Məhkəmə qərarları › İş №3(022)-417/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-417/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-417/2025 13.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1985-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, boşanmış, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(022)-154/2023 saylı icra sənədinə əsasən Şəxs 27 aprel 2010-cu il tarixdə anadan olmuş X2 və 15 fevral 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi tərəfindən 13 may 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(022)-154/2023 saylı qətnaməsi ilə borclu Şəxs 27 aprel 2010-cu il tarixdə anadan olmuş X2 və 15 fevral 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Həmin icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatları alınmışdır. Şəxs borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Belə ki, borclu izahatlarında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini maddi imkanı aşağı olduğuna görə vaxtında və tam həcmdə ödəyə bilmədiyini bildirərək, ona borcunu ödəmək üçün vaxt verilməsini xahiş etmişdir. Lakin sonradan həmin şəxs eyni xarakterli əməllərinə davam edərək, borcundan vaxtında və tam ödənişlər etməmiş və onun çağırışlarına gəlməkdən boyun qaçırmışdır. Buna görə də onun tərəfindən borclunun axtarışı barədə qərar qəbul edilmişdir. Şəxs polis əməkdaşları tərəfindən icra və probasiya qurumuna təqdim edildikdən sonra borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə göndərilmişdir. Biləsuvar rayon Məhkəməsinin 02 fevral 2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxsin barəsində 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin həmin şəxs ona tətbiq olunmuş inzibati tənbeh tədbirlərindən nəticə çıxarmayaraq, öz öhdəliklərini icra etməmişdir. Belə ki, həmin tarixdən indiyə qədər borclunun ünvanına çoxsaylı bildiriş və xəbərdarlıqlar göndərilsə də, Şəxs tələbkara olan nəinki qalıq aliment borcunu ödəməmiş, hətta aylıq aliment ödənişlərini də həyata keçirməmiş, həmçinin onun çağırışlarına da gəlməkdən boyun qaçırmışdır. Buna görə də onun tərəfindən 06 yanvar 2025-ci il tarixdə borclunun axtarışı barədə yenidən qərar qəbul edilmişdir. Şəxs 13 may 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən icra və probasiya qurumuna gətirilmiş və həmin şəxsin izahatı alınmışdır. Həmin izahatında borclu uşaqlarının onun yanında olduğunu, buna görə də aliment qismində hər ya tələbkara ödəməli olduğu pul vəsaitlərini uşaqlarının ehtiyacı üçün xərclədiyini, habelə yaxında tələbkar Zərərçəkmiş şəxs ilə barışacağını bildirmişdir. Halbuki, tələbkar Zərərçəkmiş şəxs 10 aprel 2025-ci il tarixdə ərizə ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, aliment Şəxs aliment borcunu ödəməkdən imtina etdiyini və həmin şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsi yolu ilə icra sənədinin icrasının təmin edilməsini tələb etdiyini bildirmişdir. Hazırda borclunun icra sənədi üzrə 5.871 manat məbləğində aliment borcu yaranmışdır. Bu gün Şəxs polis əməkdaşları tərəfindən tutularaq, Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə təqdim edildikdən sonra o, tələbkar Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi saxlamış və inzibati xəta haqqında protokolun tərtib edilməsi və məhkəmə iclasında iştirak etməsi barədə həmin şəxsə məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə gəlməkdən imtina edərək, Şəxs nəinki aliment borcunu ödəmədiyini, hətta alimentdən yayınmaq məqsədilə uşaqları da ondan alaraq geri qaytarmadığını bildirmiş, borclu barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Hazırda Şəxs yenə də şifahi vədlər verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Buna görə də o, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonda, İ.İ.Əzizov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, Biləsuvar rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən ondan keçmiş arvadı Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin artıq uzun müddətdir ki, əvvəlcə böyük oğlu, sonradan isə kiçik övladı onun yanına gələrək, onunla yaşayırlar. Buna görə də o, tələbkara hər ay ödməli olduğu alimenti ödəməmiş, həmin pulu uşaqlarının ehtiyacları üçün xərcləmişdir. Hazırda uşaqları onun yanında yaşayır və o, yaxın zamanda Zərərçəkmiş şəxs ilə barışacaqdır. Bununla belə, əgər ona vaxt verilərək, o, tələbkara olan aliment borcunu tam ödəyəcəkdir. Sonda, Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(022)-154/2023 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 22 fevral 2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İşdə olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 21 dekabr 2023-cü il tarixli borclunun axtarılması barədə qərarının surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası daxilində axtarış elan edilmişdir. İş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin hakiminin 02 fevral 2024-cü il tarixli, 3(022)-125/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında iş materiallarında olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 06 yanvar 2025-ci il tarixli borclunun axtarılması barədə qərarının surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası daxilində axtarış elan edilmişdir. Hesab edirəm ki, birgə nikahdan olan uşaqların hazırda onun yaşaması səbənindən aliment borcunu ödəməməsi barədə borclu Şəxs mülahizəsi həmin şəxsin məsuliyyətdən azad edilməsinə əsas hesab edilə bilməz. Çünki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə birgə nikahdan olan uşaqların anaları Zərərçəkmiş şəxs yanında qalması müəyyən edildiyi və həmin uşaqların saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə aliment tutulması qət edildiyi halda, Şəxs birtərəfli qaydada, heç bir məhkəmə qərarı və ya icra məmurlarının iştirakı olmadan uşaqları öz yanında saxlaması ehtimalına görə həmin borclunu icra sənədi üzrə hal-hazıradək toplanmış, o cümlədən birgə nikahdan olan uşaqların anaları Zərərçəkmiş şəxs yanında qaldığı dövr ərzində aliment borcunu ödəməməyə görə inzibati məsuliyyətdən azad edilməsi Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərinə zidddir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 2 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini, habelə həmin şəxsin hazırda da məhkəmə qətnaməsini icra etməməsini, habelə uzun müddət ərzində də sonuncunun icra sənədinin icrasını təmin etməməsini, habelə borclunun Biləsuvar rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(022)-154/2023 saylı icra sənədini icra etməkdən qərəzli şəkildə boyun qaçırdığına görə barəsində tətbiq edilmiş həbs növündə inzibati tənbeh tədbirini çəkdikdən sonra da eyni icra sənədini qərəzli olaraq icra etməməsini, habelə inzibati tənbeh tədbirini çəkdikdən sonra aylıq aliment öhdəliklərini də icra etmədiyini nəzərə alaraq, hesab edirəm ki, şəxsi törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə, inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 13 may 2025-ci il tarixdən, saat 11:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar