Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-405/2025 29.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X5 məhkəmə-iclas katibliyi, qərardan şikayət vermis şəxs-X2 iştirakı ilə, X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi Mərkəzi Məlumat Xidmətinin 04 aprel 2025-ci il tarixli, EQ 27118714 saylı, inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə dair X2 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi Mərkəzi Məlumat Xidmətinin 04 aprel 2025-ci il tarixli, EQ 27118714 saylı inzibati xəta haqqında qərarı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan və etibarnamə əsasında idarə etdiyi “DAF XF105.460 Yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, 04 aprel 2025-ci il tarixdə saat 17:59:39-da idarə etdiyi “DAF XF105.460 Yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil Şabran rayonu Mollakamallı kəndindən Bakı istiqamətində hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bildirir ki, “DAF XF 105.460 Yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur və o, həmin müəssisədə sürücü kimi işləyir. Yükün daşınması və çatıdırlmasına cavabdehlik "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti daşıyır. Yük avtomobilə yüklənərkən sertifikatı olan tərəzidə çəkdirilir ki, yolda hərəkətdə olarkən hər hansı bir problem yaranmasın. Yük sertifikatı olan tərəzi ilə çəkilmiş və bu barədə rəsmi olaraq sənəd də verilmişdir. Həmin sənəddə də göstərilir ki, yük 37389 kq olmuşdur. Avtomobilin maksimum 40000 kq yük aparılmasına limit vardır. Lakin onun avtomobilində 42910 kq yük olması barədə protokol tərtib edilmişdir. Həmin vaxt paralel istiqamətdə başqa avtomobillər də keçir və buna görə də tərəzidə ağırlıq düzgün göstərməmişdir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi Mərkəzi Məlumat Xidmətinin 04 aprel 2025-ci il tarixli, EQ 27118714 saylı qərarının ləğv edilməsi və əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında: İnzibati qərardan şikayət verən X4 şikayət ərizəsində qeyd etdiyi xüsusatlara uyğun izahat verərək, barəsində qəbul edilmiş inzibati cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Göstərilənləri nəzərə alaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi Mərkəzi Məlumat Xidmətinin 04 aprel 2025-ci il tarixli, EQ 27118714 saylı “İnzibati xəta haqqında” qərarından görünür ki, X1 Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 11 aprel 2025-ci il tarixli, 3-27-103/2-6927/2025 saylı məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cərimənin ləğvi ilə bağlı 08 aprel 2025-ci il tarixli 02 nömrəli müraciətinə əsasən araşdırılmanın aparıldığı, elektron tərəzinin müvafiq qaydada yoxlanıldığı və “Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə”nin alındığı bildirilmiş, avtomobil yollarında hərəkət edən avtomobil nəqliyyatı vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 07 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycab Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri” ilə müəyyən edilmiş hədlərinin aşılmaması ilə bağlı xəbərdarlıq qeyd edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 22 may 2025-ci il tarixli, 5-115/1-659/2025 saylı məktubundan görünür ki, M -1 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129-cu km- də (hər iki istiqamət) quraşdırılmış hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin müvafiq sertifikatı, metroloji sınaqdan keçməsi barədə məlumatların təqdim edilməsilə bağlı 19 may 2025-ci il tarixli 3(022)-405/2025 nömrəli məktuba Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində baxılmış, sözügedən ərazidə qurulmuş iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini ölçən elektron tərəzilərin “ölçmə vasitəsinin tipinin təsdiqi barədə Sertifikatı” və “ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamələrini təqdim edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi Mərkəzi Məlumat Xidmətinin 04 aprel 2025-ci il tarixli, EQ 27118714 saylı, inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati material yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi Mərkəzi Məlumat Xidmətinə qaytarılmalıdır. Qərardan şikayət vermiş şəxs T.C.Heydərov bildirmişdir ki, yük avtomobilə yüklənərkən sertifikatı olan tərəzidə çəkdirilir ki, yolda hərəkətdə olarkən hər hansı bir problem yaranmasın. Yük, sertifikatı olan tərəzi ilə çəkilmiş və bu barədə rəsmi olaraq sənəd də verilmişdir. Həmin sənəddə də göstərilir ki, yük 37389 kq olmuşdur. Avtomobilin maksimum 40000 kq yük aparılmasına limit vardır. Lakin onun avtomobilində 42910 kq yük olması barədə protokol tərtib edilmişdir. Həmin vaxt paralel istiqamətdə başqa avtomobillər də keçir və buna görə də tərəzidə ağırlıq düzgün göstərməmişdir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Resublikası Daxili İşlər Nazirliyi Baş Yol Polis İdarəsi tərəfindən inzibati xətanın törədilməsi ilə bağlı fotoşəkildən görünür ki, həqiqətən də 04 aprel 2025- ci il tarixdə saat 17.59-da M-1, Şabran rayonu Mollamamallı kəndi, Bakı istiqamətində hərəkət edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan və C.T.Heydərovun etibarnamə əsasında idarə etdiyi “DAF XF105.460 Yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə parallel istiqamətdə eyni yolda digər nəqliyyat vasitəsi hərəkət edir. İşin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ilə müraciət edilmiş, inzibati xəta hadisəsinin olduğunu müəyyən edən elektron tərəzinin nəqliyyat vasitələrinin oxa düşən yük kütləsini hansı sahə və həcm üzrə (nəqliyyat vasitəsinin hərəkət etdiyi zolaq üzrə, yoxsa həmin yolda eyni vaxtda hərəkət edən nəqliyyat vasitələrinin yerləşdiyi zolaqdan asılı olmayaraq avtomobil yolunun çəki sensoruna düşən diametri üzrə) əhatə edərək hesablanması barədə məlumatın təqdim edilməsinin zəruriliyi bildirilmişdir. Lakin məhkəmənin sorğusuna Agentlik tərəfindən məzmundan kənar cavab verilərək, yalnız ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın və müvafiq şəhadətnamənin surətinin göndərilməsi ilə kifayətlənilmişdir. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İnzibati Xətalar Məcəlləsinin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İnzibati Xətalar Məcəlləsinin 12-ci Fəslinin, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz həmin şəxs tərəfindən törədilməsində şübhələr yaranır. X7 Məcəlləsinin 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Sübutların nədən ibarət olması isə İnzibati Xətalar Məcəlləsində dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərarı qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində qərar qəbul edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasıтжт İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Sadalananlara əsasən şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarın qəbul edilməsinə əsas olan sübutun qeyri-müəyyən olması səbəbindən, belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, qeyri-müəyyən və ziddiyətli bir vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İnzibati Xətalar Məcəlləsinin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İnzibati Xətalar Məcəlləsində inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İnzibati Xətalar Məcəlləsinin hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi Mərkəzi Məlumat Xidmətinin qərarl ləğv edilərək göstərilən qeyri-müəyyən halların yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İnzibati Xətalar Məcəlləsinin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Yekun nəticə olaraq qeyd etmək lazımdır ki, inzibati məsuliyyət məsələlərinin ədalətli və dəqiq araşdırılması üçün hüquqi prosedurların düzgün icrası vacibdir. Məhkəmə, səlahiyyətli orqan tərəfindən təqdim olunan sübutların aydın, konkret və mübahisəsiz olmasını tələb edir. Əgər qərarda bu şərtlərə əməl edilməyibsə, məhkəmə həmin qərarı təsdiq edə bilmir və məsələni səlahiyyətli orqana geri göndərir. Bu yanaşma, hüquqi sistemin keyfiyyətini artırır, vətəndaşların hüquqlarını qorumaq məqsədini güdür və inzibati xətaların hüquqi çərçivədə düzgün qiymətləndirilməsini təmin edir. Nəticə olaraq, səlahiyyətli orqanların qərarlarının qanuniliyinin təmin edilməsi, hüquqi ədalətin bərqərar olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi Mərkəzi Məlumat Xidmətinin qərarı ləğv edilməli, iş yenidən baxılması və məhkəmənin qərarında göstərilən halların araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi Mərkəzi Məlumat Xidmətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D I: X2 şikayəti təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi Mərkəzi Məlumat Xidmətinin qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi Mərkəzi Məlumat Xidmətinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-405/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-405/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver