibarət olmuşdur. 07 noyabr 2022-ci il tarixdə, təxminən, saat 17-18 radələrində o, vəzifə funksiyalarını icra etdiyi zaman toyuqlar sıra ilə sürətlə gəldiyi üçün onları konveyerdən götürmək istəyəndə əlindəki əlcək texnikaya ilişmiş və buna görə də sağ əlinin 3 barmağı xəsarət almışdır. O, dərhal Biləsuvar rayon mərkəzi xəstəxanasına gətirilmiş və həkimlər əlinin damarlarını tikib qanaxmanı dayandırsalar da, onun əli sağalmadığı üçün ağrıları daha da kəskinləşmişdir. Bundan sonra o, 14 noyabr 2022-ci il tarixdə Bakı şəhərində yerləşən X1 və Ortopediya İnstitutunda əməliyyat olunmuşdur. Həmin vaxtdan artıq 7 ayadək müddət keçməsinə baxmayaraq, sağ əli və sağ qolu nəinki sağalmamış, hətta sağ əli əmək funksiyasını tamamilə itirmişdir. Hazırda o, 3 barmağını ümumiyyətlə tərpədə bilmir, sağ qolunu isə çox çətinliklə hərəkət etdirə bilər. O, hazırda sağ əlini və sağ qolunu işlədə bilməməklə yanaşı, həmin qolunda mütəmadi olaraq şiddətli ağrılar baş verir. Halbuki, onun qolunun müxtəlif hissələrindən vətərlər və damarlar götürülərək, cərrahi yolla onun xəsarət almış əlinə tikilmişdir. Artıq 8 aya yaxındır ki, o, mütəmadi müalicələr almasına baxmayaraq, onun sağ əlinin funksional qabiliyyətinin bərpa ounması istiqamətində heç bir irəliləyiş əldə olunmamışdır. Belə ki, o, sağlamlığının bərpası məqsədilə hal-hazıradək təxminən 3.000 manat məbləğində xərc çəksə də, onun sağ qolunda və sağ əlinin barmaqlarında sağalma müşahidə olunmur. Lakin onun aldığı xəsarətlərə dair rəy vermiş Biləsuvar rayon məhkəmə-tibb ekspertizası şöbəsinin eksperti Tofiq Mirzəyev öz rəyində onun hadisə zamanı almış olduğu bütün xəsarətləri qeyd etməyərək, həmin xəsarətlərin dərəcəsinin az ağır olması barədə rəy vermişdir. Buna görə də Biləsuvar rayon prokuroru tərəfindən “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətinin əməyin təhlükəsizliyi qaydalarına görə cavabdeh olan vəzifəli şəxsləri barədə cinayət işi deyil, inzibati xəta haqqında icraat başlanmışdır. Buna görə də həmin vəzifəli şəxslər arxayınlaşaraq, hadisədən sonra ona müalicəsi ilə əlaqədar heç bir maddi yardım göstərməmişlər və o, yalnız qohumlarının maddi yardımı vasitəsilə özünü müalicə etməyə çalışmışdır. O, iş üzrə alınmış məhkəmə-tibbi ekspertizasının 08 dekabr 2022-ci il tarixli rəyinin nəticəsi ilə razı olmadığına və onun aldığı xəsarətlərin dərəcəsini sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər hesab etdiyinə görə iş üzrə təkrar məhkəmə-tibb ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə onun vəsatətini təmin edərək, təkrar məhkəmə-tibb ekspertizasının təyin etsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Birliyinin ekspertləri onun müayinəsinə qeyri-ciddi yanaşmış, yalnız səthi müayinə aparmaqla, Biləsuvar rayon məhkəmə-tibb ekspertizası şöbəsinin eksperti Tofiq Mirzəyevin rəyini təsdiq emişlər. Zərərçəkmiş şəxs həmçinin öz izahatında göstərdi ki, Biləsuvar rayon prokuroru tərəfindən düzgün olmayaraq “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətinin əməyin təhlükəsizliyinə görə məsul şəxsi barədə deyil, onun aldığı xəsarətlərə görə heç bir təqsiri olmayan və həmin müəssisədə təsərrüfat işləri ilə məşğul olan Şəxs barədə inzibati icraata başlamışdır. Belə ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs o, uzaqdan tanımışdır. Müəssisədə işçilər tərəfindən işlərin təhlükəsiz görülməsinə nəzarət edən və işçilərin qoruyucu vasitələrlə təmin edilməsinə məsul şəxs V.Ə.Əlizadə deyil, həmin müəssisədə çalışan və Türkiyə Respublikası vətəndaşı olan Əhməd adlı şəxs olmuşdur. Buna görə də o, hesab edir ki, Şəxs onun xəsarət aldığı inzibati xəta hadisəsində heç bir təqsiri yoxdur. Lakin onda olan məlumata görə “Biləsuvar- Quşçuluq” açıq səhmdar cəmiyyətində əməyin təhlükəsizliyinə cavabdeh olan Əhməd adlı həmin şəxs hadisə baş verdikdən sonra işdən çıxmış və öz vətəninə qayıtmışdır. Sonda, Zərərçəkmiş şəxs məhkəmədən Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və həmin qəzanın baş verməsində həqiqətən də təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə məhkəmə-tibbi ekspertizasının rəyi məhkəməyə daxil olduqdan sonra inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmadığına və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iş materiallarında olan izahatından görünür ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarda göstərilən xüsusatları qəbul etməyərək, inzibati xəta törətməkdə özünü təqsirli bilməmişdir. Şəxs izahatında göstərmişdir ki, o, 2022-ci ilin noyabr ayının sonlarından etibarən “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətinin təsərrüfat işləri üzrə müdiri vəzifəsində çalışır. Onun çalışdığı müəssisə toyuq məhsullarının istehsalını həyata keçirir. 07 noyabr 2022-ci il tarixdə saat, təxminən, 17 radələrində müəssisədə fəhlə kimi çalışan Zərərçəkmiş şəxs xidməti fəaliyyətini icra etdiyi zaman istehsalat qəzası baş vermişdir. Belə ki, zərərçəkmiş şəxs vəzifə funksiyalarını icra etdiyi zaman səhlənkarlığa yol verərək, iş yoldaşları ilə söhbət etmiş və həmin vaxt sonuncunun istifadə etdiyi əlcək texnikaya ilişmişdir. Baş vermiş qəza nəticəsində Zərərçəkmiş şəxs sağ əlinin bir neçə barmağı zədələnmişdir. Hadisə baş verdiyi zaman o, müssisənin həyətində olmuş və baş verənlər barədə digər işçilər tərəfindən məlumat almışdır. Bundan sonra o, dərhal Təcili tibbi yardım xidmətinə zəng vurmuşdur. Zərərçəkmiş şəxs digər işçilər tərəfindən Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılmış və sonuncuya orada ilkin tibbi yardım göstərilmişdir. Zərərçəkmiş şəxs sağ əlindən vətər əməliyyatı olunması zərurəti yarandığına görə o, sonuncunu 14 noyabr 2022-ci il tarixdə Bakı şəhərində yerləşən X1 və Ortopediya İnstitutuna aparmışdır. Zərərçəkmiş şəxs heç bir xərc çəkmədən, icbari tibbi sığorta vasitəsilə əməliyyat olunmuşdur. O, istehsalat qəzası baş verdiyi zaman müəssisə daxilində olmamış və hadisəni görməmişdir. Lakin həmin qəzanın Zərərçəkmiş şəxs iş yoldaşları ilə söhbət etdiyi üçün diqqətsizlik edərək çiller makinasına həddən artıq yaxınlaşdığına görə baş verməsini sonuncunun həmkarlarından eşitmişdir. Bundan başqa, o bildirdi ki, müəssisə daxilində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət vəzifəsini o yox, “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətinin direktoru X3 icra edir. Onun vəzifəsi isə yalnız işçilərin təhlükəsizliyi, iş vaxtı görülməli olan işlər və işçiləri yarana biləcək təhlükələrin qarşısının alınması ilə bağlı təlimatlandırmaqdan ibarətdir. Həmçinin o qeyd etdi ki, “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətində xidmət göstərən işçilərin rəsmi geyim forması olmasa da, sonuncular Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən olunmuş təlimatın tələblərinə uyğun olaraq, onlar tərəfindən geyim vasitələri ilə (rezin, əlcək, baxıl və s.) təmin edilirlər. Sonda, Şəxs məhkəmədən hadisənin baş verməsində təqsiri olmadığını və texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarətin onun vəzifə funksiyalarına daxil olmamasını nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 06 dekabr 2022-ci il tarixli, 445 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ əlin İİ və İİİ barmaqların açıcı vətərlərin, sağ biləyin mil açıcılarının zədələnməsi, sağ əlin arxasının çapığı, kəsilmiş yarası, sağ əlin şişkinliyi və funksiya pozğunluğu aşkar edilmişdir. Qeyd edilən xəsarətlər iti kənarlı alətin təsirindən baş vermiş hadisə nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən 07 noyabr 2022-ci il tarixə uyğun gəlir. Aşkar olunmuş xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən xəsarətlər olmuşdur. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətinin direktoru X2 18 may 2022-ci il tarixli, 2202/05-18 nömrəli əmrinin surətindən görünür ki, Zərərçəkmiş şəxs həmin müəssisədə fəhlə vəzifəsinə işə götürülmüşdür. İşdə olan “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətinin direktoru X3 ilə Zərərçəkmiş şəxs arasında bağlanmış 18 may 2022-ci il tarixli əmək müqaviləsinin “Əmək şəraitinin şərtləri: Əməyin mühafizəsi üzrə” hissəsinin 4.13-cü bəndindən görünür ki, işçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur. Həmin müqaviləyə əsasən müəssisə rəhbəri işçinin sağlamlığının, əməyin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması müəssisənin rəhbərinin vəzifəsidir. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətinin direktoru X2 23 sentyabr 2022-ci il tarixli, 2202/09-23/1 nömrəli əmrinin surətindən görünür ki, Şəxs öz vəzifə funksiyalarını yerinə yetirməklə yanaşı, işçilərə onların işə girişi zamanı və 3 ayda bir dəfədən az olmayaraq giriş təhlükəsizliyi təlimatları və əməyin mühafizəsi normaları barədə təlimat keçirilməsi həvalə olunur. İş materiallarında olan 01 oktyabr 2022-ci il tarixli texniki təhlükəsizlik təlimatının qeydiyyat jurnalından olan çıxarışın surətindən görünür ki, Zərərçəkmiş şəxs 01 oktyabr 2022-ci il tarixdə texniki təhlükəsizlik qaydaları barədə axırıncı dəfə 01 oktyabr 2022-ci il tarixdə təlimatlandırılmış və sonuncu jurnalda imza etmişdir. İşdə olan əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 25 yanvar 2023-cü il tarixli, 10/12 saylı rəyindən görünür ki, “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətinin kəsim sexində quraşdırılmış avadanlığın konstruksiyasında nəzərdə tutulmuş, eləcə də konstruksiyasına daxil olmayan qoruyucu (mühafizəedici) vasitələrin tətbiqinin təmin edilməməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri”. 12.2.003-91 DÜST-nin (Dövlət Standartlarının) 1.2, 1.4 və “Fəhlə”nin vəzifə təlimatlarının 2.1.2-ci bəndinin tələbləri pozulmuşdur. “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətinin kəsim sexində avadanlığın quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilmədən həmin avadanlığın istismarına yol verildiyinə “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri”. 12.2.003-91 DÜST-nin 1.4-cü bəndinin tələbi, yəni hər bir texnoloji kompleks və ayrılıqda istifadə olunan istehsalat avadanlığı, onun quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilməlidir, həmin açıq səhmdar cəmiyyətinin direktoru tərəfindən pozulmuşdur. “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətinin kəsim sexində quraşdırılmış avadanlığın konstruksiyasında nəzərdə tutulmuş, eləcə də konstruksiyasına daxil olmayan qoruyucu (mühafizəedici) vasitələrin tətbiqini təmin təmin etmdiyinə görə, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri”. 12.2.003-91 DÜST-nin 1.2-ci bəndinin tələbi, yəni istehsalat avadanlığının təhlükəsizliyi təmin edilməlidr: ... konstruksiyasında nəzərdə tutulmuş qoruyucu (mühafizəedici) vasitələrin tətbiqi ilə və konstruksiyaya daxil olmayan qoruyucu vasitələrin istifadəsinin mümkünlüyü ilə, sexdə işlərin təhlükəsiz aparılmasına cavabdeh olan şəxs(lər) tərəfindən pozulmuşdur. “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətində fəhlə vəzifəsində çalışan Zərərçəkmiş şəxs iş prosesi zamanı əmək funksiyasını özünü təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmədiynə görə onun tərəfindən vəzifə təlimatının 2.1.2-ci bəndinin tələbini, yəni fəhlənin əməyin mühafizəsi üzrə vəzifələri: əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrünmək, mənimsəmək və onlara əməl etmək, əmək funksiyasını özünü təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, pozmuşdur. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş 28 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərardan görünür ki, “Biləsuvar- Quşçuluq” açıq səhmdar cəmiyyətinin təsərrüfat işləri üzrə direktor müavini Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin 3(022)-379/2023 saylı inzibati xəta haqqında iş üzrə 14 mart 2023-cü il tarixli qərarından görünür ki, “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətinin direktoru X3 Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 2.000 manat məbləöində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 3(022)-380/2023 saylı qərardadından görünür ki, 07 noyabr 2022-ci il tarixdə baş vermiş istehsalat qəzası zamanı Zərərçəkmiş şəxs sağlamlığına vurulmuş zərərin dərəcəsinin müəyyən edilməsi üçün təkrar komisyon məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 26 may 2023-cü il tarixli, T238/2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ əlin arxa səthinin əzilib kəzilmiş yarası, İİ,İİİ,İV və V barmaqların açıcı vətərinin zədələnməsinin cərrahi əməliyyatla bərpasından sonrakı vəziyyət; İİ,İİİ,İV və V barmaqların açıcı-bükücü kontrakturası, barmaqların tutma qabiliyyətinin pozulması, bükmə defisiti 90 dərəcədir. Sağ said əzələlərinin cüzi atrofiyası və sağ saidin yuxarı üçdə birinin en dairəsinin uzunluğu 23 santimetr, sağlam sol saidin həmin səviyyədə en dairəsinin uzunluğu 24 santimetrdir. İİ,İİİ,İV və V daraq-falanqa oynaqlarının açıcı kontrakturası, əsas falanqaların bükmə defisiti, sağ əlin funksiyasının və əmək qabiliyyətinin pozulması aşkar edilir və həmin dəyişikliklər zaman keçdikcə bərpa oluna bilən fuksional dəyişikliklərdir. Qeyd edilən xəsarətlər iti kənarlı alətin (alətlərin) təsirindən törənmiş, müddəti qərardadda göstərilən vaxtda, yəni 07 noyabr 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən az olmaqla (30 faiz) əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilən patofunksional dəyişikliklər təcili cərrahi müdaxilə tələb etmir və reabilitasion müalicə metodları ilə aradan qaldırıla bilər. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, 07 noyabr 2022-ci il tarixdə “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətinin kəsim sexində fəhlə vəzifəsində çalışan Zərərçəkmiş şəxs baş vermiş istehsalat qəzası nəticəsində canlı şəxsin ekspertizasının 06 dekabr 2022-ci il tarixli, 445 saylı və 26 may 2023-cü il tarixli, T238/2023 saylı rəyləri ilə müəyyən edilmiş sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən xəsarətlər almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edirəm ki, işdə olan əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 25 yanvar 2023-cü il tarixli, 10/12 saylı rəyinə əsasən baş vermiş hadisə ilə əlaqədar “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri”. 12.2.003-91 DÜST-nin (Dövlət Standartlarının) 1.2, 1.4 və “Fəhlə”nin vəzifə təlimatlarının 2.1.2-ci bəndinin tələbləri pozulmuşdur. Belə ki, həmin rəydə pozulması müəyyən olunmuş tələblər, yəni “Biləsuvar- Quşçuluq” açıq səhmdar cəmiyyətində hər bir texnoloji kompleksin və ayrılıqda istifadə olunan istehsalat avadanlığının, onun quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilməsi və həmin müəssisənin kəsim sexində quraşdırılmış avadanlığın konstruksiyasında nəzərdə tutulmuş, eləcə də konstruksiyasına daxil olmayan qoruyucu (mühafizəedici) vasitələrin tətbiqini təmin təmin etmək vəzifələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəzifələri sırasına daxil deyildir. Belə ki, Şəxs əmək funksiyalarına “Biləsuvar-Quşçuluq” açıq səhmdar cəmiyyətinin təsərrüfat müdiri kimi ona həvalə edilmiş vəzifə təlimatları ilə yanaşı, sonuncuya həmin müəssisənin direktoru N.N.Ağayevin 23 sentyabr 2022-ci il tarixli, 2202/09-23/1 nömrəli əmri ilə həvalə olunmuş işçilərə onların işə girişi zamanı və 3 ayda bir dəfədən az olmayaraq giriş təhlükəsizliyi təlimatları və əməyin mühafizəsi normaları barədə təlimat keçirilməsi daxildir. Buna görə də həmin müəssisədə təhlükəsiz əmək şəraitinin təmin edilməsi vəzifəsi müəssisənin direktoru N.N.Ağayevin vəzifəfə funksiyalarına daxil olmuş və N.N.Ağayev Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 3(022)-379/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 2.000 manat məbləöində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinin tələbinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından isə görünür ki, inzibati xəta hadisəsi 07 noyabr 2022-ci il tarixdə baş vermiş, lakin Biləsuvar rayon prokuroru Camal Bağırov tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar 28 fevral 2023-cü il tarixdə qəbul edilmişdir. Buna görə də hesab edirəm ki, hazırki halda inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddətinin əvvəli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərarın qəbul edildiyi 28 fevral 2023-cü il tarixdən deyil, inzibati xətanın törədildiyi 07 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, yuxarıda sadalan halları nəzərə almaqla, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tərkibi olmadığına və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar