Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-449/2025 23.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X3 məhkəmə-iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 16 yanvar 1983-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1193/2017 saylı, 10 avqust 2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay bir uşağın saxlanılması üçün 75 (yetmiş beş) manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 tərəfindən 23 may 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1193/2017 saylı, 10 avqust 2017-ci il tarixli icra sənədinə Şəxs hər ay bir uşağın saxlanılması üçün 75 (yetmiş beş) manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi 10 avqust 2017-ci-ci il tarixdə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, 21 avqust 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, borclu Şəxs həmin icra sənədinin icrasına dair bildiriş göndərilmişdir. Həmçinin, icra sənədinin icrası ilə bağlı Şəxs yaşadığı ünvana poçt vasitəsilə xəbərdarlıq məktubu göndərərək, borcunu ödəməsini tələb etmişdir. Bu günədək borclu Şəxs tələbkara 2435 manat borcu vardır. Tələbkar isə borclunun borcunu tam ödəməsini tələb edir. Şəxs ilə dəfələrlə ödəniş etməsi, eləcə də məhkəmə qətnaməsinin icra edilməməsi və nəticələri barədə söhbət aparmış, dəfərlərlə şöbəyə dəvət etmişdir. Borclu borcunu hissə-hissə ödəməyi təklif etmiş, lakin tələbkar razı olmamışdır. Sonda, İ.İ.Əzizov Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, fərdi əməklə məşğuldur, hal-hazırda işsizdir. 15 iyun tarixədək 400 manat, daha sonra isə hər ay 200 manat borcundan ödəyə biləcəkdir. Borcu olduğunu inkar etmir. Sonda barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1193/2017 saylı, 10 avqust 2017-ci il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən 21 avqust 2017-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borcluya bildiriş ünvanlanmışdır. “Borclunun axtarılması barədə” qərardan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası daxilində axtarış elan olunmuşdur. Biləsuvar Rayon Polis Şöbəsinin 18 avqust 2023-cü il tarixli tarixli, 3-1369/23 nömrəli Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı məktubdan görünür ki, Şəxs barəsində 690578 nömrəli axtarış işi açılmışdır. “İnzibati xəta haqqında” 23 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Mirzəyev X1 Rayon Məhkəməsinin 2(022)-1193/2017 saylı, 10 avqust 2017-ci il tarixli icra sənədini icra etmədiyi üçün hazırda 2435 manat məbləğində borcu yaranmış və bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Qərarları: “Hornsbi Yunanıstana qarşı” işdə qeyd etmişdir ki, “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından və icra sənədindən xəbərdar olmuş, icra sənədinin icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs törətdiyi əməldən peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə Şəxs məsuliyyətini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini, habelə həmin şəxsin hazırda da məhkəmə qətnaməsini tam icra etməməsini, habelə dörd ay ərzində də sonuncunun icra sənədinin icrasını təmin etməməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə, inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Əksinə Şəxs inzibati cərimə növündə inzibati tənbehin tətbiq olunması onsuzda öhdəliklərini yerinə yetirə bilməyən şəxsə əlavə məsuliyyət müəyyən etməklə icra sənədinin icrasını daha da çətinləşdirəcək vəziyyətə gətirilməsinə səbəb olacaqdır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114,115,117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 23 may 2025-ci il tarixdən, saat 16:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-449/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-449/2025
23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver