Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-441/2024 31.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Biləsuvar Rayon Prokurorluğunun nümayəndəsi, Biləsuvar rayon prokurorunun böyük küməkçisi X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Biləsuvar Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar rayon prokuroru tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 13 may 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini (VÖEN: **********) təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs – həmin müəssisənin direktoru X6 (FİN:2C02LN2) tərəfindən həmin hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət etdiyi və qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirdiyi zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərini pozmaqla, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X7, X5, X11 və X8 10 oktyabr 2023-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən Rüfət Mikayılov adına Bəydili kənd tam orta məktəbində elektrik və sahə rəisi işlərinin yerinə yetirilməsinə cəlb etmiş və nəticədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin iclasında inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Biləsuvar Rayon Prokurorluğunun nümayəndəsi, Biləsuvar rayon prokurorunun böyük küməkçisi X13 bildirdi ki, X1 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 06 yanvar 2024-cü il tarixdə Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən Rüfət Mikayılov adına Bəydili kənd tam orta məktəbdə işlədiyi vaxt onu elektrik vurması barədə məlumat vermişdir. Belə ki, S.İ.Abbaszadə məktəbdə işlədiyi vaxt elektrik yuvasına qoşulmuş uzadıcının naqilini yalın əli ilə dolmağa çalışmış və nəticədə həmin şəxsi elektrik vurmuşdur. Aparılmış araşdırma nəticəsində onun tərfəindən 19 mart 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. S.İ.Abbaszadənin şikayəti üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən Rüfət Mikayılov adına Bəydili kənd tam orta məktəbdə həyata keçirilən təmir-tikinti işlərini həyata keçirən şirkətdir və həmin müəssisənin direktoru X6 məktəbdə həyata keçirilən işlərə X7, X5, X11 və X8 qanunsuz surətdə cəlb etmiş, yəni həmin şəxsləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Buna görə də Biləsuvar rayon prokuroru tərəfindən 13 may 2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 13 may 2024-cü il tarixli qərar qəbul edilmişdir. H.F.Hüseynov "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qanununa müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsə və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və məhkəməyə gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X3 06 yanvar 2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, S.İ.Abbaszadə Biləsuvar Rayon Polis Şöbəsinə 06 yanvar 2024-cü il tarixdə elektrik kimi işlədiyi Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən Rüfət Mikayılov adına Bəydili kənd tam orta məktəbində işini bitirdikdən sonra elektrik kabelini yığdığı vaxt ehtiyatsızlıqdan onu elektrik cərəyanın vurması barədə məlumat vermişdir. 08 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun surətrindən görünür ki, hadisə yeri Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən Rüfət Mikayılov adına Bəydili kənd tam orta məktəbdir. Hadisə yerinə baxış gündüz vaxtı həyata keçirilmişdir. Hadisə yeri S.İ.Abbaszadə tərəfindən təqdim edilmişdir. Baxış nəticəsində hadisə yerində iş üzrə əhəmiyyət kəsb edən əşya və ya hər hansı maddi sübut aşkar edilməmişdir. Canlı şəxsin ekspertizasının 25 yanvar 2024-cü il tarixli, 15 nömrəli rəyinin surətindən görünür ki, S.İ.Abbaszadədə sağ əlin ovuc səthində elektrik yanığı yaraları aşkar edilmişdir. Həmin xəsarətlər yüksək gərginlikli elektrik cərəyanının təsirindən törəmişdir, əmələ gəlmə müddəti qərarda qeyd edilən 06 yanvar 2024-cü il tarixə uyğun gəlir. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdir. Biləsuvar rayon prokurorunun böyük küməkçisi X4 19 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, S.İ.Abbaszadənun müraciəti əsasında aparılmışaraşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 03 may 1019-cu il tarixli Qərarı: Qeyd olunan maddələrin təhlilindən belə qənaətə gəlmək olar ki, protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, təqdim edilmiş materialların natamam olması, eləcə də işə baxılarkən tamamlamaq mümkün olmaması səbəbi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirinin sübuta yetirilməsi mümkün olmamışdır. Belə ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhz hadisə baş verən məktəbdə tikinti işlərini aparan şəxs olması, bunu əsaslandıran sübutlar, həmçinin müəssisənin səlahiyyətli nümayəndəsinin (hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi) kim olduğuna dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, Biləsuvar Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 1(022)- 77/2024 saylı hökmünə əsasən, hazırkı material üzrə hadisənin baş verdiyi ünvanda (ünvan 1d tam orta məktəbdə tikinti işlərini aparan şəxs kimi “TVM İnşaat” məhdud məsuliyyətli cəmiyyəti müəyyən edilsə də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı qeyd olunmuşdur. Belə ki, qeyd edilən məhkəmə hökmü üzrə cinayət işi materiallarına əsasən müəyyən edilmişdir ki, “TVM İnşaat” məhdud məsuliyyətli cəmiyyətinin rəsmi internet səhifəsində (http://tvmconstruction.az/?option=main) yerləşdirilmiş 02 noyabr 2016-cı il tarixli, İN/2- 2085/2016 nömrəli lisenziyasından da görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi “TVM İnşaat” məhdud məsuliyyətli cəmiyyətinə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə icazə vermişdir. Göstərilən ziddiyyətə aydınlıq gətirilməsi üçün Biləsuvar Rayon Prokurorluğu tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin iş materiallarına Biləsuvar Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə göndərilmiş sorğunun (Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən Rüfət Mikayılov adına Bəydili kənd tam orta məktəbdə həyata keçirilən tikinti işlərini icra edən şirkət barədə, podrat müqaviləsinin surəti əlavə edilməklə, məlumat verilməsi barədə) surəti əlavə edilsə də, həmin sorğuya cavab məhkəməyə təqdim edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli qərarında göstərilənlərə uyğun olaraq, baxılan iş üzrə təqdim edilmiş materialların tamamlanması məqsədilə Biləsuvar Rayon Prokurorluğunun nümayəndəsi, Biləsuvar rayon prokurorunun böyük küməkçisi X9 vaxt verilmiş, 16 may 2024-cü il tarixdə Biləsuvar Rayon Məhkəməsinə daxil olan inzibati xəta haqqında materiala baxılması 29 may 2024-cü il təyin edilmiş, prokurorun verdiyi şifahi vəsatətə əsasən, işə baxılması üçün zəruri sübutların məhkəməyə təqdim edilməsi məqsədilə məhkəmə iclası 31 may 2024-cü il tarixə təxirə salınmışdır. Lakin müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən material üzrə mövcud olan natamamlıqların aradan qaldırılması mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmçinin işə baxılarkən tamamlamaq mümkün olmadığından Biləsuvar Rayon Prokurorluğuna qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18,40, 76, 100, , 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Biləsuvar Rayon Prokurorluğuna qaytarılsın. Hakim: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-441/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-441/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver