Məhkəmə qərarları › İş №3(022)-422/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-422/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-422/2024 07.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxx 1989-cu il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tədqiqata məlum olmayan mənbədən qanunsuz olaraq, 01 ədəd bükümdə təmiz çəkisi 0,79 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 23 yanvar 2024-cü il tarixdə, saat 01:10-da idarə etdiyi “VAZ 2104” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsində 100-cü kilometrliyi göstərən yol nişanın yaxınlığında hərəkətdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə aparılmış, şöbənin inzibati binasında üzərinə keçirilmiş baxış zamanı həmin narkotik narkotik vasitə qurudulmuş marixuana əynindəki şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. 23 yanvar 2024-cü il tarixdə X1 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxs şöbənin əməkdaşları tərəfindən Biləsuvar rayonu, Xırmandalı kəndində Şəxs idarə etdiyi “VAZ 2104” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüş və təxminən 5 dəqiqə sonra, həmin gün saat 01:10-da Ələt- Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsində 100-cü kilometrliyi göstərən yol nişanın yaxınlığında hərəkətdə olduğu vaxt saxlanılmış, Biləsuvar rayon polis şöbəsinə aparılmış, şöbənin inzibati binasında videoçəkiliş aparılmaqla N.H.Nəsirovun və Şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı N.H.Nəsirovun üzərindən narkotik vasitə olan heroin və Şəxs üzərindən isə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Toplanmış məlumat əsasında Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi X3 tərəfindən araşdırma aparılmış, araşdırma zamanı N.H.Nəsirov cinayət məsuliyyətinə cəlb edilmiş, Şəxs isə Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığına görə həmin şəxs barədə materiallar Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşayır, evlidir və bir uşağı var. O, rəsmi olaraq heç bir yerdə işləməsə də, anasının adına qeydə alınmış kafeni işlədir. O, narkotik vasitə istifadə etməsə də, Salyan şəhərində piyada hərəkətdə olduğu vaxt yerdən gümüşü rəngli siqaret kağızı bükümü tapmış və həmin bükülünün içərisinə baxdığı vaxt orada narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin bükümü əynindəki şalvarın sağ cibinə qoymuşdur. Bundan bir neçə gün sonra, 22 yanvar 2024-cü il tarixdə tanışı N.H.Nəsirov idarə etdiyi avtomobil vasitəsi ilə onu heyvan bazarından xırdabuynuzlu heyvan almaq məqsədilə Biləsuvar rayonuna aparmasını ondan xahiş etmişdir. O, həmin şəxslə nəqliyyat vasitəsinə 20 manat məbləğində yanacaq vurması müqabilində razılaşmışlar və yola düşmüşlər. Onlar Biləsuvar rayonunda mal-qara bazarına baxdıqdan sonra yola düşmüşlər və 23 yanvar 2024-cü il tarixdə, saat 01 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsində 100-cü kilometrliyi göstərən yol nişanın yaxınlığında hərəkətdə olduqları vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Şöbənin inzibati binasında onun üzərinə baxış keçirilmiş və o, üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra baxışın keçirilməsinə dair protokol tərtib olunmuş, onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qablaşdırılmışdır. O və digər baxış iştirakçıları protokola və qablaşdırmanın üzərinə imza etmişlər. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu və himayəsində bir uşağı olduğunu bildirərək, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İşdə olan məhkəmə-bioloji ekspertizasının 23 yanvar 2024-cü il tarixli, 18/99 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar olunmuş bükülü...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd gümüşü rəngli falqa kəsiyi bükümündə təmiz çəkisi 0,79 qram olan bitki mənşəli kütlə tərkibinda narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadir. Tədqiqata 0,02 qram sərf olunmuş, qalıq – 0,77 qram qalmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində bir uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, həmin şəxsə cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,77 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 07 may 2024-cü il tarixdən, saat 15:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 0,77 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar