Məhkəmə qərarları › İş №3(022)-410/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-410/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-410/2025 01.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X7 məhkəmə-iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Zərərçəkmiş şəxs Cəmil oğlunun iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 01 may 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 01 aprel 2025-ci il tarixdə, Hüseynov X5 rayonu, Aşağı Cürəli kəndində Zərərçəkmiş şəxs Cəmil oğlunu döyərək ona xəsarət yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 göstərdi ki, 01 aprel 2025-ci il tarixdə, Hüseynov X5 rayonu, Aşağı Cürəli kəndində Zərərçəkmiş şəxs Cəmil oğlunu döyərək ona xəsarət yetirmişdir. Bununla bağlı Biləsuvar Rayon Polis X2 təhqiqat şöbəsində araşdırma aparılmış və cinayət işinin rədd edilməsinə dair 19 aprel 2025-ci il tarixdə qərar qəbul edilmiş və qərarın surəti Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından barəsində qeyd edilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə rayon polis şöbəsinə göndərilmişdir. Buna görə də qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs Cəmil oğlu ilə həmkəndlidir. 01 aprel 2025-ci il tarixdə saat 18 radələrində o əmisigildə olarkən küçədən gələn səs-küyə çıxmış, orada Zərərçəkmiş şəxs atası ilə uca səslə danışdığını görmüş, bu səbəbdən Zərərçəkmiş şəxs yaxınlaşaraq atasının ilə niyə bu tərzdə danışdığını soruşmuşdur. Zərərçəkmiş şəxs isə onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün aralarında mübahisə yaranmış, lakin o Zərərçəkmiş şəxs döyməmişdir. Şəxs məhkəməyə ərizə təqdim edərək, göstərmişdir ki, Zərərçəkmiş şəxs Cəmil oğlu ilə barışmışdır. Ərizəni nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs Cəmil oğlu izahatında göstərdi ki, 01 aprel 2025-ci il tarixdə saat təxminən 18.30 radələrində o Aşağı Cürəli kəndində yeni tiktiyi və yarımçıq qalmış evinin həyətində olarkən həmkəndlisi Ağayar Hüseynov küçənin digər tərəfindən ona səslənmiş, həyətyanı sahəsini çəpərə almasını, almadığı üçün mütəmadi olaraq qonşuların heyvanlarının onun həyətyanı sahəsinə girməsini demişdir. O da, çəpər çəkilməsi üçün maddi imkanının olmadığını bildirmiş, onun yerinə hər kəsin öz heyvanına nəzarət etməsini istəmişdir. O Ağayar Hüseynovla bu barədə danışarkən X3 Hüseynov evdən çıxaraq onun üzərinə gəlmiş, atası ilə mübahisə etməsini bəhanə edərək, üzərinə hücum çəkib yaxasından tutaraq onun üz nahiyəsinə yumruq zərbəsi endirmişdir. Daha sonra Zərərçəkmiş şəxs Cəmil oğlu məhkəməyə ərizə təqdim edərək göstəmişdir ki, Şəxs ilə barışmışdır. Onun barəsində artıq hər hansı şikayət və tələbi yoxdur. Ərizəni nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında 19 aprel 2025-ci il tarixli qərardan görünür ki, qəbul edilmiş qərarın surəti Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından, barəsində qeyd edilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə rayon polis şöbəsinə göndərilmişdir. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 01 may 2025 il tarixli MN seriyalı ******* nömrəli qərardaddan görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında” 01 may 2025 il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, 01 aprel 2025-ci il tarixdə, Hüseynov X5 rayonu, Aşağı Cürəli kəndində Zərərçəkmiş şəxs Cəmil oğlunu döyərək ona bədən xəsarəti yetirdiyi üçün Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 Cəlilabad rayon şöbəsinin 02 aprel 2025-ci il tarixli, 108 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Cəmil oğlunda sol ağız bucağı nahiyəsinin selikli qişasında qansızma və əzilmiş səthi yara müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 01 aprel 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. “İnzibati qaydada tutma haqqında” 01 may 2025 il tarixli AZA seriyalı 020105 nömrəli protokoldan görünür ki, Şəxs 01 may 2025-ci il tarixdə inzibati qaydada tutulmuş, həmin tarixdə də azad edilmişdir. “Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” 01 may 2025 il tarixli AZA seriyalı 008355 nömrəli protokoldan görünür ki, Şəxs üzərində heç bir qiymətli əşya və ya predmet aşkar olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 01 may 2025-cü il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs Cəmil oğlu ilə barışmışdır. Ərizəni nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Cəmil oğlu tərəfindən məhkəməyə təqdim edilmiş 01 may 2025cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır. Onun barəsində artıq hər hansı şikayət və tələbi yoxdur. Ərizəni nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati-Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın; 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır; 39.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 157 maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır, ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata zərərşəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar