Məhkəmə qərarları › İş №3(022)-415/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-415/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-415/2025 22.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X10 oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs2 iştirakı ilə, Şəxs2, xx xxxxxx 1964-cü il tarixdə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Biləsuvar rayonu Bəydili bələdiyyəsinin sədri vəzifəsində işləyən, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsində yerləşən 10 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş 17 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Biləsuvar rayonu Bəydili bələdiyyəsinin sədri Şəxs2 “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.1-ci maddəsinin tələbini pozaraq, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyətə keçirən orqana təqdim edilməli olan 27 mart 2023-cü il tarixli, 8 nömrəli iclas protokolunu qanunla müəyyən edilmiş müddət ərzində, yəni qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinə təqdim etməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin rəisi X6 məhkəməyə ərizə ilə müraciət edərək, iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə Şəxs2 inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirdi ki, o, 2000-ci ildən Biləsuvar rayonu Bəydili bələdiyyəsinin sədri vəzifəsində işləyir. 27 mart 2023-cü il tarixdə keçirilmiş iclasla bələdiyyənin mülkiyətində olan torpaq sahələri Biləsuvar rayon, Bəydili kənd sakinləri X1 və X2 mülkiyyətlərinə verilmişdir. Həmin iclas onun sədrliyi ilə və bələdiyyə üzvlərinin iştirakı ilə keçirilmişdir. Həmin bələdiyyə iclası 27 mart 2023-cü il tarixli, 8 nömrəli iclas protokolu ilə rəsmiləşdirilmişdir. Onun göstərişi ilə bələdiyyənin opreatoru həmin iclas protokolunu 27 mart 2023-cü il tarixdə “Bələdiyyələrlə iş” informasiya sisteminə yükləmişlər və bununla da bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan olan İmişli regional ədliyyə idarəsinə elektron qaydada göndərmişlər. Həmçinin həmin tarixdən 3 gün sonra, yəni 30 mart 2023-cü il tarixdə 09 nömrəli, daha sonra isə 10 və 11 nömrəli protokolu həmin sistemdə yerləşdirilmişdir. O, 2023-cü ildə “Bələdiyyələrlə iş” informasiya sisteminə ümumilikdə 20 ədəd iclas protokolunu yükləmişdir. Əgər o, 27 mart 2023-cü il tarixli, 8 nömrəli iclas protokolu həmin elektron sistemdə yerləşdirməsə idi, digər protokolları da sistemə yerləşdirməzdi. O, İmişli regional ədliyyə idarəsinə 27 mart 2023-cü il tarixli, 8 nömrəli iclas protokolun sistemə yükləndiyini bildirsə də, idarənin məsul şəxsləri ona sistemin yalnız həmin portala yerləşdirilmiş son 30 sənədi özündə saxladığını və digər aktların artıq sistemdə olmadığını ona demişlər. O hesab edir ki, “Bələdiyyələrlə iş” informasiya sisteminin yalnız həmin portala yüklənmiş cəmi 30 sənədi yadda saxlamasında onun heç bir təqsiri yoxdur, çünki o, 27 mart 2023-cü il tarixli, 8 nömrəli iclas protokolu həmin elektron sistemdə yerləşdirmişdir. Həmçinin o, bir neçə ay əvvəl də tərtib edilmiş bələdiyyə iclas protokolunu “Bələdiyyələrlə iş” informasiya sisteminə 2 saat gec yerləşdirdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Bundan başqa, ona istinad edilən inzibati xəta hadisəsi 27 mart 2023-cü il tarixdə baş vermişdir və həmin vaxtdan ahl-hazıradək 2 ildən çox müddət keçmişdir. Yəni inzibati xətalar haqqında qanunvericiliyin tələbinə görə həmin inzibati xəta hadisəsi üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Buna görə də Şəxs2 əməlində inzibati xətanın tərkibinin olmamasına və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs2 əməlində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri sübuta yetirilməsinə və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayonu Bəydili bələdiyyəsinin sədri Şəxs2 16 aprel 2025-ci il tarixli arayışının surətindən görünür ki, Biləsuvar rayonu, Bəydili kənd sakini X3 bələdiyyəyə topaq tələbi ilə bağlı ayzılı və ya şifahi qaydada müarciət etməsə də, onun əri Sabit Məmmədov əvvələr bələdiyyəyə müraciət edərək, onun mülkiyyətinə həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Sabit Məmmədovun müraciəti əsasında bələdiyyənin perspektiv inkişaf fonduna məxsus 0,10 hektar torpaq sahəsi ilə bağlı sənədləşdirmə işləri aparılmasına başlanılmışdır. Lakin həmin torpağa çıxarış verildiyi zaman torpaq sahəsinin ölçüsü 0,0995 hektar kimi göstərilmişdir. X9 həmin torpaq sahəsi üçün 1.750 manat pul ödəmişdir. Həmin dövrdə bələdiyyəyə aid 0,01 hektar torpaq sahəsinin dəyəri 175 manat olmuşdur. Bundan sonra bələdiyyə ilə Sabit Məmmədov arasında həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanılması məsələsi bələdiyyənin 27 mart 2023-c üil tarixli, 08 saylı iclasında müzakirə edilmişdir. Bundan irəli gələrək, Sabit Məmmədova məlumat verilsə də, sonuncu həmin torpaq sahəsinin ölçüsünün 0,10 hektardan az olduğuna görə müqavilə bağlamaqdan şifahi şəkildə imtina etmişdir. Həmçinin bələdiyyənin 27 mart 2023-cü il tarixli, 8 nömrəli iclas protokolunun bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (İmişli regional ədliyyə idarəsinə) göndərilib-göndərilməməsi bələdiyyəyə məlum deyil. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Biləsuvar rayonu Bəydili Bələdiyyəsinin 27 mart 2023-cü il tarixli, 8 nömrəli iclas protokolunun surətindən görünür ki, həmin protokolla bələdiyyələrin yaşayış məntəqəsinin perspektiv inkişafı üçün cəlb edilmiş torpaqlarından fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə kənd sakinləri X1 mülkiyyətinə 0,10 hektar və X2 mülkiyyətinə 0,0728 hektar ölçüdə torpaq sahələri ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Bələdiyyələrlə İş Baş İdarəsinin 22 may 2025-ci il tarixli, 3-16-9/2-32675/2025 saylı arayışından görünür ki, 01 mart 2023-cü il tarixdən 01 may 2023-cü il tarixədək müddətdə Bəydili bələdiyyəsinə aid hər hansı məlumat “Bələdiyyələrlə iş” informasiya sistemində aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə görə bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 1.9-cu bəndinə görə 48-ci maddənin birinci hissəsinin ikinci cümləsi “Bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər.” redaksiyada verilsin. Əvvəlki redaksiyada isə “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddənin birinci hissəsinin ikinci cümləsi “Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.” kimi göstərilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 5.0.2-ci maddəsinə əsasən həmin Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktların həmin Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olması və hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciətinin daxil olması inzibati nəzarət icraatının başlanması üçün əsaslardır. Həmin Qanunun 6.1.3-cü maddəsinə görə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə qəbul etdikləri aktları qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər. Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsinə görə bələdiyyə qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində onların surətinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməməsi həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır və həmin inzibati xətanın törədilməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız Azərbaycan Respublikası İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə görə həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 12 yanvar 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüququi mövqeyə görə inzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli X4 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 24 iyul 2023-cü il tarixli Qərarına əsasən inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olubolmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 24 iyul 2023-cü il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadığı halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Beləliklə, hüququn ən ali prinsiplərindən hesab edilən ədalətlilik prinsipinə görə inzibati xəta və ya cinayət əməli olub-olmamasından asılı olamayaraq, hər bir şəxsə (şübhəli şəxs, təqsirləndirilən şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs) fərdi yanaşılmalı və ədalətli məhkəmə araşdırılması təmin edilməlidir. Hər bir inzibati xəta tərkibinin vacib elementlərindən biri də inzibati xətanın törədilməsində şəxsin təqsirli olub-olmamasının müəyyən edilməsidir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs2 məhkəmə iclasında 27 mart 2023-cü il tarixli, 8 nömrəli iclas protokolunu qanunla müəyyən edilmiş müddət ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərdiyini bildirmişdir. Hazırki iş üzrə Biləsuvar rayon Bəydili bələdiyyəsi tərəfindən mübahisə predmeti olan 27 mart 2023-cü il tarixli, 8 nömrəli iclas protokolun, həqiqətən də, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilib-göndərilmədiyini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş baş idarəsinə məhkəmə tərəfindən verilmiş sorğuya cavab verən orqan Bəydili bələdiyyəsinin müvafiq sənədi həmin sistemə yerləşdirməməsinə dair konkret məlumat və ya sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi, inzbati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün həmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli Qərarına əsasən məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş 17 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* saylı protokoldan görünür ki, inzibati xəta hadisəsinin 27 mart 2023-cü il tarixdə baş verməsinə baxmayaraq, bu barədə protokol həmin vaxtdan 2 il 21 gün sonra, yəni 17 aprel 2025-ci il tarixdə tərtib edilərək, məhkəməyə göndərilmişdir. Halbuki Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İşin məhkəmə iclasında tədqiq edilməklə öyrənilmiş hallarından görünür ki, Şəxs2 barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə 17 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* saylı protokol inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra tərtib edilmiş və bununla da Şəxs2 Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə istinad edilən əməl üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qanunvericiliyin bu müddəasının mənasına görə şəxsin inzibati xəta törətməsində təqsirini sübut etmək məhz inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinin tələbinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadlanan hallarını nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törədilməsində təqsiri sübuta yetirilmədiyinə və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Biləsuvar rayon Bəydili bələdiyyəsinin sədri Şəxs2 barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 53, 105, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İnzibati xəta törədilməsində təqsiri sübuta yetirilmədiyinə və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Biləsuvar rayonu Bəydili bələdiyyəsinin sədri Şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar